Keçmiş “Sovetski”də salınan parkdan FOTOSESSİYA

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.

Mərkəzi Parkın üçüncü hissəsinin 9 hektar ərazisi tam abadlaşdırılıb, burada ən müasir tələblərə uyğun yeni istirahət zonası yaradılıb. Parkın yeni hissəsinin ümumi ərazisi illərdir yığılıb qalmış tullantılardan təmizlənib, torpaq səthi dəyişdirilib və müvafiq aqrotexniki tədbirlər görülüb.

Ümumilikdə parkın bu hissəsinin 7,4 hektarında 19 növdə 3 min 500 ağac, 25 mindən çox gül və kol bitkiləri əkilib. Burada yaşıllaşdırmanın daha səmərəli olması üçün əraziyə 60 min kubmetrə yaxın münbüt torpaq tökülüb, müasir suvarma sistemi qurulub.

Mərkəzi Parkın yaşıllaşdırma konsepsiyasının əsas xüsusiyyəti bu istirahət məkanının ilin fəsillərini özündə əks etdirməsidir. Layihənin ən mühüm xüsusiyyətlərindən biri piyadaların Abdulla Şaiq küçəsinin hərəkət hissəsindən keçmədən maneəsiz gediş-gəlişi üçün yeraltı tunelin inşa edilməsidir. Onun inşası ilə Mərkəzi Parkın 1-ci, 2-ci və 3-cü hissələri arasında tam bağlantı yaradılıb. Ərazidə 3 fəvvarə kompleksi inşa edilib, idman qurğuları quraşdırılıb, uşaq əyləncə, həmçinin futbol-basketbol meydançaları, yaşlı insanların asudə vaxtlarının səmərəli təşkili üçün şahmat və stolüstü oyun meydançaları salınıb. Həmçinin burada süni göl və ətrafında söhbətgahlar yaradılıb ki, bu da şəhərimizin qonaqlarının və sakinlərin istirahətlərini daha maraqlı etmək üçün mühüm rol oynayır.

İstirahət parkında müasir işıqlandırma sistemi də qurulub. Ərazinin abadlaşdırılması zamanı burada XIX əsrin sonu - XX əsrin əvvəllərində inşa edilən və yerli sakinlər arasında "Təndir Hamamı" kimi tanınan tarixi memarlıq abidəsi bərpa edilərək əvvəlki simasına qaytarılıb. Parkın ətrafındakı tarixi və digər yaşayış binaları əsaslı təmir olunub, Süleyman Tağızadə və Nabat Aşurbəyova küçələrinə yeni asfalt örtüyü döşənib, piyada səkiləri və parklanma yerləri yaradılıb, işıq dirəkləri quraşdırılıb və digər işlər görülüb.

Ümumilikdə Mərkəzi Parkın üçüncü mərhələsinin tikintisi yekunlaşdıqdan, ərazidə yeni yaşıllaşdırma və abadlıq işləri görüldükdən sonra Təzəpir məscidi kompleksinin və Süleyman Tağızadə küçəsində yerləşən İmam Hüseyn" məscidinin mənzərəsi tam olaraq açılıb.

Beləliklə, Mərkəzi Parkın üçüncü hissəsinin istifadəyə verilməsi ilə keçmiş "Sovetski" adlanan ərazidə salınan parkın ümumi sahəsi 35,4 hektara çatdırılıb və bura paytaxtın ən gözəl istirahət guşələrindən birinə çevrilib.

Olaylar.az Trend-ə istinadən Mərkəzi Parkın üçüncü hissəsindən fotoları təqdim edir:

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31