Erkən nikah sosial problemlər yaradır- ÖZƏL
21 Oktyabr 2024 14:13 SosialHər gün təbliğat aparılmasına baxmayaraq, məktəb yaşlı qızlarla evlilik təəssüf ki, hələ də davam edir. Rəsmi statistikaya görə, Azərbaycanda 18 yaşdan aşağı olan qızlar arasında evliliklər azalıb, lakin hələ də belə faktlara rast gəlinir. "Olaylar"ın məlumatına görə, məsələyə münasibət bildirən təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli qeyd edib ki, hələ də məktəb yaşlı qızların evliliyi ilə bağlı hallara rast gəlinir: "Bu gün sosial şəbəkələrdə və mediada Saatlıda belə bir halın baş verdiyi gündəm olub. Şəxsə qarşı cinayət işi də açılıb. Məktəbyaşlılarla qurulan nigahlar, xüsusilə qızlar arasında, təhsilin yarımçıq qalmasına, erkən yaşda ana olmağın gətirdiyi sağlamlıq və sosial problemlərə səbəb olur.
2011-ci ildə qəbul edilən qanunlara əsasən, Azərbaycanda evlilik yaşı 18-ə qaldırılıb. Dövlət və qeyri-hökumət təşkilatlarının maarifləndirmə kampaniyaları zəif həyata keçirilir ki, hələ də bu kimi hallara rast gəlirik. UNICEF-in məlumatlarına əsasən, erkən nigahların geniş yayıldığı ölkələrdə qızların təhsildən kənar qalma riski daha yüksəkdir. həmən qrumun 2020-ci il hesabatına görə, dünyada təxminən 650 milyon qadın 18 yaşından əvvəl evlənib. Təəssüf ki, Azərbaycanda belə nigahların hələ də mövcudluğu sosial narahatlıq olaraq qalır. Bu problemin həlli üçün təbliğat məktəblərdən başlamalıdır".
Hüquqşünas Alim Hüseynli qeyd edib ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər: "Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi nikahın dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxt bağlana bilər. Nikahın dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur".