"Həmyerlimiz meymunçiçəyinin Qərbi Afrika ştammına yoluxub, ölüm halı... - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk dəfə meymunçiçəyi virusuna yoluxma halı qeydə alınıb. Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatına görə, 22 yaşlı Azərbaycan vətəndaşı bu il yanvarın əvvəlində xarici ölkəyə səfər edib və qayıdandan sonra onda halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları müşahidə olunub. 

Bu virus hansı problemlərə səbəb ola bilər?

Bununla bağlı Sfera.az-a açıqlama verən professor, tibb elmləri doktoru Musa Qəniyev deyib ki, insanlar bu infeksiyanın kütləviləşərək epidemik hala keçməsindən qorxurlar. Onun sözlərinə görə, müqayisəli elmi təhlil belə bir halın baş vermə ehtimalını inkar edir:

"Çünki bu hal yalnız virusun genomunda kəskin aqressivliyə səbəb olan mutatik dəyişikliyin baş verməsi halında mümkün ola bilər. Qeydiyyata alındığı tarixdən keçən son 56 ildə, meymunçiçəyi virusunun insanlardan 26 il fasilə ilə alınmış ştammlarının genom quruluşunun müqayisəli tədqiqi, nuklein ardıcıllığında, aqressivliyə səbəb olan struktur dəyişikliyinin baş vermədiyini, yalnız nuklein zəncirinin bəzi lokal sahələrində virusun potensial fəallığının sönməsinin təsdiqi olan nöqtə mutasiyasının baş verdiyini sübut edir. Məlumdur ki, bu virusun iki - Qərbi və Mərkəzi Afrika ştammı var.  Virulentliklərində nisbi fərqlilik olsa da, bunlar eyni-identik ştammlar hesab olunur. Mərkəzi Afrika ştammı ilə müqayisədə, Qərbi Afrika ştammına tutulanların sayı az, ölüm halı isə ümumiyyətlə, qeydə alınmayıb. Rəsmi mənbənin söylədiyi klinik əlamətlərin etibarlığı halında, həmyerlimiz Qərbi Afrika ştammına yoluxub və o, tezliklə sağalacaq".

Professor bildirdi ki, şəxsin hospitalizasiya olunana qədər yaxın ətrafı ilə taktil ünsiyyət səbəbindən yoluxma sayının artma ehtimalı inkar oluna bilməz:

"Lakin meymunçiçəyi virusunun ölkəmizdə kütləvi şəkildə yayılması mümkün deyil. Yəni bu ehtimal sıfır faizdir. Odur ki, stressə düşməyə, gərginliyə, ümidsizliyə qapılmağa heç bir əsas yoxdur. Sadəcə olaraq, dəfələrlə söylədiyim kimi iyrənc ünsiyyət və görüş formasından əl çəkib, normal həyatımızı yaşamalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31