Meşə yanğınları: Təbii fəlakətlərin ağır nəticələri

Son dövrlərdə baş verən meşə yanğınları dünyanın müxtəlif bölgələrində ciddi fəsadlar törədib. Xüsusilə Los - Anceles ətrafında tüğyan edən yanğınlar qlobal diqqət mərkəzindədir. Bu yanğınlar təkcə ABŞ-də deyil, dünyanın digər ölkələrində də ekoloji təhlükələr barədə narahatlığı artırıb. Yanğınlar nəticəsində minlərlə hektar meşə örtüyü məhv olub, minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Los-Ancelesdəki son meşə yanğınları həm genişlənmə sürəti, həm də davamlılığı ilə fərqlənir. Mütəxəssislərin qiymətləndirməsinə görə, yanğınlar nəticəsində atmosferə buraxılan tüstü və zəhərli qazlar iqlim dəyişikliyini daha da sürətləndirir. Eyni zamanda, bu yanğınlar heyvanların və bitki örtüyünün məhv olması ilə ekosistemə ciddi ziyan vurur.

Bu fəlakətlərin qarşısını almaq çətin olsa da, əvvəlcədən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və maarifləndirmə işlərinin aparılması vacibdir. 

Meşə yanğınlarının törətdiyi fəsadlar uzun illər öz təsirini saxlayır. Yanmış meşələrin bərpa olunması üçün on illərlə vaxt və  vəsait  lazım gəlir. Təbiət qarşısında məsuliyyətli davranmaq, riskləri vaxtında dəyərləndirmək və təbii sərvətləri qorumaq hər bir cəmiyyətin borcudur.

Məsələ ilə bağlı ekoloji məsələlər üzrə ekspert Ənvər Əliyevin fikirlərini aldıq:

-Məsələ belədir ki, meşə yanğınlarının baş verməsi birbaşa iqlim dəyişiklikləri ilə əlaqəli deyil. İqlim dəyişikliyinin təsiri daha çox quraqlıq şəraitinin yaranması ilə özünü göstərir ki, bu da yanğınların başlanmasına və onların davamiyyətinə şərait yaradır. Lakin meşə yanğınlarının əsas təsiri ekosistemə və xüsusilə torpaq örtüyünə ciddi ziyan vurmaqdır.

Birinci növbədə yanğın zamanı torpağın üst qatındakı ekosistem tamamilə dəyişir. Ən vacib məsələ isə odur ki, torpağın alt qatına qədər istilik nüfuz edir və burada yaşayan mikroorqanizmlər məhv olur. Torpağı məhsuldar edən və çürüntü prosesini təmin edən bu mikroorqanizmlərin məhv olması torpaq qatının uzun illər ərzində bərpa olunmasına mane olur.

Bəzən görürsünüz ki, elə torpaqlar var ki, yanğından sonra uzun müddət ərzində özünü bərpa edə bilmir. Çünki torpağın yenidən canlanması üçün lazım olan mikroorqanizmlər tamamilə yox olur. Külli miqdarda meşə yanğınları nəticəsində meşə zonası sıradan çıxır. Hətta tarixdə müharibələr zamanı meşələri yandırmaq və ekosistemi məhv etmək cəza metodu kimi istifadə olunurdu.

Yanğınların qarşısını almaq üçün ən effektiv vasitələrdən biri antropogen (insan fəaliyyəti nəticəsində yaranan) təsirləri minimuma endirməkdir. Bu prosesdə texniki vasitələrdən istifadə mühüm rol oynayır. Yanğınların qarşısını almaq üçün aşağıdakı tədbirlər görülməlidir:

Meşə ərazilərində ocaqların qalanmasına ciddi nəzarət olunmalıdır.
Yerə şüşə qırıntılarının atılmasının qarşısı alınmalıdır. Şüşə parçaları günəş şüalarını cəmləşdirərək yanğınlara səbəb ola bilər.
Bəzən ildırım vurması nəticəsində meşədə tökülən yarpaq və kök qırıntıları alovlana bilər. Bu halların da qarşısını almaq üçün xüsusi tədbirlər görülməlidir.

Azərbaycanda meşə yanğınlarının ən çox baş verdiyi ərazilər Şimal-Şərq yamacında - Quba, Xaçmaz, həmçinin Şəki-Zaqatala zonasında müşahidə edilir. Bu ərazilərdə yay aylarında, xüsusilə avqust ayında yağıntıların azalması və quraqlığın çoxalması yanğın təhlükəsini artırır.

Eyni zamanda, bu bölgələrin meşələrində döşənək qatı çox olduğu üçün yanğın riski daha yüksəkdir. Meşə döşənəyi əsasən yarpaq qırıntıları, quru çöp və otlardan ibarətdir. Bu materiallar tez alışır və yanğının sürətlə yayılmasına səbəb olur.

Yanğın təhlükəsinin ən yüksək olduğu aylar iyun, iyul və avqustdur. Bu dövrlərdə turistlərin, vətəndaşların və meşə ərazilərində çalışanların ehtiyatlı olmaları vacibdir. Meşə yanğınlarının qarşısının alınması üçün maarifləndirmə işləri əsasən meşə işçilərinin üzərinə düşür. Onlar hər bir vətəndaşın təhlükəsizlik qaydalarına riayət etməsini təmin etməlidirlər.

Ekstremal vəziyyətlərdə yanğınların qarşısını almaq üçün həm profilaktik tədbirlərə, həm də texniki vasitələrə ehtiyac vardır. Bu tədbirlər həyata keçirilmədikdə, ekosistemin uzunmüddətli zədələnməsi qaçılmaz olur.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31