Süni mayalanma ilə doğulan uşaqların valideynləri barədə məlumatlar hansı qaydada rasmiləşdirilir?

Bir sıra hallarda doğum haqqında şəhadətnamələrdə valideyinlər haqqında məlumatların düzgün yazılmaması müxtəlif problemlərin yaranması ilə nəticələnir. Bəs, əslində doğum haqqında şəhadətnamədə valideynlər barədə məlumatlar hansı qaydada yazılmalıdır?

"Olaylar"ın məlumatına görə, hüquqşünas Alim Hüseynli bildirib ki, bir qayda olaraq ata və ana öz aralarında nikahda olduqda onlar doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar:

"Uşaq aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, ananın əri (keçmiş əri) uşağın atası hesab olunur. Ata və ana öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın anasının ərizəsi və ya atalığın müəyyən edilməsi haqqında akt qeydi əsasında aparılır. Uşaq nikahı olmayan anadan doğulduqda və atalıq müəyyən edilmədikdə doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Bu halda uşağa ananın soyadı verilir. Uşağın atasının və babasının adı, habelə atasının milliyyəti ananın göstərişi üzrə yazılır".
Onun sözlərinə görə, süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi metodlar nəticəsində doğulmuş uşağın doğumunun qeydiyyatı zamanı valideynlər barədə məlumatların da yazılma qaydası müəyyən olunub: "Öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında aktın qeydində və şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar, öz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına yazılı şəkildə razılıq verən şəxslər yalnız uşağı doğan qadının razılığı ilə uşağın valideynləri kimi yazıla bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31