Vətəndaş cəmiyyətində insan faktoru çox mühüm amildir
17 Yanvar 2025 14:33 Sosialİstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Lakin bu dövlət quruculuğu prosesi heç də sadə olmamışdır. Ölkəmizdə sözün əsl mənasında demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılması insanların hüquq və azadlıqlarını qorumağa, azad, müstəqil ədalət mühakiməsinin bərqərar edilməsinə yönəlmiş məhkəmə-hüquq islahatlarının həyata keçirilməsini təmin etməkdir.
"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri Zaur İbrahimli də bildirir ki, Azərbaycan vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğunda fəal iştirak edib:
"İlk növbədə bəzi istiqamətləri qeyd edə bilərik. Əsas istiqamət insan hüquq, azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaş cəmiyyəti, əhalinin həssas qruplarının müdafiəsi, eyni zamanda cəzaçəkmə müəssisələrində, o cümlədən, saxlama yerlərində mütəmadi monitorinqlər aparmaqla məhkumların və azadlığı məhdudlaşdırılmış şəxslərin hüquqlarının qorunmasında ciddi rol oynayır. Bununla əlaqədar monitorinqlər həm saxlanma şəraitinin yaxşılaşdırılması, həm məhkumların hüquq və azadlarının qorunması işinin daha səmərəli aparılmasına töhfə verir və eyni zamanda, ictimaiyyəti mütəmadi olaraq bu məsələlər barədə məlumat almağa imkan verir.
Növbəti istiqamət ədalət mühakiməsinə çıxışın asanlaşdırılması və əlçatan olmasıdır. Bununla bağlı Azərbaycan vətəndaş cəmiyyəti həm geniş maarifçilik aparır, xüsusən Azərbaycan məhkəmə sisteminin səmərəliliyinin artırılması ilə bağlı yeniliklər barədə ictimaiyyəti və geniş auditoriyanı məlumatlandırır, xüsusən məhkəmələrdə rəqəmsallaşmanın verdiyi üstünlüklər barədə əhalini məlumatlandırır və bu imkanlardan daha çox adamın yararlanmasını təşviq edir.
İkincisi, məhkəmə monitorinqi həyata keçirilir və vətəndaş cəmiyyəti institutları, qeyri -hökumət təşkilatları ədalət məhkəməsi sisteminin daha yaxşı işləməsi üçün öz töhfələrini verirlər. Ən vacib komponent isə əhalinin hüquqi maarifləndirilməsidir. Azərbaycan qeyri- hökumət təşkilatları əsasən insan hüquq və azadlıqlarının qorunmasının mövcud hüquqi mexanizmlər vasitələri, o cümlədən ombudsman təsisatı barədə vətəndaşları daim məlumatlandırırlar və bu istiqamətdə faktiki olaraq əsas maarifçilik funksiyasını qeyri- hökumət təşkilatları həyata keçirirlər.
Növbəti ən vacib istiqamətlərdən biri əhaliyə ödənişsiz hüquqi yardımın göstərilməsidir, xüsusilə əhalinin həssas təbəqəsində, qadınlara, aztəminatlı ailələrə ödənişsiz hüquqi yardımın təşkilidir. Bununla bağlı Azərbaycan Vəkillər Kollegiyası da son illər geniş fəaliyyət göstərir və bu istiqamətdə vətəndaş cəmiyyəti institutları ilə birgə ödənişsiz hüquqi yardımın əhatə dairəsi əhəmiyyətli şəkildə genişlənib və ödənişsiz hüquqi yardıma çıxış imkanları daha da yaxşılaşdırılıb. Bu da olduqca mühümdür, çünki məhz ödənişsiz hüquqi yardım vətəndaşlara ədalət mühakiməsinə çıxışı təmin edir, onların hüquq və azadlıqlarının qorunmasını şərtləndirir və eyni zamanda, vətəndaşlar özləri həm də bu prosesdə maariflənirlər, öz əsas hüquq və azadlıqları barədə məlumatlar əldə edirlər.
