COP29 tədbirinə hazırlıq üçün ingilis dilini bilən işçilərdən ibarət növbələr qurulub - TƏBİB
16:28 SosialCOP29 tədbirinə hazırlıq üçün ingilis dilini bilən işçilərdən ibarət növbələr qurulub.
Olaylar xəbər verir ki, bunu COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
"Təcili və təxirəsalınmaz tibbi yardımın Mərkəzi Çağrı Xidmətinə daxil olan müraciətləri operativ yönləndirmək üçün bir sıra addımlar atılıb. COP29 tədbirinə hazırlıq üçün ingilis dilini bilən işçilərdən ibarət növbələr qurulub. Bütün kompüterlər sazlanıb, yeni call-center avadanlıqları təmin olunub. Bundan əlavə, data serverə baxış keçirilib, gələcəkdə baş verə biləcək texniki nasazlığın qarşısını almaq məqsədilə server yeni ötürücü qurğularla təchiz olunub.
Tədbirin keçiriləcəyi Bakı Olimpiya Stadionundakı həkim məntəqələrinə ingilis dili biliyi olan ixtisaslı həkim və orta tibb işçiləri cəlb edilib.
COP29 dövründə Heydər Əliyev Adına Beynəlxalq Hava Limanında tibbi xidmətin təşkil olunması ilə əlaqədar xidmət göstərəcək təcili yardım briqadaları təyin edilib", - deyə o bildirib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.