Artıq çəki ilə mübarizədə yanlış yollar

Artıq çəki ilə mübarizə insanların həyatında getdikcə daha böyük yer tutur. Bu problemin ağırlığı təkcə bədənin fiziki vəziyyəti ilə məhdudlaşmır, həm də psixoloji və sosial problemlər yaradır. Ancaq təəssüf ki, kilolarından qurtulmaq istəyən bir çox insan düzgün yolları seçmək əvəzinə qısa zamanda nəticə verəcəyini vəd edən üsullara üz tutur. Bu seçimlər isə yalnız müvəqqəti rahatlıq gətirir və uzunmüddətli, bəzən isə geri dönməz zərərlərlə nəticələnir.

Arıqlama məhsulları kimi təqdim olunan dərmanlar, çaylar, kokteyllər və digər vasitələr ilk baxışda "möcüzəvi" həll yolu kimi görünür. İnsanlar bu vasitələrin təqdim etdiyi sürətli çəki itkisinə aldanır. Lakin bu məhsulların əksəriyyəti bədənə zərərli təsirlər göstərir. Hormon sistemini pozaraq aclıq hissini basdıran bu vasitələr bir müddət sonra iştahın nəzarətsiz şəkildə geri qayıtmasına səbəb olur. Beləliklə, çəkidə əvvəlki itkilər geri qayıdır, hətta əvvəlkindən daha çox kilo artımı müşahidə edilir. 

Cəmiyyətdə populyarlaşan daha bir problem bariatrik əməliyyatlara olan hədsiz maraqdır. İnsanlar bıçaq altına yataraq çəkilərindən birdəfəlik qurtulacaqlarını düşünürlər. Ancaq bu prosedurlar heç də hər kəs üçün uyğun deyil və bir çox hallarda ağırlaşmalarla nəticələnir. Mədənin kiçildilməsi əməliyyatları zamanı və ya sonrasında infeksiyalar, qanaxmalar və hətta ölüm halları baş verir. Hətta uğurlu əməliyyatdan sonra belə, bədən qida çatışmazlığı ilə üzləşir. Mədə kiçildikdən sonra orqanizmin ehtiyac duyduğu vitamin və mineralları qəbul etmək çətinləşir, bu isə insanın ümumi sağlamlıq vəziyyətinə mənfi təsir edir.

Bütün bunlarla yanaşı, əməliyyatlar çox vaxt insanların psixoloji sağlamlığına da zərər verir. Çəkidə ani dəyişikliklər bəzən insanın öz bədəni ilə uyğunlaşa bilməməsinə, özünə güvənin azalmasına və hətta depressiyaya səbəb olur. Əməliyyatdan sonra bəzən yemək ilə bağlı davranış pozğunluqları, o cümlədən anoreksiya və ya bulimiya kimi problemlər yaranır.

Daha acınacaqlı hal odur ki, bu təhlükəli üsullara üz tutan bəzi insanlar həyatlarını itirirlər. Dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda da uğursuz əməliyyatlar, səhv tətbiq edilən dərmanlar və yanlış pəhrizlər səbəbilə sağlamlıq vəziyyəti ağırlaşan və ya həyatını itirən insanların sayı artır. Həyatını itirənlərin əksəriyyətini gənclər və qadınlar təşkil edir, çünki onlar cəmiyyətin estetik gözləntilərinə daha çox cavab verməyə çalışırlar. Bu isə yalnız fərdi problemlər deyil, həm də sosial bir məsələdir.

Kiloyla bağlı bu qədər problem mövcud olduğu halda, insanlara maariflənmə çatışmazlığı səbəbilə düzgün seçimlər etmək çətin olur. Əksər hallarda insanlar arıqlamağın sağlam yollarını deyil, çətinliksiz həll yollarını seçir. Ancaq unudulmamalıdır ki, çəkidən qurtulmaq uzunmüddətli və planlı yanaşma tələb edir. Sürətli nəticələr yalnız gözləntiləri qarşılayan görünüş təmin etsə də, sağlamlığa ağır qiymətə başa gəlir.

Hər bir insan sağlamlığı üçün daha ciddi və şüurlu qərarlar verməlidir. Unutmaq olmaz ki, sağlamlıq hər zaman birinci yerdədir və ona xərclənən zaman, səbr heç vaxt boşa getmir.

