24 nəfərin nəşi tibbi ekspertizadan keçiriləcək

Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olan vətəndaşlarımızın nəşi müayinə olunacaq.

Bunu bu gün Aktau yaxınlığında qəzada həlak olan ekipaj üzvlərinin və 21 sərnişinin nəşləri Bakıya gətiriləndən sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin direktoru Ədalət Həsənov deyib.

"Vəfat etmiş şəxslərin nəşi xüsusi ayrılmış avtomobillərlə Birliyin şöbələrinə aparılacaq. Bunun üçün 3 şöbə ayrılıb. Şərifzadə küçəsində Patoloji Anatomiya Bürosu, Sabunçu rayonu şöbəsi və Nəsimi rayonu şöbəsi. Morqlarda vəfat etmiş şəxslər müayinə olunacaq, məhkəmə-tibbi ekspertiza aparılacaq, sonra ekspertiza rəyi tərtib edilərək Baş Prokurorluğun İstintaq İdarəsinə təhvil veriləcək", - o bildirib.

Xatırladaq ki, bu gün "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşlərini Bakıya gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31