Gənclərin jestinə düşmən baxışlar: səmimiyyət niyə qınanır?

Qiymət Mahir

Bəzən həyatımızda elə anlar olur ki, ən adi, hətta ən sadə bir hərəkət belə böyük mənalar daşıyır. Yəqin ki, hər biriniz sosial mediada məhşurlaşan müəllimlərə hədiyyə edilən şokolad trendini izləmisiniz. Bu trend ən sadə hərəkətin belə böyük mənalar daşıdığının ən gözəl nümunəsi oldu. Mənə görə son zamanların, hətta indiyə qədərki bütün trendlərin ən gözəli, mənalısı idi. Bütün videoları duyğu dolu izləmişəm. Necə gözəldir... Necə gözəl duyğular ötürür... Bu trend mən də daxil bir çoxları üçün xoş təəssürat yaratsa da, bəzi insanlar tərəfindən yanlış başa düşülür və hətta tənqid edilir. Bu isə düşünməyə vadar edir: biz nəyin dəyərli, nəyin qeyri-etik olduğunu nə qədər düzgün qiymətləndiririk?

Tələbələrin bu jesti sadəcə bir şokoladla kifayətlənmir. Bu, kiçik bir hərəkətlə böyük sevgi və minnətdarlıq nümayişidir. Bir müəllimin gözündəki təəccüb və sevinc, tələbələrin ürəyindəki səmimiyyət bu jestin əsl gözəlliyini göstərir. Axı müəllimlər bizim gələcəyimizi formalaşdıran, həyatımıza istiqamət verən ən dəyərli insanlardır. Onlara bir şokoladla belə təşəkkür etmək, sevgi göstərmək, sanki deyir: "Siz bizim üçün çox dəyərlisiniz!"

Bəziləri bu trendlə bağlı mənfi fikirlər səsləndirərək, bunun müəllimə hörmətsizlik olduğunu düşünür. Guya müəllimə şokolad təqdim etmək onun mövqeyinə, nüfuzuna xələl gətirir. Amma belə düşünənlərə sual vermək lazımdır: sevgini və hörməti nümayiş etdirmək nə vaxtdan hörmətsizlik sayılmağa başladı? 

Ey "hörmətlilər", bu qədər qınanılası məsələ içində bu saf sevgini niyə hədəfə aldınız? Həyatın hər sahəsində rast gəlinən əxlaqsızlıqlar, dəyərsizləşmə və mənəviyyatsızlıq fonunda belə saf bir jest sizi niyə narahat etdi? "TikTok"da canlı yayım açıb "hədiyyə göndərin, borcum var" deyə dilənənlərə niyə səssiz qaldınız? Niyə onlara etiraz əvəzinə daha çox "bəyəni" göndərdiniz? Baxış və bəyəni sayı üçün hər cür ədəbsizliyi edənlərə, mənəvi dəyərləri ayaqlar altına atanlara niyə "ürəklər" payladınız?

O mənzərələr sizi narahat etmədi, hətta onların parçası oldunuz, amma bir neçə tələbə müəlliminə şokolad verdikdə sanki dünyanın ən böyük "səhvi" baş vermiş kimi qəzəbləndiniz. Bu nə qədər məntiqsiz, nə qədər utandırıcıdır. Məgər səmimiyyət, minnətdarlıq göstərmək bu qədərmi çətindir? Siz sevgini, hörməti, təmiz niyyəti başa düşməyəcək qədər öz içinizə qapanmış, mənəvi yoxsulluğun qurbanısınız?

"TikTok"da yayılan mənəviyyatsız trendlər cəmiyyətimizin gələcəyini məhv edir. Uşaqlar və gənclər hər gün bu "mədəniyyətsizlik dərsləri" ilə üz-üzə qalırlar. Siz buna səssiz qalırsınız, bəs niyə tələbələrin gözəl jestini hədəf alırsınız? Çünki gözəllik, səmimiyyət, sevgi sizə yad gəlir. Siz tənqid etməyə, mühakimə yürütməyə o qədər alışmısınız ki, artıq xoş bir hərəkəti belə dəyərləndirə bilmirsiniz.

Bu cəmiyyət saf duyğulara, səmimiyyətə möhtacdır. Müəllimə şokolad hədiyyəsi, tələbələrin sevgisini və minnətdarlığını ifadə edən bir hərəkətdir. Bunu başa düşməyənlərə sual verək: siz son dəfə kimə minnətdarlıq etdiniz? Həyatınızda kiməsə sevinc bəxş etmək üçün nə etmisiniz? Əgər belə bir hərəkət tapa bilmirsinizsə, deməli, problem o tələbələrdə yox, sizdədir.

Düşünün: sevgini, minnətdarlığı, səmimiyyəti tənqid edən bir cəmiyyətdə sabahımız necə olacaq? Əgər bu sual sizi narahat etmirsə, deməli bu, sizin faciənizdir.

Müəllimlər hər gün dərs dedikləri auditoriyada təkcə bilik paylaşmırlar, onlar həm də gələcək nəsillərin ruhunu, şəxsiyyətini formalaşdırırlar. Bir anlıq düşünək: müəllim auditoriyada tələbələrinin qarşısında dayanır və tələbələrdən biri ona yaxınlaşıb əlini açmasını xahiş edir. Müəllim təəccüblə əlini açır və o an kiçik bir şokolad onun ovcunda peyda olur. Ardınca digər tələbələr də eyni jesti təkrarlayır. Bu hərəkət müəllimin üzündəki təbəssümü görmək üçün kifayətdir. Belə bir səmimiyyət səhnəsinə kim hörmətsizlik deyə bilər?