Hüquqi dövlətin ən vacib prinsiplərindən biri ictimai maraqlarla fərdlərin maraqları arasında effektiv tarazlıq yaratmaqdır və ictimai maraqların səmərəli müdafiəsi mexanizminin yaradılmasıdır. Azərbaycanda bu istiqamətdə qeyri -hökumət təşkilatları əsas missiyanı həyata keçirirlər, aktual məsələlərlə bağlı ictimai maraqların qurulması üçün qeyri- hökumət təşkilatları təşəbbüslərlə çıxış edirlər. Bununla əlaqədar çətinlikləri, problemləri hesabatlarla, monitorinqlərlə, o cümlədən, mətbuatda çıxışlarla aktuallaşdırırlar, ictimai vəkillik fəaliyyəti həyata keçirirlər və xüsusən son illər bu qeyri hökumət təşkilatları daha aktivdirlər.
Vətəndaş cəmiyyəti institutları ictimai maraqların qorunması və ictimai vəkillik fəaliyyətləri çərçivəsində əhalinin həssas qruplarının sosial vəziyyətinin yaxşılaşdırılması, onların sosial hüquqlarının qorunması, onların sosial hüquqlarının qorunması ilə bağlı beynəlxalq öhdəliyə riayət edilməsi, bu sahədə mövcud problemlərin aşkarlanması və həlli ilə bağlı miqyaslı işlər görürlər. Onların səyləri nəticəsində bu sahədə xeyli dərəcədə yeniliklər edilib və bu yeniliklər həm sosial hüquqlarının əhatə dairəsini genişləndirib, həm də sosial xidmətlərin əlçatanlığını gücləndirib, genişləndirib.
Eyni zamanda, Azərbaycan qeyri -hökumət təşkilatları vətəndaşların müraciət hüququndan yararlanması ilə əlaqədar də geniş fəaliyyət göstərirlər. Bu istiqamətdə geniş maarifçilik fəaliyyəti həyata keçirilir və bu da vətəndaşlara öz təklifləri və yaxud şikayətləri ilə dövlət orqanlarına müraciət etməyi öyrədirlər, bununla bağlı zəruri hüquqi prosedurları izah edirlər və bunun da nəticəsində vətəndaşların problemləri həllini tapır və vətəndaşların dolayısı ilə dövlət idarəetməsində iştirakı təşviq olunur və genişlənir.
Eyni zamanda, qeyri -hökumət təşkilatları normal hüquqi aktları vaxtaşırı ictimai hüquqi ekspertizadan keçirirlər. Qəbul olunan hökumət qərarlarının və o cümlədən qanunların praktikada tətbiqi ilə bağlı problemlərin aşkarlanmasında vacib missiya yerinə yetirirlər. Mətbuatı kiçik monitorinq etsək görərik ki, bu istiqamətdə əsas yük elə qeyri -hökumət təşkilatlarının üzərinə düşür. Onlar gündəlik olaraq insanlarla təmasdadırlar, bilavasitə cəmiyyətin müxtəlif təbəqələri ilə işləyir və daha yaxşı görürlər ki, hansı qərarlar işləyir, hansı qərarlar işlək deyil, praktiki tətbiq ilə bağlı hansı çətinliklər var və bunlar qeyri- hökumət təşkilatlarının təkliflərinin hesabatlarında və daha çox isə mətbuata açıqlamalarında öz əksini tapır və bununla da hökumət və dövlət orqanları ilə əhali arasında effektiv əks əlaqənin təmin olunmasına böyük töhfə verirlər. Ümumilikdə isə bu geniş miqyasda əhalinin, vətəndaşların hüquq və azadlığının qorunması işinə töhfə verir.
Əlbəttə, vətəndaş cəmiyyəti daha çox könüllüyə əsaslanır, insanların könüllü ictimai təşəbbüsləri vətəndaş cəmiyyəti fəlsəfəsinin ən təməl prinsipidir. Bu baxımdan, vətəndaş cəmiyyətində insan faktoru çox mühüm amildir. Doğrudan da, ictimai maraqların keşiyində durmaq, çox vaxt təmənnasız, fiziki və intellektual əməl yerinə yetirmək asan deyil. Bu işləri həyata keçirmək üçün insan hüquq və azadlıqlarına, ali humanist dəyərlərə böyük sədaqət tələb olunur.
Vəətəndaş cəmiyyətinə qoşulmaq istəyənlər və vətəndaş cəmiyyətinə gəlmək istəyənlər unutmamalıdırlar ki, bu gərgin əmək, yüksək ideallara sadiqlik və ən vacibi, yüksək intellektual və mənəvi keyfiyyətlər və ən vacibi ali dəyərlərə hörmət tələb edir və bunu nəzərə almalıdırlar".
Röyalə Xəyal
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.