Tiktok- səviyyəsizliyin yarış meydanı
29 Noyabr 17:40 SosialGəlin, açıq danışaq. "Tiktok"da gördüyümüz mənzərə sadəcə dəhşətdir! Bayağı videolar, şit zarafatlar, özlərini gülünc vəziyyətə salanlar... Vallah, adam utanır! Gənclik, sən hara gedirsən?
Səviyyəsizlik niyə bu qədər populyardır?
Baxış sayı! Hər şey baxış sayı üçündür. "Like" və baxış gələcək deyə min cür hoqqadan çıxırırlar. Videonun mənası, içində dəyər yoxdur, amma nə olsun - trenddir də! Elə bil insanlar yarışa girib ki, görək kim daha mənasız video çəkəcək. Biri "challenge" adıyla özünü biabır edir, o biri şit kontentlərlə canlı yayımlar açır. Bəs bunun axırı nə olacaq? Bu gülüşlər sabah bizi ağlatmasın?!
Ay camaat, bu "Tiktok"da elə səhnələr görürük ki, adamın bütün əsəbi pozulur. Deyirsən, görən, bu "kontent" çəkənlər özlərinə güzgüdə baxanda nə düşünürlər? Millətimizin adına, adət-ənənəsinə bu qədər hörmətsizlik olmaz axı!
Əslində bu səviyyəsizliklərin kökündə nə dayanır? Fikirləşirlər ki, nə qədər şitlik eləsələr, o qədər "like" qazanacaqlar. Və bilirsiniz, ən pisi nədir? Baxanlar da, bu səviyyəsizliyə dəstək verənlər də bizik! Adam görür ki, biri özünü yıxıb-sürüyür, digərləri də onu "like"la mükafatlandırır. Hələ bir-birinin videosuna baxıb rəqabətə girənlər də var. Kimin səviyyəsizliyi daha çox trend olubsa, o da "ulduz" olur! İndi bu "ulduzlar" sabah bizim uşaqlarımıza nə örnək olacaq?
Bir də baxırsan ki, milli musiqimizi fona qoyub, hansısa mənasız hərəkətlərlə "kontent" yaradıblar. Mənəviyyatımızı əyləncə obyektinə çevirməkdən nə vaxt bezəcəyik?! Yəni biz bu qədər ucuzlaşmışıq? Ayıbdır! Dəyərlərimizi qorumaq, mədəniyyətimizi tanıtmaq yerinə, özümüzü alçaltmaqla məşğuluq. Vallah, utanın! Tiktok səviyyəsizliyin yarış meydanına çevrilib.
Əl çəkin bu şitlikdən! Azərbaycanın adı bu bataqlıqla yox, zəhmətlə, səviyyə ilə ucalmalıdır!
Vallah mən ciddən utanıram. Qələbə qazanmış millətimin qüruruna bu hərəkətlər heç yaraşmır.
Mədəniyyətimiz harda qaldı?
Azərbaycanın adını, mədəniyyətini, dəyərlərini "Tiktok"da necə göstərirlər, bilirsiniz? Şit zarafatların ortasında! Milli rəqslərimizi əyləncə obyektinə çeviriblər, adət-ənənələrimizə hörmət yoxdur. Mənasız hərəkətlər edirlər, adına da "kontent" deyirlər. Ayıbdır axı! Hara baxırsan, bir səviyyəsizlik yarışıdır. Özümüzü dünyaya bu şəkildə göstərməyə utanmalı deyilikmi?
Ən çox zərər çəkənlər isə uşaqlardır. Valideynlər də deyir: "Hamı baxır, mənimki də baxsın". Sonra görürsən ki, uşaq da elə bayağı hərəkətləri təkrarlayır. Bu "Tiktok"da nə desən tapmaq olar - tərbiyəsizlikdən tutmuş, cəhalətə qədər. Sabah bu uşaqlar kim olacaq? Yəni cəmiyyətin gələcəyini bu videolarla məhv etməyə doğurdan da razıyıq?
Məsələyə bu kontekstdən yanaşaraq sual vermək istəyirəm: Azərbaycan gəncliyi nəyi izləyir, kimləri özünə nümunə götürür? "Tiktok"un əsas auditoriyası məhz gənclərdir. Onların formalaşan dünyagörüşünə bu platformanın nə qatdığı isə göz qabağındadır. Hər saniyə qarşımıza çıxan səviyyəsiz videolar, kobudluq, ədəb qaydalarından kənar hərəkətlər və hətta cahilliyin təbliği. Bəs bu gənclər gələcəkdə cəmiyyətimizin sütunu olmalıdırsa, o sütunun nə qədər möhkəm olacağına inanırsınız?
Dayanmaq lazımdır! Deyirik axı, "Bəsdir!" Tiktok bizim həyatımızı idarə etməsin. Baxış sayı dalınca qaçmağın bir mənası yoxdur. Biz də maarifləndirici, dəyərli videolar çəkib paylaşmalıyıq. Səviyyəsizliklə mübarizə eləməsək, bir gün hamımız bu bataqlığın dibində qalacağıq.
Bəs bu səviyyəsizlikdən kim qazanır? Əlbəttə ki, ilk növbədə "Tiktok"un özü. Platforma nə qədər çox insanı cəlb edərsə, reklam gəlirləri bir o qədər artar. İkinci qrup isə həmin bayağı videoları çəkən və bir gecədə "məşhurlaşan" insanlardır. Onlar "influencer" adı altında cəmiyyətə nümunə olmaq əvəzinə, səviyyəsizliyi daha da dərinləşdirirlər. Təbii ki, onlar üçün əsas olan pul və populyarlıqdır. Cəmiyyətin nə vəziyyətə düşdüyü isə onları maraqlandırmır.
Hər baxış sayına görə kimlərsə varlanır, amma bizim dəyərlərimiz yox olur. "Tiktok"da səviyyəsizliyi yox, mənanı dəstəkləyək! Azərbaycanın adı, mədəniyyəti, gələcəyi buna layiq deyil!
Sözün düzü, "Tiktok"un istifadəçi kütləsinin böyük bir qismi səviyyəsizliklərlə dolu olsa da, haqqını yeməyək, orada Azərbaycanın adını ucaldanlar da var. Gənclərimizdən elələri var ki, mədəniyyətimizi, tariximizi, hətta milli musiqimizi dünyaya tanıdırlar. Maarifləndirici məzmunlar hazırlayıb, gənclərə faydalı məlumatlar ötürənlər də az deyil.
Bəzi yaradıcılar öz zəhmətləri ilə Azərbaycanı beynəlxalq səviyyədə tanıdırlar. Milli geyimlərimizi, rəqslərimizi, musiqimizi elə təqdim edirlər ki, adam fəxr edir. Məhz belə gənclər səviyyəsizliyə qarşı mübarizənin əsl qəhrəmanlarıdır. Onlar göstərirlər ki, Tiktok yalnız bayağılıq üçün deyil, həm də maarifçilik və mədəniyyət təbliğatı üçün güclü bir alətdir.
Yəni məsələ platformada yox, ondan necə istifadə etməkdədir. Səviyyəli məzmun hazırlayıb, onu dəstəkləyək ki, cəmiyyətin gələcəyi də səviyyəli olsun. Onlar bizə göstərirlər ki, ümid hələ də var!
Zeynəb Rzayeva