"Mirvari" yenidən dənizə açılır - Bakı bulvarında gəmi gəzintisi bərpa edilir

Bakının Dənizkənarı Bulvarı turistlərin və yerli sakinlərin mütləq görməli olduğu yerlərdən biridir. Bulvara gələn insanların ən sevimli məşğuliyyətlərindən biri də Xəzərin sularında qısa gəmi gəzintisinə çıxmaq idi. Lakin iki il idi ki, gəmi gəzintisi dayandırılmışdı.

Son günlər Bakı bulvarının ərazisindəki ən böyük və məşhur "Mirvari" gəmisi yenidən görünməyə başlayıb.

Olaylar bildirir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bildirib ki, cari ildə gəmilərin yenidən fəaliyyətə başlaması istiqamətində işlərə başlanıldı.

"Dənizin müəyyən hissələrində dərinliyinin ölçülməsi işləri aparıldı və buna uyğun olaraq yeni, təhlükəsiz marşrut xətləri müəyyənləşdirildi. Eyni zamanda, "Mirvari" gəmisinin təhlükəsiz və rahat hərəkəti üçün təmir və renovasiya işləri aparıldı.

Bir neçə gündür, gəmi Dəniz Vağzalı qarşısındakı körpüyə yan alıb və gəmi gəzintisi üçün son hazırlıq işləri görülür. Hazırlıq işləri yekunlaşdıqdan sonra qiymətlər və güzəştlər barədə məlumat veriləcək", - deyə Ə.Mehdiyeva qeyd edib.

Qeyd edək ki, Dənizkənarı Milli Parkda xidmət göstərən "Mirvari" gəzinti gəmisinin sərnişin tutumu 446 nəfərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31