"Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə" (COP29-a doğru) mövzusunda dəyirmi masa keçirilib (FOTO)
31 Oktyabr 17:19 Sosial2024-cü il 30 oktyabr tarixində Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə "Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə" (COP29-a doğru) mövzusunda dəyirmi masa keçirilib.
Olaylar xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində təşkil olunan dəyirmi masa Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar olan tədbirlər çərçivəsində keçirilib.
Tədbirdə ölkəmizin rəsmi dövlət nümayəndələri, Milli Məclisin üzvləri, ali məktəb rəhbərləri, ictimai təşkilatların əməkdaşları iştirak ediblər.
Tədbirin əvvəlində Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov jurnalistlər üçün brifinq keçirib. O, tədbirin məqsədi və mahiyyəti barədə jurnalistlərə ətraflı məlumat verib.
Dəyirmi masanı giriş sözü ilə açan Kamran İmanov tədbir iştirakçılarını salamlayıb, COP29 - dünyanın ən vacib, epoxal olan iqlim konfransı ərəfəsində Agentlik tərəfindən keçirilən dəyirmi masanın işinə uğurlar arzulayıb. O, gözlədiyimiz "yaşıl" gələcəyin təmin olunmasında innovasiyaların aparıcı roluna və əqli mülkiyyəti onun fundamentində cəmləşdirməsini nəzərə alaraq, gələcəyimizin nə qədər "yaşıl" olacağının bizim hazırkı iradəmizdən, məsuliyyətimizdən, qəbul etdiyimiz hər bir qərardan asılı olduğunu, kollektiv təcrübəyə, ixtiraçılığa və kreativliyə əsaslanaraq, insan cəmiyyətinin "yaşıl" gələcək yaratmağa qadir olduğunu bildirib.
K.İmanov qeyd edib ki, "yaşıl" gələcəyi arzulayan bəşər cəmiyyətini quranların ilk sıralarında ixtiraçılar və müəlliflər durur. Patent sistemi innovasiyaları və iqtisadi texnologiyaların yayılmasını dəstəkləyir, yaradıcı müəllif təfəkkürü və sənaye nümunələrinin qorunması mexanizmləri isə faydalı, cəlbedici və səmərəli məhsulların yaradılmasında resurslardan optimal istifadəyə və yayılmasına kömək edir. Əmtəə nişanlarının və digər fərqləndirici nişanların qorunması sistemi müəssisələrin artmasına təsir göstərir və iqtisadiyyatın inkişafını dəstəkləyir, coğrafi göstəricilər ehtiyatların dayanıqlı istehlakına yardım edir, seleksiya hüquqları isə daha davamlı bitki sortlarının yetişdirilməsinə kömək edir və bununla da ərzaq təhlükəsizliyinə təsir göstərir.
Agentliyin rəhbəri dövlət başçımızın 2023-cü il 15 dekabr tarixində COP29-a həsr olunmuş toplantıda səsləndirdiyi "biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməllərimizlə, işimizlə, siyasətimizlə qazanmışıq" fikrini xüsusi vurğulayaraq, cənab Prezidentin yürütdüyü siyasətin kökündə biliyə və cəsarətə əsaslanan uzaqgörənliyin durduğunu diqqətə çatdırıb. O, COP29-un keçirilməsi və bizim enerji transformasiyasındakı uğurlarımızın həmin uzaqgörənliyin nəticəsi olduğunu bildirib.
Tədbirin açılış hissəsində Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, COP29 Təşkilat Komitəsinin üzvü Umayra Tağıyeva, Milli Məclisinin Elm və təhsil komitəsinin sədr müavini, "ADA" Universitetinin prorektoru Fariz İsmayılzadə çıxış edərək dəyirmi masanın mövzusunun aktuallığını qeyd ediblər, tədbirə uğurlar diləyiblər.
Dəyirmi masada K.İmanovun "Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)" mövzusunda təqdimatı dinlənilib. Təqdimatda iqlim dəyişikliyi ilə bağlı ümumi mənzərə, iqlim dəyişiklikləri və dünya miqyasında patent fəaliyyəti, Azərbaycanda patent fəaliyyətinin nəticələri haqqında ətraflı məlumat verilib.
