Brend asılılığından necə xilas olaq?

Marka, brend məhsullara göstərilən diqqət bu gün qarşılaşılan ciddi problemlər arasındadır. İnsanlar ətrafdakıların bəyənməsi və qəbul etməsi üçün bahalı brendlərə müraciət edirlər. Bu məqsədlər üçün davamlı olaraq markalı məhsulların alınmasına "marka asılılığı" da deyilir.
Xüsusilə son 10 ildə ölkəmizdə brend asılılığı kifayət qədər geniş vüsət alıb ki, bunun da ən gözdə nümunəsi yeni satışa çıxarılan "İphone" markalı telefonların satışında rekord edilməsidir.
İmkanının necə olmasından asılı olmayaraq sırf kimdənsə geri qalmamaq üçün qazandığı pulu son qəpiyinədək brend, bahalı məhsullara xərcləyən, aldığı əşyaları, geyimləri istifadə etməyən və bu alışqanlığını ram edə bilməyənlərin sayı artır. Sevdiyi brendi ala bilmirsə, özünü dəyərsiz və əhəmiyyətsiz hesab edən, kreditlə, borcla istəyinə nail olan insanların sayı çoxalır.
İnsanların bu brend asılılığın səbəbi nədir?
Sosioloq Gülər Kərimova bildirir ki, insanlardakı bu problemi uşaq yaşlarından həll etmək lazımdır:
"Brend asılılığı insanlarda ta 2-3 yaşından başlayan bir vəziyyətdir. Uşaq kanallarında uşaqların hansı oyuncaqları, paltarları alması ilə bağlı reklamlar var və bunlar uşaqların diqqətini cəlb edir və nəticədə zaman keçdikcə, daha da böyüyüb məktəbdə, çevrəsində brend məhsullar istifadə edən insanları gördükcə uşaqlarda bu asılılıq yaranır.
Gənclər və uşaqlar markalı məhsullardan obsesif istifadə nümayiş etdirə bilirlər. Bu davranış tək bir markaya yönəlməyib. Başqalarının qəbulunu, təqdirini və rəğbətini qazanmaq üçün müxtəlif brendlərin məhsullarına üstünlük verilə bilər ki, qeyd etdiyiniz məşhur telefon modelinə göstərilən diqqət də bunun bir nümunəsidir. Bu məqamda önəmli olan alınan məhsulun keyfiyyətini, qiymətini və istifadə üstünlüyünü nəzərə almaqdansa, yalnız markaya diqqət yetirməkdir. Çünki bu məhsulu alan şəxs brend imici, təsiri və brendlə inteqrasiyası ilə özünü daha vacib və dəyərli hiss edir.
İnsanlar öz həyat vəziyyətlərinə təsir etdiyini düşünərək markalı məhsulları seçə bilərlər. Zaman keçdikcə brend məhsulları almaq meyli asılılığa çevrilir. Fərdlər brend məhsullara üstünlük verdikdə birdən çox amili qeyd etmək olar. Bu amillərdən ən mühümləri sosial media və ətraf mühitə təsirdir.
Bu vəziyyətin səbəblərinə baxdığımızda onun inkişafında bir çox faktorun təsirli olduğu görülmüşdür. Məsələn, bu marağın əsas səbəbi özünü dəyərli hiss etmək və başqaları tərəfindən qəbul edilmək istəyidir. Eyni zamanda, istehlak cəmiyyəti olmanın təbii nəticəsi kimi brend asılılığı da meydana çıxır.
Brendlərin satış reklamları da insanları istiqamətləndirir və onların marka asılılığını inkişaf etdirməsinə təsir göstərir. Brendlər öz məhsullarını real şəkildə təqdim etmək əvəzinə fərqli şəkildə xidmət etdikdə insanlar özlərini bu markanın məhsullarını almaq məcburiyyətində hiss edə bilirlər.
Ətraf mühit faktoru da buna olduqca çox təsir edir. Yaxın dostlar, həmyaşıdlar və ya ətrafdakı digər insanlar tərəfindən istifadə edilən bir çox marka insana təzyiq göstərə bilir və bu təzyiq nəticəsində də insanlar həmin brendə müraciət etməyə başlayırlar.
Gəlir bölgüsü ilə bərabərsizlik yaradan səbəblər, qlobal marketinq strategiyaları, fərdin özünü təyin etməsi, sağlam dəyərlərdən uzaq olması, sosial təlimlər də bu asılılığın formalaşmasında təsirli olur.
Gənclər ümumiyyətlə brendlərin ən yaxşı materiallardan hazırlandıqları və buna görə də ən keyfiyyətli əşyalar olduğu düşüncələrinə sahibdirlər. Eyni zamanda, brend, son model məshullardan istifadə zənginliyin göstəricisi hesab olunur. Bu səbəbdən gənclərdə ümumiyyətlə brend sevgisi var. Bəzi gənclər brend məhsulları sırf populyar olduqları və bəyəndikləri insanların reklamlarında rol aldığı üçün alırlar.
Brendlə bağlı olan, bu asılılığı olan insanlar adətən yeniyetməlik çağında olurlar. Uşaqlıqda öyrənilən şeylər yeniyetməlik dünyasında yeni dəyərlərlə əvəz olunur. Bu proses yeniyetməlik adlanır. Köhnə və yeni dəyərlər müqayisə edilir. Yerləşdirmə zamanı sosial, cinsi və peşəkar kimliyi tanımaq üçün səy göstərilir. Bu mübarizə "identity böhranı" adlanır. Şəxsiyyət əldə etməyə çalışmaq normaldır. Bəzi yeniyetmələr bu dövrü çətin keçərkən, bəziləri səssizcə keçirirlər. Brend asılılığı bəzi yeniyetmələrin özlərini daha asan ifadə etmələri üçün bir vasitə kimi istifadə olunur.
