Yeni il tətilində bölgələrdə kirayə evlər neçəyədir? - İstirahət etmək istəyənlərin nəzərinə
6 Dekabr 15:27 SosialPaytaxt sakinlərinin əksəriyyəti Yeni il bayramını daha əyləncəli keçirmək üçün Bakıdan kənara can atır.
Büdcəsi imkan verənlər xarici ölkələrə, bir qisim isə bölgələrə üz tutur.
Amma daha çox insan rayonlara və əsasən də kirayə evlərə üstünlük verir. Bunun da başlıca səbəbi hotellərin qiymətinin daha baha olmasıdır.
Bəs, bu il bölgələrdə kirayə evlərin qiyməti neçəyədir? Ümumiyyətlə daxili turlar neçəyə başa gəlir?
Olaylar xəbər verir ki, mövzu ilə bağlı bizim.media-ya açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, hər il bayramlarda bölgələrə istirahətə gedənlərin sayı artır:
Bu il də yəqin 1 həftəlik tətil günlərində rayonlara axın olacaq.
Böyük ehtimalla bu il də vətəndaşlarımız bayram günlərində həm ölkə daxilinə, həm də Azərbaycandan kənara səyahətlər planlaşdırırlar. Xüsusən, bu qısa müddətdə regionlara tələbat daha çox olacaq. Ona görə hazırda regionlardakı otellər bununla bağlı təqdimatlara, kampaniyalara hazırlaşırlar. Eyni zamanda ölkə xaricinə müxtəlif istiqamətlərdə turlar təşkil olunur. 300-400 manata ölkə xaricinə səfər imkanları olduğunu görürük".
Ekspert deyir ki, ölkə daxilində isə bu səfərlər 100-120 manatdan başlayaraq 500 manat arasındadır:
"Hətta Yeni il şənlikləri olarsa, 1000 və ya ondan daha yuxarı qiymətə turistik paketlər təklif olunur. Düzdür, bəzi insanlar deyir, bu, bahadır, bəzilərinə isə uyğun görünür. Bir qism də hesab edir ki, bu məbləğə xaricdə dincəlmək olar. Bu da doğrudur. Amma məsələ odur ki, tələbat və ona uyğun da alıcı var".
Ekspertin fikrincə, ötən illə müqayisədə hotel və kirayə evlərdə qiymətlər qalxmayıb:
"Deməzdim ki, qiymətlər qalxıb. Əksinə, məkanlar çoxalıb. Hər il yeni məkanlar, otellər açılır.
Kirayə evlərin, villaların sayı artıb. Evlərdə daha uyğun qiymətə ailə ilə qalmaq mümkündür.
Bu məbləğ günü, yaxud sutkası 50-60 manatdan başlayaraq, 500 manatadək dəyişə bilir".
Ceyhun Aşurov onu da bildirib ki, dincəlmək üçün bölgələri seçənlər əsasən Bakıya yaxın bölgələrimizə, yolu daha asan məkanlara üz tuturlar.