Bakının yağışında "Qoca və dəniz"

Bu gün işə çatmaq üçün 3 saat sərf etmişəm. Saat 7-də evdən çıxanam. 
Həmişə müsibətlə, zülmlə gəlirdim, arada istisnalar olanda da sevincimdən uçurdum. Həmin günləri də uğurlu gün hesab edirdim.  
 Amma bu gün özümü Ernest Heminqueyinin "Qoca və dəniz" əsərindəki qoca kimi hiss elədim. 
Bu nə müsibət idi, ilahi! 
Az qala gəlib işimdən imtina ərizəsi yazmaq istədim. Yollar mənim sinirlərimi pozdu.
Qatara çatmaq istədim. Gördüm ora gedən yolumuzu su basıb. Avtobusa mindim, gördüm o şəhərə gedən deyil, Məhəmmədi dairəsinə çatan kimi düşdüm. Taksiyə mindim, gördüm tıxacda tərpənmir. Düşdüm 217 saylı avtobusa  mindim. Sevindim ki, tez çataram. Düz 1 saat yarım o da yolda qaldı. Axırda hövsələm çatmadı. Düşüb  Zabrat dairəsinə doğru olan yolu piyada getdim. 
Konkret ördəklik idi. Ördəklik! Onsuz da sadəlövh xasiyyətimlə özümü "Ördək balası" sindromundan əziyyət çəkən biri hesab edirəm, elə ördəklikdə qalsam yaxşıdır. ))
 131 nömrəli avtobus gəldi, mindim. Bu sürətli idi. Sevindim. Amma pəncərədən baxanda vahimələnirdim. Zabrat-Balaxanı yolu da yaman gündə idi.
Əsas da Balaxanıda yol çəkilişlərini düzgün qurulmadığı göz önündə idi. 
Deməli, guya yol çəkiblər. Sağ olsunlar! Amma çiy iş görüblər. Çiy! Yolun hasarını uçurublar və neft mədənlərindən gələn sel suları yolun o tərəfindən şəlalə kimi axıb bu yanındakı həyət evlərinə dolur. 
Ürəkaçan mənzərə deyildi.  Beynim yandı. 
Gecədən də işıqlarımız yox idi, telefonun  enerjisi bitmişdi, "mənzərə"ni çəkə bilmədim. 
Gəldim palçıqlı ayaqla metroya girməyə utandım. Təmizlədim. Ürəyim rahatlandı...
İndi işdəyəm. Amma elə bil məni döyüblər. Özümü o qədər əzgin hiss edirəm ki,  yadıma oğlumun sözü düşür: "Ana, adam bu yollarda avtobus və ya maşınla yol gedərkən heç bir fiziki iş görməsə də, niyə yorulur?" 
Deyirəm, ay bala, adam fikir yorğunu olur, dağı arana, aranı dağa aparır, ona görə yorulur. Fiziki iş adamı yormur. 
İşə gələnə kimi nə qədər düşünmüşəm... Kiminsə əvəzinə düşünmək də adamı yorur.  Mən niyə düşünməliyəm ki, bu yolu belə çəksəydilər, bu sfetaforu belə qoysaydılar, bu marketi gətirib yolun ortasına qoymasaydılar və s. işləri etməsəydilər, yollar açıq olardı.  
Nə isə...
Bugünkü günüm getsin, gəlməsin.

Fəridə  Rüstəmova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31