Professor Qulu Məhərrəmlinin 70 yaşı
22 Noyabr 10:35 SosialYubilyarın qısa bioqrafiyası
Bu günlərdə 70 illik yubileyini qeyd edən professor Qulu Məhərrəmli təkcə TV tariximizdə parlaq iz qoymuş "7 gün", "Təfsilat", "Gerçəklik", "Səhər" (AzTV), "Dost məclisi", "Gündəm" (Xəzər TV), "Mətbuat aynasında" (GünAz TV) kimi populyar televerilişlərin müəllifi və aparıcısı deyil, həm də media və jurnalistika elmi, həmçinin dilçilik sahəsində nüfuzlu alimdir.
Qulu Məhərrəmli 2 noyabr 1954-cü ildə Zəngilanda anadan olub. Orta təhsilini Şuşada alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib və təyinatla Azərbaycan Televiziyasına göndərilib. Həmin ildən televiziyanın "Xəbərlər" baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. 1991-ci ildən xəbər aparıcısı kimi müntəzəm efirə çıxan Q.Məhərrəmli daha çox 1993-1995-ci illərdə apardığı "7 gün" analitik informasiya proqramı ilə tanınıb, obyektivliyi və qərəzsizliyi, hadisələrə vicdanlı münasibəti və yüksək peşəkarlığı ilə geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb. Mükəmməl analitik veriliş formatı olan "7 gün" teleməkanımızda jurnalistikanın yeni prinsiplərinin təsdiqində həlledici rol oynayıb.
1995-ci ildə Azərbaycan televiziyasının ilk siyasi icmalçısı təyin olunan Q.Məhərrəmli, eyni zamanda qısa müddətdə "Xəbərlər" baş redaksiyasına rəhbərlik edib. Həmin illərdə dövlət başçısını xarici ölkələrə səfərlərdə müşayiət edib, bu səfərlər haqqında silsilə reportaj və hesabatlar hazırlayıb. Rəsmi görüşlərdən və dövlət tədbirlərindən canlı reportajlar aparıb. Q.Məhərrəmlinin 1995-ci ildə yaratdığı və 10 ildən çox rəhbərlik etdiyi "Səhər" musiqi-informasiya proqramı 30 ilə yaxındır ki, teleməkanımızın ən populyar verilişlərindən biri olaraq qalır.
1982-ci ildən elmi, 1991-ci ildən isə pedaqoji fəaliyyətlə məşğul olan Q.Məhərrəmli 1989-cu ildə "Radiodramaturgiya dili" mövzusunda namizədlik, 2004-cü ildə isə "Televiziya dili: funksiya və struktur" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Müstəqillik dövründə Azərbaycanda jurnalistika ixtisası üzrə ilk elmlər doktorudur. Onun elmi araşdırmalarında jurnalistikanın və medianın ümumi nəzəriyyəsi, televiziya və radio tarixi, bu sahənin aktual elmi-nəzəri problemləri, o cümlədən ekran-efirin mürəkkəb audiovizual dil sisteminin öyrənilməsi əsas yer tutur. 1998-ci ildə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasında baş müəllim vəzifəsinə qəbul edilib. 2002-ci ildə dosent, 2006-cı ildən isə professor vəzifəsinə keçirilib.
2007-ci ilin oktyabrında AzTV-ni tərk edən Q.Məhərrəmli yenicə fəaliyyətə başlamış Xəzər televiziyasında müşavir vəzifəsində çalışıb. Həmin telekanalın qurulmasında yaxından iştirak edib. Populyar "Dost məclisi" və "Gündəm" verilişlərinin aparıcısı olub. 2017-2021-ci illər arasında isə GünAz TV-də çalışıb, "Mətbuat aynasında" verilişini aparıb.
Prof. Q.Məhərrəmli 2014-2016-cı illərdə AMEA-nın Nəsimi adına Dilçilik institutunda Monitorinq şöbəsinə rəhbərlik edib. Qloballaşma şəraitində Azərbaycan dilinin işlədilməsi ilə bağlı "Dövlət Proqramı"nın reallaşdırılmasında iştirak edib. 2017-ci ildə "Altun kitab" nəşriyyatında yaradılan AZLEKS elektron lüğətlər toplusunda çalışıb. Hazırda həmin toplunun baş redaktorudur. Xarici ölkələrdə keçirilən elmi məclislərdə Azərbaycan jurnalistikasını və jurnalistika elmimizi dəfələrlə təmsil edib. Jurnalistika sahəsində ən yüksək mükafatları alıb, 2006-ci ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Media problemləri, o cümlədən teleradio jurnalistikası üzrə nüfuzlu mütəxəssis kimi tanınan professor Q.Məhərrəmli 40-a yaxın kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, həmçinin izahlı lüğətlərin müəllifidir. Onun "Jurnalistikanın əsasları", "Radio jurnalistikası: təməl biliklər", "Televiziya dili" Danışır Təbriz", "Mediada debatlar", "Jurnalistika terminləri", "Azərbaycan dilinin frazeologiya lüğəti", "Zamanın rəngləri", "Gələcəyə ön söz", "Məsəllər, deyimlər", "Yeni alınma sözlər", "Jurnalistikanın missiyası", "Məmməd Əmin Rəsulzadə" və digər kitabları xüsusi fərqləndirilir. Əsərləri ingilis, alman, rus, koreya, fars və çex dillərində çap edilib.
