Aksiz markasız siqaretlər ticarət mərkəzlərinə necə yol tapır?- ÖZƏL
5 Dekabr 2024 12:05 SosialÖlkənin ticarət mərkəzlərində satılan bəzi siqaret məhsullarında aksiz markalarının olmaması müşahidə edilir. Belə hallar ən çox xarici ölkələrdən idxal edilən siqaretlərdə qeydə alınır. Maraqlı məqam ondan ibarətdir ki, bu kimi hallara qarşı aparılan mübarizə də effekt vermir. Məlumat üçün qeyd edək ki, təkcə cari ilin oktyabr ayında Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində aksiz markası olmayan 410 min 740 ədəd siqaret aşkar edilib. Həyata keçirilən mübarizə tədbirlərinə baxmayaraq, xarici ölkələrdən gətirilən aksiz markasız siqaretlər ticarət şəbəkələrinə yol tapır. Heç şübhəsiz ki, mövcud vəziyyət istehlakçılar arasında narahatçılıq yaradır. "Olaylar"ın məlumatına görə, mağaza sahibləri və satıcılar bu məhsulların istehsalçılar tərəfindən aksiz markasız təqdim edildiyini bildirirlər. Azərbaycan qanunvericiliyinə görə isə aksiz markaları və məcburi nişanlama sistemləri dövriyyədə olan məhsulların nəzarət altına alınması və vergi tənzimlənməsi məqsədilə tətbiq edilir. Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli Qərarı ilə "Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları" təsdiqlənib.