Təqdimatda qeyd olunub ki, bu gün əqli hüquqlar sahəsində "yaşıl" innovasiyaların yaranmasına və təşviqinə yönəlmiş bir neçə tendensiya mövcuddur. İqlim dəyişikliyinin azaldılması üzrə əqli hüquqlar sistemində ən mühüm rolu patent hüquqları oynayır. "Yaşıl" texnologiyaları ixtira və ya faydalı model kimi qeydiyyata almaq və beləliklə, bu obyektlərə "yaşıl" adlanan patentlər əldə etmək mümkündür.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına uyğun olaraq, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) 2010-cu ildə Beynəlxalq Patent Təsnifatının "yaşıl" reyestrini nəşr edib və bu reyestr üzrə "yaşıl" patentlərin verildiyi yeddi kateqoriya sahələri müəyyən edilib: alternativ enerji istehsalı, nəqliyyat, enerjiyə qənaət, tullantıların idarə edilməsi, kənd və meşə təsərrüfatı, inzibati idarəetmə, normativ-layihə və nüvə enerjisi. "Yaşıl" patent qeyd olunan sahələrdən birinə aid olan və iqlim problemlərinin həllinə yönəlmiş ixtiralara müstəsna hüququ təsdiq edir. Ədəbiyyatda "yaşıl patent" anlayışının daha qısa izahı mövcuddur - mövcud patentləşdirilmiş texnologiyalardan fərqli olaraq, iqlimə daha az təsir göstərən texnologiyalara dair patent.
K.İmanov bildirib ki, patent sahəsində Agentliyin əldə etdiyi yekunlar dövlət başçısı İlham Əliyevin təşəbbüsü və səyləri nəticəsində aparılan islahatların nəticəsidir. İxtiraçıların və sahibkarlıq subyektlərinin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi üçün sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulu məqsədilə Əqli Mülkiyyət Agentliyində yaradılan "Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf" (PƏNAH) rəqəmli informasiya sistemi 24/7 rejimində fəaliyyət göstərir. Şəffaflığın və məlumatlara əlçatanlığın təmin olunması üçün Sənaye Mülkiyyəti Obyektlərinin Reyestri - ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərə dair "Açıq reyestrlər" yaradılmışdır. Agentliyin "Çağrı Mərkəzi"nə orta hesabla il ərzində 24 mindən çox müraciət daxil olur.
ÜƏMT müasir çağırışlara cavab verən milli əqli mülkiyyət ofislərinin yaradılmasına aid təlimatların hazırlanması məqsədilə dünya üzrə 204 ofis arasından 15 ölkənin mükəmməl idarəetmə strukturuna və inzibatçılıq mexanizmlərinə malik olan ofisləri sırasına Azərbaycanın Əqli Mülkiyyət Agentliyini də daxil edib.
Müstəqil Dövlətlər Birliyi məkanında fəaliyyət göstərən Avrasiya Patent Təşkilatı əqli mülkiyyət sahəsində Azərbaycanın müsbət təcrübəsini nəzərə alaraq "Müasir əqli mülkiyyət ofisinin formalaşması və fəaliyyəti" mövzusunda geniş prezentasiya və məqalə sifariş edərək, onu Moskvada nəşr olunan tanınmış peşəkar "Əqli mülkiyyət: Sənaye mülkiyyəti" jurnalının xüsusi buraxılışında (2023, №5) dərc etdirmiş və Avrasiya Patent Təşkilatının rəhbəri tərəfindən həmin təcrübədən geniş istifadə etmək tövsiyə olunmuşdur.