Professor Qulu Məhərrəmli hazırda BDU-nun Jurnalistika fakültəsinin "Multimedia və elektron kommunikasiya" kafedrasının müdiridir. Eyni zamanda pressklub.tv yutub kanalına rəhbərlik edir.
xxx
"Zəngəzur" cəmiyyəti Qulu Məhərrəmlinin yubileyini təbrik etdi
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin 70 illik yubileyi ilə bağlı professor Qulu Məhərrəmliyə ünvanladığı təbrikdə deyilir:
Hörmətli Qulu müəllim,
Siz Azərbaycanın ən nüfuzu jurnalistlərindən biri, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru, "Jurnalistikanın inkişafına yardım" Mərkəzinin sədri, əməkdar jurnalist olaraq, fəaliyyəti, şəxsiyyəti, alimliyi ilə cəmiyyətdə özünə dərin hörmət qazandıran aydınlarımızdan birisiz.
Zəngilan rayonunda dünyaya göz açmış, orta təhsilini Şuşada, ali təhsilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində almış, AzTV-də müxbirlikdən baş redaktor, departament direktoru vəzifələrinə yüksəlmisiniz, teleaparıcı kimi peşəkarlığınız daim yaddaşlarda qalıb.
1991-ci ildən başlayaraq Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətinizlə, onlarla elmi, publisistik əsərləriniz, ssenarilərinizlə, Ana dilinin saglığı uğrunda apardığınız mübarizənizlə gənc jurnalist kadrlarının yetişməsinə, ölkəmizin elmi, mədəni irsinin zənginləşməsinə mühüm töhfələr verməkdə davam edirsiniz.
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü kimi daim xeyirli məsləhətlərinizi alırıq. Birliyimizin Ağsaqqallar Şurası və İdarə Heyəti adından yubileyiniz münasibətilə Sizi təbrik edir, bundan sonra da sağlam, uzun, xeyirli ömür arzulayırıq.
Təbrik məktubunu qurumun Ağsaqqallar Şurasının sədri Tofiq Mehdiyev və cəmiyyətin sədri Hacı Nərimanoğlu imzalayıblar.
xxx
Milli dəyərləri özündə yaşadan qələm adamı
"Birinci Söz varıydı. Söz Allahla qoşaydı.
Sözü Allah, Allahı Söz yaratdı". İncil.
Uşaqlıqdan üzü bəri, adamlar biri-biriylə rastlaşanda, - "Aydınlığa çıxasan" sözləri yaddaşıma hopmuş ən gözəl dualardan biridir deyərdim. "Aydınlığa çıxasan"...
Bəlkə də Nazim Hikmətin yazdığı ən gözəl şeir də qaynağını bundan götürüb: - Sən yanmasan, mən yanmasam, necə çıxar qaranlıqlar aydınlığa!?...
Deyərdim ki, yana-yana qaranlıqları aydınlaşdıran, Sözün əsl mənasında məmləkətimizin Aydınlarından biridir Qulu Məhərrəmli!...
"Düzü-düz, əyrini-əyri yazan" həm də dünyəvi, milli dəyərləri özündə yaşadan, milli yaddaşa sadiq olan tək-tük qələm adamlarından biridir Qulu...
Nəfsinə hakim olandır, tamahdan, riyakarlıqdan, ən əsası yalanlardan, iftiralardan uzaq adamdı Qulu! Mənəviyyat adamıdır, həmişə haqqın yanındadır, həqiqəti deyəndir Qulu!
Üzündən təbəssüm əskik olmaz, xarizmatik adamdır Qulu! Onunla rastlaşıb görüşmək yetər ki, hər şeyi, - qəm-qüssəni, acı-ağrılarını və hətta hara, hansı işin dalınca getdiyini , gedəcəyin yeri belə unudursan... Ayrılandan beş, on dəqiqə sonra yadına düşər ki, hara, hansı işin dalınca gedirdin...
Söz ustadlarının "Məclis başqanı"dır Qulu Məhərrəmli, illərdi ki, bu vəzifənin yiyəsidi (balaca vəzifə deyil). məclisləri işıqlandıran nur çələngi!
Özü işıqlı, sözü işıqlı, gülüşü işıqlı cazibədar adam, - Qulu Məhərrəmli. Ədalət olmayan yerdə nə din, nə də iman olmaz! Ədalətli adamdı Qulu! Dəyərlərin qeybə çəkildiyi indiki zamanda özündə və Ruhunda dəyərləri yaşadan, Vətənə, yurda, sevdiklərinə, sədaqətli Adam - Qulu!
Zərdabi məktəbinin davamçılarından biri, peşəkar jurnalist, alim, müəllim, Sözün (Allahın) işığında yaşadan Adam, Adam, Adam - Qulu Məhərrəmli!
Zakir Fəxri