Görmə məhdudiyyəti olan xanımlara təlimlər keçirilib
8 Oktyabr 15:11 SosialAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Əlil Ziyalılar İctimai Birliyi tərəfindən "Görmə üzrə fiziki məhdudiyyəti olan qızlara və qadınlara sosial dəstək" layihəsi icra olunur.
Layihə çərçivəsində görmə üzrə fiziki məhdudiyyəti olan 8 qız və qadına özünə xidmət, gigiyena, evdarlıq və kulinariya üzrə təlimlər təşkil edilib. Təlimlər vasitəsilə bu xanımlara isti və soyuq qəlyanaltılar, salat və şirniyyatların hazırlanması, ütüləmə, xırda tikiş, çay və yemək süfrələrinin hazırlanması, eləcə də süfrə arxasında yemək etiketi qaydaları öyrədilib. Təlimlərə cəlb edilən psixoloq və sosial işçilər gözdən əlil xanımlarla sosial mövzuda müzakirələr apararaq onlara mənəvi dəstək göstərib. Təlimləri tamamilə görmə qabiliyyəti olmayan kulinar pedaqoq Günay Məmmədova aparıb.
Görmə qabiliyyətini illər öncə tamamilə itirən Günay Məmmədova, öz üzərində işləyərək, qaranlıq həyat şəraitinə tam inteqrasiya olub və kulinariya sahəsində bir sıra layihələrdə uğur qazanmış peşəkar pedaqoq olaraq, təlimlərdə iştirak edən xanımlara praktik dəstək göstərib. Onun həyatı və peşəkar nailiyyətləri iştirakçılara yüksək motivasiya verib.