K.İmanov Qlobal İnnovasiya İndeksi-2024 Hesabatında Agentliyin bilavasitə sərəncamında olan göstəricilərin artdığını, patentlərlə bağlı Cənubi Qafqazda liderlik əldə edildiyini xüsusi vurğulayaraq, ixtiralar üzrə iddia sənədlərinin ekspertiza müddətinin ümumi qaydaya görə 12 ay təşkil etdiyi halda orta hesabla 8-9 aya endirildiyini, MDB məkanında ilk olaraq ixtira, faydalı model və sənaye nümunələrinə dair iddia sənədlərinin 3D formatında qəbuluna başlanıldığını bildirib. Əmtəə nişanına dair iddia sənədinin mahiyyət üzrə ekspertiza prosedurlarının müddəti orta hesabla 3 ay (beynəlxalq təcrübədə 6-12 ay), sürətli ekspertizanın müddəti isə iddia sənədinin baxılmağa qəbul edildiyi tarixdən bir ay əvəzinə 15-20 gün təşkil edir.
Çıxışının sonunda K.İmanov qarşıda duran vəzifələr və həlli yolları barədə fikirlərini bölüşüb.
Tədbir zamanı Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçmiş "yaşıl patentlər"in bir qismi barədə məlumat verilib, mövzu ətrafında müzakirələr keçirilib. Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun direktoru İslam Mustafayevin "Azərbaycanda ətraf mühitin mühafizəsi vəekoloji problemlər", Azərbaycan Milli Aviasiya Akademiyasının yeni texnologiyalar üzrə prorektoru Xəqani Abdullayev və Azərbaycan Milli Aviasiya Akademiyasının Kimya materialları və nanokompozitlər laboratoriyasının rəhbəri Nəriman Cavadovun "Neft qurğularında istifadə olunması üçün ekoloji təmiz örtüklər", Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi-Tədqiqat İnstitutunun Ekologiya laboratoriyasının aparıcı elmi işçisi Ruqiyyə İsmayılovanın "Bərk məişət tullantılarından üzvi - mineral gübrənin alınması üsulu", Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Əlvan metal tərkibli mineral xammalın emalı laboratoriyasının elmi işçisi Aysel Muradovanın "Daşkəsən kobalt filizinin zənginləşmə tullantılarından kobaltın çıxarılması üsulu", Azərbaycan Texniki Universitetinin "Mühəndis fizikası və elektronikası" kafedrasının baş elmi işçisi Musa Əsədovun "Dayanıqlı su-neft emulsiyalarının qarşısının alınması", Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədovun "Su və torpağın təmizlənməsi üçün istifadə olunan qurğular", Azərbaycan Milli Aviasiya Akademiyasının Elmi İstehsalat Birliyinin Elmi-Tədqiqatlar İnstitutunun Biofiziki cihazlar şöbəsinin müdiri Ənvər İsayevin "Torpağın çirkləndirilməsi ilə bağlı qida təhlükəsizliyinin təmin edilməsi", AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Mineral gübrələr kafedrasının aparıcı elmi işçisi Vüqar Cəfərov və Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Qeyri-üzvi və sintetik sorbentlər laboratoriyasının aparıcı elmi işçisi Zarema Cabbarovanın "Məişət tullantı sularının təmizlənməsi zamanı əmələ gələn aktiv lildən üzvi gübrənin alınması üsulu", Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun "Bərpa olunan enerji növlərinin çevrilməsi" laboratoriyasının müdiri Oktay Salamovun "Bərpa olunan enerji mənbələri əsasında yaradılan müxtəlif təyinatlı energetik qurğular", Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi-Tədqiqat İnstitutunun Kataliz və neft emalı laboratoriyasının elmi işçisi Kəmalə İsmayılovanın "Torpağın dənli bitkilərin yetişdirilməsi üçün zənginləşdirilməsi üsulu" mövzularında məruzələri dinlənilib.
Çıxışlarda iqlim dəyişikliyi ilə mübarizədə təkcə siyasi iradənin deyil, qabaqcıl texnologiyaların da rol oynadığı vurğulanıb, bu baxımdan əqli mülkiyyət hüquqlarının qorunmasının mühüm şərt olduğu qeyd edilib. Çıxış edənlər Əqli Mülkiyyət Agentliyinin müvafiq istiqamətdə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər.
Qeyd edək ki, dəyirmi masanın keçirildiyi müddətdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Tabeliyində Olan Respublika Elmi - Texniki Kitabxanası mövzuya uyğun kitab və jurnallar sərgisi təşkil edib.