Fiziki məşqlərin təsirini təqlid edən preparat- ÖZƏL

Olaylar.az xəbər verir ki, danimarkalı alimlər insan orqanizmində fiziki məşqlərin təsirini təkrarlayan bir molekul hazırlayıblar. Bu molekul, səhər acqarına 10 kilometr qaçışın orqanizmdə yaratdığı effektləri yaradır.

Məlumata görə, fiziki fəaliyyət və aclıq maddələr mübadiləsini sürətləndirir, ürək-damar sistemini möhkəmləndirir və qanda yağ səviyyəsini azaldır. Bu təsirlər orqanizmdə laktatın (süd turşusu duzları) və ketonların miqdarının artması ilə baş verir.

Orxus Universitetindən olan alimlər bu təsirləri süni şəkildə əldə etməyi qarşılarına məqsəd qoyublar. Bu unikal laktat və keton birləşməsini lazımsız komponentlər - duz və turşular olmadan yaratmaq üç il vaxt aparıb. Nəticədə, bu "möcüzəvi həb"i qəbul edən insan sanki intensiv qaçış və aclıq rejiminə əməl edirmiş kimi bədənində laktat və keton səviyyəsini yüksəldir.

Tədqiqatlar siçanlar üzərində aparılıb və hazırda insanların üzərində testlərə başlanılıb. Alimlər bu innovativ preparatın ilk növbədə fiziki fəaliyyət göstərə bilməyən və ya aclıq rejiminə əməl edə bilməyən insanlar üçün nəzərdə tutulduğunu bildirirlər.

Professor Tomas Poulsen qeyd edir ki, ürək xəstəlikləri və ya zəiflik kimi məhdudiyyətləri olan insanlar üçün bu preparat sağlamlıqlarını bərpa etməkdə mühüm rol oynaya bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31