Mühafizə orderi nədir və kimlərə tətbiq edilir?- ÖZƏL
13 Dekabr 2024 12:48 SosialMəişət zorakılığı haqqında" qanuna görə, zorakılığa məruz qalmış şəxslərə Mühafizə orderi verilir. Lakin ölkə vətəndaşlarının böyük əksəriyyətinin Mühafizə orderi ilə bağlı bilgiləri kifayət deyil. Hüquqşünas Alim Hüseynli "Olaylar"a bildirib ki, Mühafizə orderi- məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır: "Zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər. Qısamüddətli mühafizə orderi məişət zorakılığını törətmiş şəxsə zorakılığın təkrar törədilməsi, zərər çəkmiş şəxsin olduğu yer məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsini qadağan edə bilər. Qısamüddətli mühafizə orderi icra hakimiyyəti orqanları tərəfindən 30 gün müddətinədək verilir.
Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir".