Dəb, fərdilik, yoxsa özünü məhv etmək?
17 Yanvar 2025 20:00 SosialSon illərdə pirsinq, tatu və digər bədən modifikasiyaları böyük populyarlıq qazanıb. Bir zamanlar cəmiyyətin müəyyən bir təbəqəsinə aid hesab edilən bu tendensiyalar artıq geniş yayılmış fenomenə çevrilib. İnsanlar bunları özlərini ifadə vasitəsi kimi görsələr də, əslində, bu dəbin nə qədər fərdi seçim olduğu mübahisəlidir. Sosial medianın, məşhurların və brendlərin təsiri ilə insanlar öz bədənlərində daimi dəyişikliklər etməyə sövq edilirlər. Burada artıq söhbət təkcə estetik seçimlərdən yox, həm də sosial təsirdən gedir. Bir vaxtlar pirsinq və tatu qəribə qarşılanırdısa, indi əksinə, cəmiyyətin yeni gözləntilərinə uyğunlaşmaq üçün insanlar bu cür dəyişikliklərə daha açıqdırlar. Bu, artıq bir qisim kütlədə bir növ "dəbin tələbi" kimi qəbul edilir.
.jpg)
Gənclər niyə bədənlərini deşdirməyə və pirsinqə üz tuturlar? Bu, fərdilik axtarışıdır, yoxsa sosial təsirin nəticəsi? Bu sualları sosioloq Lalə Mehralıya ünvanladıq:
-Bu, yəqin ki fərdin düşüncə və həyat tərzindən qaynaqlanan vəziyyətdir. Çünki bunu özünə imic kimi tətbiq edən insanlar var. Hətta geyim və s. ilə yanaşı davranış və danışığını da bu imicə uyğunlaşdırmağa çalışır. Pirsinq də bunlardan biridir: göbəyinə, qaşına, burnuna, dilinə, mümkün olan hər yerə müdaxilə etməklə öz bədəni üzərində hakimiyyət qurduğunu iddia edir. Bəzi gənclər isə bunu etiraz əlaməti olaraq edir. Azyaşlıykən həvəsi olub, valideynləri tərəfindən təsdiq almadıqda yetkinlik yaşına çatdıqdan sonra bir yox, hətta bir neçə yerinə müdaxilələr edir. Bunla da sübut etməyə çalışır ki, öz bədəni üzərində söz haqqı yalnız onun özünə aiddir. Valideynlərinə bir növ, özünün şəxsiyyət olaraq formalaşdığını və söz haqqının yalnız özünə aid olduğunu sübut etməyə çalışır. Bəzən isə çevrədən seçilməmək, "geri qalmamaq" üçün təsirə düşürlər. Fərqli səbəblər olsa da, nəticəsi bədənə müdaxilədir. Doğrudur, adətlərimiz arasında qız uşaqlarının qulağının deşdirilməsi adəti də var. Ancaq bunlar kişilər üçün nəzərdə tutulmayıb. Gənc oğlanlarda bu cür müdaxilələr gördükdə insanlar təbii olaraq təəccüblə qarşılayır. Sağlamlıqlarına ziyan vurmamaq şərti ilə etməkləri mümkündür, gəncdirlər. Ancaq hepatitlərin yayılması da tatu və pirsinq vasitəsilə baş verir. Bir az da risklər barədə düşünsələr, yaxşı olar. Xəstəliyi qazandıqdan sonra əldə etdikləri və itirdikləri arasında tərəzi yaratsınlar.
Bununla belə, bədən modifikasiyalarının yalnız vizual tərəfinə diqqət yetirmək düzgün olmazdı. Çünki bu proseslərin sağlamlıq və psixoloji təsirləri heç də az əhəmiyyət daşımır. Pirsinq və tatu müəyyən təhlükələr yarada bilər, xüsusilə də qeyri-peşəkar yerlərdə və ya sanitar normalara əməl olunmadan edildikdə. Xüsusilə pirsinqin burun, dil, qaş kimi həssas nahiyələrdə edilməsi təhlükəni daha da artırır. Ağız boşluğunda aparılan pirsinq prosedurları diş və damaq problemlərinə, hətta infeksiyaların qan dövranına keçməsinə səbəb ola bilər. Tatu məsələsində isə əsas risklərdən biri bədənə yeridilən boyaların tərkibi ilə bağlıdır. Bir çox hallarda bu boyaların kimyəvi tərkibi qeyri-müəyyən olur və dərialtı qatlarda uzunmüddətli təsirlərə səbəb ola bilər.

İnfeksiya riski ilə bağlı həkim infeksionist Sadiqə Əliyevanın fikirlərini aldıq:
-Pirsinqlərin istifadəsi zamanı infeksialaşma riski vardır. Pirsinqləri taxan şəxsin əlləri təmiz olmalı, steril alətlərdən istifadə etməlidir ki, infeksiya riskinin qarşısı alınsın. Pirsinqlər qeyri-streril alətlərdən istifadə olunduğu zaman infeksialaşma riski artır. Həmin nahiyədə qızarıqlıq, iltihab, deşik açılan yerdən sarı, yaşılımtıl ifrazatın gəlməsi kimi hallar müşahidə olunur. Bu səbəbdən maksimum sterillik tələb olunur. Bəzən pirsinqlərin öz materialları da şəxslərə alergiya verə bilir və şişkinlik, qızarıqlıq meydana gəlir. Taxılması zamanı isə yaxşı olar ki, tapançalardan deyil, steril iynələrdən istifadə olunsun. Bir alət bir neçə insan üçün nəzərdə tutulursa, bu da infeksiyanın yoluxma yolu sayılır. Virus hepatitləri, HİV və s. qeyri-steril alətlərdən istifadə ilə xəstə bir insandan sağlam şəxsə ötürülə bilir.
Təkcə fiziki təsirlər yox, psixoloji nəticələr də nəzərə alınmalıdır. Çox vaxt insanlar gənc yaşlarında, müəyyən emosional hallar təsirində tatu və ya pirsinq etdirməyə qərar verirlər. Lakin zaman keçdikcə bu dəyişikliklərin onlar üçün problem yaratdığını anlayırlar. Bir çox hallarda peşmanlıq hissi yaranır və tatu silmək kimi bahalı və ağrılı prosedurlara ehtiyac duyulur. Psixoloji aspektlər də özünü göstərir. İnsanlar müəyyən yaş dövründə bir görüntünü bəyənə bilərlər, lakin illər keçdikcə bu seçimin onlar üçün nə qədər uyğun olub-olmadığını sorğulamağa başlayırlar. Bu halda tatu silmə proseduru gündəmə gəlir, lakin bu proses həm maddi baxımdan baha başa gəlir, həm də lazerlə silinən tatular dəridə çapıq buraxa bilər.
Bütün bunlar göstərir ki, pirsinq və tatu qərarı vermədən əvvəl geniş düşünmək lazımdır. Bu cür modifikasiyalar sadəcə vizual dəyişikliklər deyil, eyni zamanda sağlamlığa və həyat tərzinə təsir edə biləcək ciddi müdaxilələrdir. Dəb zamanla dəyişir, amma insanın bədəni daimi qalır. Gənclər bəzən bu dəyişikliklərin uzunmüddətli nəticələrini tam dərk etmədən qərar verir, lakin gələcəkdə bu qərarın peşmançılıq doğurması ehtimalı yüksəkdir. Buna görə də, istənilən bədən modifikasiyasına addım atmadan əvvəl onun sağlamlığa, psixoloji vəziyyətə və sosial həyata təsirləri barədə ciddi şəkildə düşünmək lazımdır.
Zeynəb Rzayeva