Saxta spirtli içkilərin fəsadları: necə qorunmaq lazımdır?
20 Dekabr 20:30 SosialQarşıdan Yeni İl bayramı gəlir. Hər bayramda olduğu kimi, bu bayramda da insanlar yeni il süfrəsini təmtəraqlı etmək üçün çoxsaylı yeməklər hazırlayır, bayramdan sonrakı günlərdə də həmin qidalardan bir müddət istifadə edir. Bayram süfrələrinin vazkeçilməz məhsullarından biri də, alkoqollu içkilərdir.
İnsanların sağlamlığına mənfi təsir göstərən içkilər arasında spirtli içkilər birinci yerdədir. Müəyyən miqdarda spirt istehlakı müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Lakin alkoqol asılılığına da səbəb olan spirtli içkilərin həddindən artıq istehlakı daha təhlükəli nəticələrə səbəb ola bilər. Alkoqollu içkilərin, habelə saxta içkilərin həddindən artıq istehlakı zəhərlənməyə səbəb ola bilər.
Alkoqol orqanizmin mərkəzi sinir sisteminə ziyan vurur. Bu vəziyyət insanın beyin funksiyalarına da çox təsir edir. Alkoqol zəhərlənməsi yüngül şəkildə baş verə bilər və ya orta və çox ağır ola bilər.
Qida zəhərlənməsindən daha təhlükəli nəticələrə səbəb olan alkoqol zəhərlənməsi insanın sağlamlığına olduqca ciddi mənfi təsir göstərir. Zəhərlənmə halları adətən həddindən artıq istifadədən yaranır.
Təsadüfi deyil ki, bayram günlərində, ondan sonrakı günlərdə qida və alkoqol zəhərlənməsi ilə bağlı müraciətlərin sayında da artım olur. Alkoqol zəhərlənmələrinin də başlıca səbəbi saxta spirtli içkilərdən istifadədir.
Bəs alkoqol zəhərlənməsi nədir, əlamətləri hansılardır? Bu zəhərlənmə necə müalicə olunur? Ümumiyyətlə, saxta spirtli içkilər haqqında nələri bilməyimiz vacibdir?
Alkoqol zəhərlənməsi bir insanın həddindən artıq miqdarda alkoqol qəbul etməsi nəticəsində dərhal müdaxilə tələb edən ciddi bir vəziyyət hesab olunur. Alkoqol zəhərlənməsi tənəffüs problemi, huşunu itirmə və qusma kimi simptomlara səbəb ola bilər. Bu simptomlar baş verərsə, təcili müdaxilə tələb olunur. Qanda həddindən artıq spirt olması beynin bəzi hissələrinə təsir etməyə başlaya bilər ki, bu da insanın ümumi sağlamlığına təsir göstərir.
Dr. professor Elnarə Bağırzadə bildirir ki, spirtli içkilərin həddindən artıq istehlakı nəticəsində beyin funksiyalarının ləngiməsi səbəbindən meydana gələn vəziyyət spirtli içki zəhərlənməsi olaraq təyin olunur:
"Bəzi həyati funksiyalara təsir edən alkoqol zəhərlənməsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Qısa müddətdə spirtin həddindən artıq dozası nəticəsində zəhərlənmə əlamətləri tez baş verə bilər. Bundan əlavə, uzun müddət spirtli içki qəbulu nəticəsində yaranan zəhərlənmə prosesi uzun müddətə yayıla və zamanla bir sıra əlamətlərə səbəb ola bilər.
Spirtli içkilərin həddindən artıq istehlakının tənəffüs sistemində, ürəkdə və bədənin digər mühüm funksiyalarında beyin və sinir sisteminə təsir edərək yaranan ləngimələrə və zədələnmələrə spirt zəhərlənməsi deyilir. Qaraciyər spirt zəhərlənməsindən təsirlənən əsas orqanlardan biridir. Alkoqol zəhərlənməsi insanın yaşına, cinsinə, maddələr mübadiləsinə, qidalanmasına və sağlamlıq tarixinə görə müxtəlif miqdarda və müxtəlif müddətlərdə istehlak edilən spirtlə baş verə bilər.
Alkoqol zəhərlənməsində zehni çaşqınlıq, ikiqat və bulanıq görmə, şüurlu və ayıq qalmaqda çətinlik, ürəkbulanma, qusma, tənəffüs çətinliyi, yavaş ürək döyüntüsü və bədən istiliyində azalma kimi simptomlar yaşanır. Alkoqolun həddindən artıq dozası qalıcı beyin zədələnməsinə və ya ölümə səbəb ola bilər, qısa müddətdə görmə itkisi, bulanıq şüur, qusma kimi simptomlarla özünü göstərə bilər, lakin uzun müddət sonra ortaya çıxan simptomlar da var. Alkoqol zəhərlənməsindən qısa müddət sonra bir sıra simptomlar görünə bilər ki, bunlara görmə funksiyasının bulanması, nitq funksiyalarının pozulması, ürəkbulanma, qusma, əl və göz koordinasiyasının azalması, balansın pozulması, oyaq qalmaqda çətinlik, qərar vermə və mühakimə qabiliyyətinin azalması, yaddaşın pozulması və ya müvəqqəti yaddaş itkisi, əhvalın pisləşməsi, təsirə cavab vaxtının azalması, nəzarətin olmaması və s. aiddir.
Etil spirti ilə zəhərlənmənin uzunmüddətli təsirlərindən bəzilərinə isə, demans kimi yaddaş problemləri, korsakov sindromu və oxşar nevroloji pozğunluqlar, qidalanma pozğunluqları, qidalanma səbəbiylə meydana gələ biləcək vitamin və dəmir çatışmazlığı, gəzinti və fiziki hərəkətlərdə pozğunluqlar, göz hərəkətlərinin pozulması, əhval pozğunluqları və s. aiddir.