Ailə münasibətləri də marka bağlılığının inkişafı prosesində təsirli olur. Ailənin avtoritar münasibəti gənclərin brend məhsullara üstünlük vermələrinə səbəb olur. Avtoritar ailələrdə böyüyən uşaqlar inam mühitində böyümür, azadlıq hissini hiss etmirlər. Uşaq bu çatışmayan duyğuları tamamlamaq üçün brendlərə müraciət edir. Bu vəziyyət ailədaxili münaqişələrə səbəb olur.
Uşaqlar asudə vaxtlarını valideynləri ilə birlikdə alış-verişlə keçirirlərsə, alış-verişi yaxşı vaxt keçirmənin meyarı kimi öyrənirlər. Bu səbəbdən valideynlər kiçik yaşlarından övladlarına yaxşı nümunə olmalı, pul xərcləməkdə onlara yol göstərməlidirlər.
Brend aludəçisi olan insanlar hər dəfə eyni markadan məhsul alırlar. Bu satınalma davranışı həm də öyrənmə faktoru ilə bağlıdır. Ehtiyacını ödəmək üçün satın alma davranışı sərgiləyən istehlakçı, istifadə etdiyi məhsulun markasını öyrənirsə və bu vəziyyətlə bağlı müsbət fikirlərə malikdirsə, o, davamlı olaraq eyni markanın məhsullarını almağa üstünlük verir.
Əlbəttə, biz demirik bu tamamilə yanlışdır. Xeyr, brend məhsullara üz tutmaq davranışı yanlış deyil. Ancaq obsesif olan markalar həyat tərzinə çevrilirsə və bu markaların məhsullarına daxil olmaq üçün sıx bir istək varsa,  artıq burada bir asılılıq vəziyyətindən danışa bilərik. Yenə arzu olunan markaların məhsulları alına bilməyəndə insan özünü başqalarından geri qalmış kimi hiss edərsə, bunu özünə ciddi problem edərsə, bu zaman marka asılılığı yarana bilər.
Uşaqları erkən yaşlarından şüurlu istehlaka istiqamətləndirmək, marka asılılığının qarşısını alır. Müəllimlərdən kömək almaq və sinifdə müəyyən qaydalar qoymaqla brend bağlılığı, həvəsi yaradan alış-verişin qarşısı alına bilər. Bu asılılığın yaranmasının qarşısını almaq üçün kiçik uşağın xarici görünüşü haqqında şişirdilmiş danışmamaq da vacibdir. Məktəb yaşlı uşaqlarla istəklərin təxirə salınıb-salınmaması barədə danışmaq da bu problemin aradan qaldırılmasında son dərəcə təsirli olur.
Bəs necə edək ki, uşaqlıqdan bu problem həll olunsun və uşaq böyüdükcə onun ağlında yaranan "başqasından geri qalmamaq" düşüncəsi aradan qalxsın.
Uşaqlara pul haqqında məlumatlandırıcı söhbətlər vermək bu problemin aradan qaldırılması üçün vacibdir. Pulun nə olduğu, necə istifadə edildiyi kimi mövzuların uşaqlara 2 yaşından başlayaraq tədricən izah edilməsi faydalıdır. Təbii ki, ətraflı izaha ehtiyac yoxdur. Sadəcə mümkün qədər gələcəkdə problemlərin yaşanmaması üçün açıq izah vermək lazımdır
Uşaq vaxtlarından azyaşlılara marka məhsulları, son model telefon, komputer və ya digər məhsullardan hansısa birini almaqdansa, şəxsi dəyərləri inkişaf etdirməyə diqqət yetirmək də vacibdir. Çalışqanlıq, cəsarət, tərəqqi, zəka və aktiv düşüncə kimi sahələrə diqqət yetirmək faydalıdır. Bu diqqət böyük inkişaf potensialı yaradır. Marka asılılığı olan insanlar cəmiyyət tərəfindən qəbul olunmaq üçün bu davranışı nümayiş etdirirlər. Şəxsi dəyərlər inkişaf edərsə, fərdlər özünə hörmətini artıraraq, insanların cəmiyyət tərəfindən qəbul edilməsi üçün brendlərə ehtiyac duymurlar.
Əslində bu vəziyyət sosial həyata təsir etdiyi qədər həm də psixoloji bir vəziyyətdir ki, insanların özünü başqalarından əksik hiss etməsinə səbəb olur. Çünki istənilən asılılıq probleminin qarşısı zamanında alınmalıdır. Bu səbəblə marka asılılığına diaqnoz qoymaq və bu problemi həll etmək üçün psixi sağlamlıq sahəsində mütəxəssis olan psixiatr, psixoloq və ya psixoloji məsləhətçiyə müraciət etmək lazımdır.
Qısacası, ailə uşaqlıqdan başlayaraq hər bir fərdə dəyər verməli və hörmət etməlidir. Çalışmalıdır ki, uşaqlarda özünəinam hissi sağlam şəkildə formalaşsın. Bu şəkildə böyüyən uşağın özünü dəyərli və özgüvənli hiss etməsi üçün bahalı brendlərə ehtiyacı olmayacaq.
Cəmiyyətdə yer qazanmaq üçün brend məhsullara üstünlük verən fərdlər yetişdirmək əvəzinə, seçim azadlığından istifadə edən fərdlər yetişdirməlisiniz".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31