Cəbrayılda ilk dərs günü ilə bağlı tədbir keçirilib- ÖZƏL

Oktyabrın 9-da Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dərs günü ilə bağlı tədbir  keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb kollektivi və valideynlər iştirak edibilər.
Məlumat üçün qeyd edək ki, 960 şagird yerlik məktəbdə 2024-2025-ci tədris ilində təhsil alacaq 133 şagird və məktəbəhazırlığa cəlb olunan 16 nəfər uşaqla 23 nəfər pedaqoji heyət çalışacaq. Ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb.
Onu da qeyd edək ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov da sözügedən məktəbdə təhsil alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31