Bu kərə yağları marketlərdən yığışdırılır - Zərərli bakteriya aşkarlanıb

Məşhur "Croc du Merle" marka kərə yağı məhsullarında listeriya bakteriyasının aşkarlanması səbəbindən geri çağırılma qərarı verilib.

Milli.Az xəbər verir ki, Fransada satışa çıxarılan kərə yağlarını alan şəxslərə məhsulu qətiyyən istehlak etməmələri barədə xəbərdarlıq edilib.

Fransanın Rappel Conso platforması vasitəsilə yayımlanan açıqlamaya əsasən, 7-10 yanvar 2025 tarixləri arasında satışa çıxarılan və son istifadə tarixi 06/02/2025 olan məhsullar sağlamlıq riski daşıdığı üçün dərhal geri qaytarılmalıdır.

Məhsulu alan müştərilərdən onu istehlak etməmələri və aldıqları mağazaya təcili olaraq qaytarmaları xahiş olunub.

Listeriya bakteriyası nədir?

Listeriya bakteriyası "Listeria monocytogenes" adlanan mikroorqanizmdir və insanlarda ciddi qida zəhərlənməsinə səbəb ola bilər. Bu bakteriya adətən çiy və ya kifayət qədər emal edilməmiş qidalarda, xüsusilə süd məhsulları, ət məhsulları, balıq və tərəvəzlərdə yayılır. Listeriya soyuq temperaturlarda da çoxalma qabiliyyətinə malik olduğundan, soyudulmuş qidalar belə təhlükə yarada bilər.

Listeriyanın səbəb olduğu xəstəlik:

Listeriya bakteriyası ilə yoluxma nəticəsində listerioz adlanan infeksiya yaranır. Bu xəstəlik xüsusilə risk qrupu olan insanlarda - hamilə qadınlarda, yaşlılarda, immuniteti zəif olan şəxslərdə və körpələrdə daha təhlükəli ola bilər. Əsas əlamətləri bunlardır:

Qızdırma və titrəmə
Bulantı və qusma
Əzələ ağrıları
Baş ağrısı və boyun sərtliyi (meningit hallarında)

Qarşısının alınması yolları:

Çiy məhsulları yaxşıca yumaq və emal etmək
Qidaları düzgün temperaturda bişirmək və saxlamaq
Pasterizə edilmiş süd məhsullarına üstünlük vermək
Risk qrupundakı şəxslərin yüksək riskli qidalardan (yumşaq pendirlər, çiy ət, çiy balıq) uzaq durması

Listeriya bakteriyası ciddi nəticələrə səbəb ola biləcəyindən, bu infeksiyaya qarşı diqqətli olmaq vacibdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31