Mövzunun aktuallığını nəzərə alaraq, dietoloq Məhəmməd Abdullayevə müraciət etdik. O, artıq çəki ilə mübarizədə yanlış seçimlərin yaratdığı fəsadlar, arıqlama məhsullarının təhlükələri və sağlam həyat tərzinin vacibliyi barədə fikirlərini bizimlə bölüşdü. M. Abdullayev qeyd edir ki, insanların sürətli nəticələrə meyli onları daha çox riskli seçimlərə sövq edir və bu, uzunmüddətli sağlamlıq problemlərinə səbəb olur:

"İnsanların kilo almaqlarının bir çox səbəbləri var. Bunlardan, stress, dərin depressiv vəziyyət, hormonal pozğunluqlar, müxtəlif metabolik xəstəliklər, sistem xəstəlikləri, bəzi genetik faktorları və sair misal göstərmək olar. Lakin bunlar ilə yanaşı, ən çox müşahidə etdiyimiz müasir səbəblər, səbəbsiz çox yemək, fiziki aktivliyin az olması, keyfiyyətsiz yuxu və s.-dir. Yəni, hər nə qədər xəstəliklər bizim kökəlməyimizə səbəb ola bilirsə, bunlardan daha çox, xəstəliklərə qədər olan mərhələdə biz özümüzü diqqətdə saxlamırıq. Nəticədə yavaş-yavaş kilo alırıq. Hansı ki, daha sonrakı mərhələdə bu kilolar bizim üçün kardio-metabolik xəstəliklərə gətirib çıxarır.
Belə olan halda insanların həm xəstəliklərinin müalicəsi, həm də kilo problemlərindən qurtulmaqları müəyyən zaman alır. Lakin insanlarımız tələsdikləri üçün, bu məqamda daha sürətli çıxış yolları axtarırlar. Bu axtarışları isə, digər fürsətçilərə "bazar imkanı" yaradır. Hansı ki, bu fürsətçilər öz "arıqlama məhsuallarını" insanlara təqdim edirlər. Bu məhsullar qısa müddət ərzində insanlara müvəqqəti nailiyyətlər versə də, daha sonra elə bu məhsulların toksiki yükü bədəndə uzun müddət qalır. Hətta müxtəlif yanaşı xəstəliklərə səbəb yaradır.


Məsələn, bu günlərdə daha çox reklam olunan arıqlama iynələri, arıqlama çayları, arıqlama qəhvələri, arıqlama şokoladları, arıqlama detoksları, arıqlama kokteylləri və s.- bu məhsulların əksəriyyəti bizim beynimizə təsir göstərərək, qrelin (aclıq) hormonuna qarşı hissiyyatsızlıq yaradır. Nəticədə, biz özümüzü davamlı olaraq tox hiss etmiş oluruq. Belə olduqda isə yemək yemədiyimiz üçün, gündəlik enerji tələbatımızı da bədənimizdə təmin edə bilmirik. Tutaq ki, bu məhsulları davamlı qəbul etdikdə müəyyən zaman ərzində çəki gedişatına nail ola biliriksə, müəyyən zamandan sonra isə bədənimiz ekonom fenotipə və plato rejiminə girdiyi üçün çəki gedişatı dayanır. Arıqlama məhsullarının istifadəsini dayandırdıqdan sonra, aclıq hormonu aktivliyi yenidən bərpa olur. Nəticədə nəzarətsiz yemək vərdişləri yenidən bərpa olur və itirilən kilolar da artıqlaması ilə geri qayıdır. Həmçinin bu məhsulların əksəriyətinin tərkibində qadağan olunmuş maddələr mövcud olur. Lakin bunlar məhsul üzərində qeyd olunmur. Müəyyən zaman keçdikdən sonra isə, bu cür arıqlama məhsulları başlanğıc mərhələ ürək problemlərinə, anksiyete və panik atak kimi psixoloji problemlərə, həmçinin metbaolik xəstəliklərin dərinləşməsinə səbəb olur.
Buna görə insanlar mütləq maariflənməli, öz səhhətlərinə faydalı ola biləcək addımlar atmalıdırlar. Hər zaman dediyim kimi, daimi sağlamlıq üçün, keyfiyyətli yuxu, fiziki aktivlik, su balansının qorunub saxlanması və balanslı qidalanma- bu şərtlər icra olunarsa, həm xəstəliklərdən, həm də əlavə kilolardan qurtulmuş olacaqlar.
Sonda bunu da qeyd edim ki, hər zaman elə qidalanın ki, sözün əsl mənasında NUŞ OLSUN..."

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31