Yolüstü istirahət mərkəzləri elektrik enerjisini necə israf edirlər?- ÖZƏL

Ölkə ərazisində elektrik enerjisinin israf edilməsi adi hal alıb. Artıq paytaxt Bakının çılçıraqlı, sayrışan gecələrindən seçilməyən əyalətlər al-əlvan işığa qərq olunublar. Yeni ilin gəlişu ilə əlaqədar israfçılıq halları daha da artıb. "Olaylar"ın məlumatına görə, regionlarda və  magistral  yollarda  fəaliyyət göstərən kafe-restoranlar elektrik enerjisinin israfçılğında daha fəallıq nümayiş etdirirlər. Belə ki, sözügedən iaşə obyektlərində nəinki gecələr, elə gündüzlər də işıqlar yandırılır. Bölgələrdə fəaliyyət göstərən kafe-restoranların əksəriyyəti qanunsuz olaraq ərazilərini genişləndirərək açıq havada əyləncə məkanı yaradıblar. Az qala hektarlarla ərazini əhatə edən belə istirahət mərkəzlərinin rəngarəng işıqlarla bəzədilməsi sözün əsil mənasında elektrik enerjisinin israf edilməsidir. Əldə olunan məlumata görə, belə kafe-restoranlar istifadə etdikləri elektrik enerjisinin kiçik həcminin dəyərini ödəyirlər. Beləliklə də  gecə-gündüz elektrik enerjisi israf edilir. Xüsusən, İsmayıllı, Qəbələ, Şamaxı, Hacıqabul-Yevlax  istiqamətində fəaliyyət göstərən yolüstü istirahət mərkəzləri bu kimi fəaliyyətləri ilə seçilirlər. Aidiyyati qurumlar isə belə halların qarşısının alınmasında fəaliyyətsizlik nümayiş etdirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31