Arayik Harutunyan digər təqsirləndirilənlərdən fərqli olaraq ev dustaqlığına buraxılmasını istəmədi

Yanvarın 21-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə hazırlıq iclası davam etdirilib.

Olaylar xəbər verir ki, budəfəki məhkəmə prosesində müdafiə tərəfinin vəsatətlərinə baxılıb.

Təqsirləndirilən şəxslərin əksəriyyətinin vəkilləri müdafiə etdikləri şəxslərin barəsində həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş ediblər.

Dövlət ittihamını müdafiə edən prokuror vəsatətlərə münasibət bildirərək təqsirləndirilənlərin şəxsiyyətinin, onların ittiham olunduqları əməllərin ağırlığının və xarakterinin, habelə həbsin ev dustaqlığı ilə əvəz olunmasının obyektiv məhkəmə baxışının aparılmasına mane olacağını nəzərə alaraq, qətimkan tədbirinin dəyişdirilmədən saxlanmasını və vəsatətin təmin olunmamasını xahiş edib.

Daha sonra zərərçəkmiş şəxslərin nümayəndələri və zərərçəkmiş şəxslər, o cümlədən Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edərək vəsatətlərə təmin olunmamasını və təqsirləndirilən şəxslərin həbsdə qalmasını xahiş ediblər.

Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərin hər birinə vəsatətlərə münasibət bildirmək üçün söz verib.

Təqsirləndirilən şəxs Arayik Harutyunyan digər təqsirləndirilənlərdən fərqli olaraq ev dustaqlığına buraxılması barədə vəkili və ya özü tərəfindən vəsatət verilmədiyini, eləcə də səhhəti ilə bağlı şikayətinin olmamasını qeyd edib: "Sağlamlıqla bağlı problem olduqda təcridxanada həll olunur. Ümumiyyətlə, digər təqsirləndirilən şəxslərdən sağlamlıqları ilə bağlı şikayət eşitməmişəm".

İttiham olunanlar Arkadi Qukasyan, Bako Sahakyan, Melikset Paşayan, Davit Allahverdiyan vəsatətlərin təmin olunaraq ev dustaqlığına buraxılmalarını xahiş edib.

Digər təqsirləndirilən şəxslər vəsatətin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxıb.

Məhkəmənin növbəti iclası yanvarın 27-də keçiriləcək və həmin prosesdə vəsatətlərlə bağlı qərarlar elan olunacaq.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31