Bu trendin gözəlliyi ondadır ki, tələbələr müəllimlərinə sevgilərini açıq şəkildə ifadə etməyi seçirlər. Bizim cəmiyyət olaraq bu cür səmimi jestlərə ehtiyacımız var. Əgər bir şokolad bir müəllimi sevindirə bilirsə, niyə də olmasın?

Qınayanlar deyir ki, bu hərəkət müəllimlərin dəyərini azaldır. Niyə ay qardaşım, ay bacım? Orda dəyəri azaldan nə gördün? Hörmət sadəcə titullarla, rəsmi qaydalarla ölçülmür. Hörmət sevgi ilə, dəyərlə, kiçik jestlərlə göstərilir. Müəllimin nüfuzu onun tələbələrinin gözündədir. O tələbələrin ki, kiçik bir şokoladla belə müəllimlərini sevindirib, minnətdarlıq duyğularını ifadə edirlər. Bu, nüfuzu azaltmır, əksinə, onu daha da möhkəmləndirir.

İnsan, gözəl bir hərəkəti görüb sevinməyi, onu alqışlamağı bacarmalıdır. Bəlkə də bu trend gələcəkdə bir ənənəyə çevriləcək. Hər ilin müəyyən günlərində tələbələr müəllimlərinə bu cür kiçik, amma mənalı jestlərlə minnətdarlıqlarını bildirəcəklər. Və biz buna baxıb qürur duyacağıq. Çünki müəllimə sevgi göstərən bir gənclik yetişdirə biliriksə, deməli, cəmiyyət olaraq doğru yoldayıq.

Bu gözəl trendi dəstəkləyək. Hörmət və sevgi göstərməyi normal hala gətirək. Axı müəllimlərimizin buna layiq olduğunu hamımız bilirik. Bunu qınayanlara isə sadəcə deyə bilərik: səmimiyyət və sevgini görməyi öyrənin. Belə olan halda həyat daha gözəl olacaq.

Əziz tələbələr, son olaraq sizə bildirim ki, mən də tələbəyəm. Bu il bakalavr təhsilimi bitirirəm. Bunu yazarkən içimdə qəribə bir hüzn hiss edirəm. Çünki dərk edirəm ki, həyatımın bu gözəl dövrü - müəllimlərim, dostlarımla keçirdiyim unudulmaz universitet illəri bir daha geri dönməyəcək. Sizə mənim ən böyük nəsihətim budur: bu anların qədrini bilin. Çünki həyatımızda elə çox an yoxdur ki, bizə eyni anda həm sevgini, həm öyrənməyi, həm də minnətdarlıq göstərməyi öyrətsin.

Bugünkü şokolad trendi sizə kiçik görünə bilər, amma bilin ki, bu, gələcəkdə xatırlayacağınız ən gözəl xatirələrdən birinə çevriləcək. Müəllimlərinizə duyduğunuz sevgini göstərməkdən çəkinməyin. Onlar həyatınızda çox şeyi dəyişən, sizə yollar göstərən insanlardır. Bəlkə də, illər sonra bu jestləriniz onların ən böyük motivasiyası kimi yadda qalacaq.

Bəzi insanlar bu cür gözəl jestləri tənqid edəndə, siz geri çəkilməyin. Onların mənfi fikirlərinə əhəmiyyət verməyin. Sevgi və minnətdarlıq göstərmək heç vaxt kiçiltmək deyil, əksinə, sizi daha da böyüdən bir gücdür. Hörmət sadəcə ciddi simalar və susqunluqla deyil, səmimiyyət və sevgi ilə də ifadə edilir.

Mən sizdən bir şey istəyirəm: öz dəyərlərinizi qoruyun. Həyatda insanlar sizi çox şeylə mühakimə edə bilər, amma ürəyinizdəki sevgini heç kim ala bilməz. Siz gülərüz, səmimi və təşəkkür etməyi bacaran insanlar olun. Çünki bu xüsusiyyətlər sizə həmişə yol göstərəcək.

Universiteti bitirmək ərəfəsində anlayıram ki, həyatda ən çox dəyər verdiyimiz anlar, insanlara sevgi və hörmət bəslədiyimiz anlardan ibarətdir. Siz də bu günlərdə bir yerdə olduğunuz müəllimləriniz və dostlarınızla paylaşdığınız hər anın dəyərini bilin. Onlara sevgi və minnətdarlığınızı göstərməkdən çəkinməyin. Axı bir gün onlar sizin xatirələrinizin ən gözəl parçasına çevriləcək.

Anlayan üçün bu trend, gənclərimizin müəllimlərinə sevgi göstərməsi bizim cəmiyyətimizin dəyərlərinin hələ də yaşadığını sübut edir. Siz bu dəyərləri qoruyun. Çünki bir cəmiyyətin gücü onun sevgisində, hörmətində və səmimiyyətindədir.

Unutmayın: sevgi və minnətdarlıq göstərmək yalnız sizi deyil, ətrafınızdakı hər kəsi daha da gözəlləşdirir. Sevgi hardadırsa, ora gözəldir!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31