Beyindəki struktur dəyişiklikləri, spirt zəhərlənməsinin uzun müddətdə səbəb ola biləcəyi simptomlar arasındadır.
Alkoqol zəhərlənməsindən əziyyət çəkən insanı yuxuya vermək, gəzintiyə çıxarmaq, çoxlu kofe içirmək və s. lazımdır. İçki vermək və ya soyuq duş qəbul etmək kimi prosedurlar dəqiqliyi sübuta yetirilməyən müdaxilələrdir. Hətta alkoqol zəhərlənməsinə məruz qalan insanı ölüm və ya əlillik riski ilə üz-üzə qoya bilər. Alkoqol zəhərlənməsinin əlamətlərini göstərən bir insanın dərhal tibbi müalicə alması ən yaxşısıdır. Tibbi yardım gələnə qədər edilə biləcək müalicələr dəstəkləyici müalicələrdir ki, bunlara da əsasən həmin insanı tək qoymamaq, mümkünsə bol su içmək, tualetdən sızma ehtimalına qarşı tədbir görmək, əgər huşunu itiribsə, qusmasından boğulmaması üçün onu böyrü üstə qoymaq lazımdır.
Xəstə şüurlu olarsa, təhlükəsiz yerdə yan üstə uzanaraq kömək gözləmək alına biləcək ilk tədbirlərdəndir.
Spirtli içkilər normal şəraitdə, qanuni və insan sağlamlığı üçün etanol adlanan etil spirti ilə istehsal olunur. Lakin son illərdə etil spirtindən daha ucuz və əlçatan olan metil spirti (metanol) tez-tez xərcləri azaltmaq üçün spirtli içkilərin hazırlanmasında istifadə oluna bilir. Metanol, yəni metil spirti sənayedə boya tiner və antifriz kimi məqsədlər üçün istifadə olunur. Spirtli içkilərin istehsalında bu kimyəvi sənaye maddəsinin qanunsuz istifadəsi ölümlə nəticələnə biləcək böyük risklər yaradır.
Metil spirtinin insan orqanizmində zəhərlənmə və ölümlə nəticələnə biləcək risklər törətməsinin səbəbi bədənə daxil olduqda qarışqa turşusuna çevrilməsidir. Bədəndə qarışqa turşusunun toplanması səbəbindən qanın PH dəyəri turşu olur və qan asidozu inkişaf edir. Asidoz nəticəsində torlu qişada sinir zədələnməsi səbəbindən korluq yarana bilir. Yüksək asidoz hallarında metil spirti ilə zəhərlənmə nəticəsində ölümlər də baş verə bilir.
Alkoqol istehsalında qeyri-qanuni spirt də adlandırılan zəhərli spirtlərin istifadəsi nəticəsində istehlak miqdarından asılı olaraq müxtəlif simptomlarla zəhərlənmələr baş verə bilər. Etil spirti ilə zəhərlənməyə bənzər, qusma, yavaş hərəkətlər və şüurun pozulması baş verə bilər. Qanın PH səviyyəsində azalma olacağı üçün tənəffüs problemləri, həzm problemləri və allergik vəziyyətlər, diqqət dağınıqlığı, əzələ və oynaqların sərtliyi, sonrakı dövrlərdə böyrək funksiyalarının pisləşməsi, saç və dırnaq problemləri, görmə pozğunluğu kimi ümumi simptomların müşahidə olunması mümkündür.
Alkoqol depressiv bir maddə olduğundan, depressiya əleyhinə dərmanlarla birlikdə spirt istifadə etmək insana zərər verə bilər. Antidepresan ilə birlikdə spirt istehlakı dərmanın yan təsirlərini artıra bilər və həmçinin zəhərlənməyə səbəb ola bilər. Bu birləşmənin səbəb olduğu zəhərlənmənin simptomları ürəkbulanma, ishal və ağız quruluğu ola bilər. Bundan əlavə, antidepresan alkoqol zəhərlənməsi zamanı yuxululuq, diqqət və düşünmə qabiliyyətinin azalması və diqqətin yayınması baş verə bilər.
Hamısı olmasa da bir çox antibiotiklər spirtin udulmasını ləngidir, orqanizmdə bəzi kimyəvi maddələrin artmasına səbəb olur və zəhərlənmələr baş verə bilər. Bu tip zəhərlənmədə baş ağrısı, döş qəfəsində ağrı, nəfəs darlığı, ürəkbulanma, qusma və üz qızarması kimi əlamətlər müşahidə oluna bilər.
Alkoqol zəhərlənməsi beyin zədələnməsinə, tənəffüs tutulmasına və ya ölümə səbəb ola bilər. Böyük miqdarda spirtli içki qəbul edən və alkoqol əlamətləri göstərən şəxs dərhal bir tibb müəssisəsinə aparılmalı və ya təcili yardım çağırıb səhiyyə xidmətinə müraciət etməlidir. Bu baş verənə qədər evdə görülə biləcək tədbirlər də böyük əhəmiyyət kəsb edir. Zəhərlənmiş şəxsin nəfəs alması və boğulmasının qarşısını almaq üçün onu böyrü üstə qoymaq vacibdir.
Metil spirti qəbul edildikdən otuz dəqiqə sonra qanda pH səviyyəsinə təsir göstərməyə başlasa da, simptomlar yüngül intoksikasiya şəklində özünü göstərə bilər. 10 saatdan sonra təhlükəli simptomlar görünməyə başlayır. Metil spirti zəhərlənməsinin müalicəsinə gecikmədən başlanılmalı və tibbi yardım üçün tibb müəssisəsinə müraciət edilməlidir".
Röyalə Xəyal