Borcun ödənilməməsinə görə hansı halda məsuliyyət yaranır? - ÖZƏL
31 Oktyabr 2024 13:42 Sosial"Məhkəmə qanuni qüvvəsini almış məhkəmə qərarının icra edilməsi üçün icra vərəqəsini ərazi üzrə İcra şöbələrinə göndərir. İcra şöbələri, eləcə də icra məmuru məhkəmə qərarı üzrə göndərilən icra vərəqisini müzakirə və ya mübahisəlındirən orqan deyil, onu icra edən orqandır". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib: "İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə İnzibati Xətalar Məcələsinin 528 - ci maddəsinə əsasən inzibati məsuliyyətə (cərimə, inzibati həbs) səbəb olur. Yəni, cavabdeh-borclu məhkəmə qərarının icrasından məqsədyönlü yayınır. Əlbəttə ki, icrası mümkün olmayan məhkəmə qərarları icra məmuru tərəfindən qəbul olunmuş müvafiq qərarla Məhkəməyə geri qaytarılır. Bu halda da cavabdehin-borclunun inzibati məsuliyyətdən söhbət gedə bilməz.
Cavabdeh-borclu məhkəmə qərarını məqsədyönlü icra etmədiyinə görə, barəsində tətbiq edilmiş İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsininnin sanksiyalarından sonra cinayət məsuliyyətinə cəlb oluna bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə (cərimə, 5 ilədək azadlıqdan məhrum etmə) əsasdır.
Borcun ödənilməməsinə görə cinayət məsuliyyəti dedikdə, mülki tələblərin icrasına dair məhkəmə qərarının icra edilməməsi nəzərdə tutulur. Qanuna görə, cavabdeh-borclu borcuna, yaxud hər hansı bir öhdəliyi icra etmədiyinə görə yox, məhkəmə qərarını məqsədyönlü icra etmədiyinə və ya onun icrasına maneə yaratdığına görə cinayət məsuliyyətinə cəlb olunur. Xüsusilə qeyd etmək lazımdır ki, cinayət məsuliyyətinə cəlb olunan subyektlərə cavabdeh-borclu, vəzifəli şıxslər, icra məmuru və s aiddir".