Bənzərsizlikdə gizlənən gözəllik
27 Sentyabr 2024 17:12 SosialGözəllik heç də bənzərlik deyil
İllərlə təbiilik, fərdilik və özünəməxsusluq gözəlliyin meyarı sayılsa da, bugünkü dünyada plastik cərrahiyə ilə təyin olunan bir "ideal" gözəllik anlayışı mövcuddur. İndi üzlər gedərək bir-birinə bənzəyir: qalın və simmetrik qaşlar, qalınlaşdırılmış dodaqlar, tərtəmiz, qırışıqsız dəri və kəskin konturlu çənələr. Hər kəs eyni qəlibdən çıxmış bir oyuncağa bənzəyir, fərdi izlər isə yavaş-yavaş yox olur.
Bu axına qapılaraq bənzərləşən insanlar niyə özlərini yetərsiz hiss edirlər? Bu sualın cavabı həm sosial, həm də psixoloji səbəblərdə gizlidir. Cəmiyyətin gözəllik anlayışı, tez-tez sosial mediada qarşılaşdığımız ideal obrazlar, mükəmməl bədənlər, hər qüsuru düzəldən fotoşop filtrləri reallıqla insan arasında uçurum yaradır. Əksər zaman gənc qadınlar sanki bir qəlibə salınmış bu "gözəllik" standartlarına çatmağa çalışırlar. Yavaş-yavaş kişilərin də eyni standartlara cavab vermək üçün çabalaması isə ayrı yazının mövzusudur.
Öz bədənindən və üzündən narazı olmaq insanın özünə inamını azaldır və ya məhz bu səbəbdən kompleks yaranır. İnsanlar ən kiçik qüsurları belə, böyüdərək kompleksə çevrilir, özlərini başqalarının gözlərində qeyri-cazibədar və qeyri-mükəmməl hesab edirlər. Özünə olan bu narazılıq, dərin və gizli bir çatışmazlıq hissi ilə əvəz olunur, nəticədə, bir çoxları plastik əməliyyatı xilas yolu kimi görürlər. Cəmiyyətin gözəlliklə bağlı sərt standartları, insanları özlərindən narazı salan tələblər qoyur, sanki təbiilik artıq yetərsizdir.
Amma bu problemlərin kökləri çox daha dərindir. Hər bir insanın özünə aid olan xüsusiyyətlər - kimi bəlkə də burun forması, kimisə gözlərin fərqli quruluşu ilə özünü ifadə edir. Amma günümüzdə cəmiyyət bu fərqləri qəbul etməkdə çətinlik çəkir. İnsanlar bənzərsizliklərini gizlətmək, özlərini cəmiyyətin "bəyənilən" qəlibinə sığdırmaq istəyirlər. Sanki hər fərqli xüsusiyyət qüsur sayılır və bunu düzəltmək lazımdır. Cəmiyyətin bu qüsur anlayışı isə gözəllik standartlarına uyğun olmayan hər şeyi təzyiq altında saxlayır.
Plastik Əməliyyatla Kuklaya Çevrilmək
Estetik əməliyyatlar çoxlarının gözündə "mükəmməl görünüş" əldə etmək üçün bir vasitədir. Lakin bu cəhdlər bəzən insanı qeyri-təbii bir hala gətirir. Bir çox insanlar özlərini dəyişdirərək bənzərsiz olmaq arzusu ilə başladıqları yolun sonunda eyni standart üzlərə malik olur, hətta bəzən oyuncaq kuklalar kimi süni görünürlər. Estetik əməliyyatlar insanlara cazibədarlıq, gənclik, təzə bir başlanğıc vəd etsə də, nəticə olaraq onların təbiiliyi yox olur. Sanki gözəllik axtarışı onları həqiqi şəxsiyyətlərindən uzaqlaşdırır, orijinal, təbii izlərini silir.
Bir çox insan əməliyyatdan sonra gözlədikləri nəticələri əldə etmir. Həyatlarında böyük dəyişikliklər baş vermir, çünki əsl problem xarici görünüşdə deyil, daxili məmnuniyyətsizlikdədir. İnsanlar özünə olan inamsızlığını və özünü sevməmək hissini plastik cərrahiyanın həll edəcəyinə inanır. Lakin əməliyyatla dəyişən sadəcə üz cizgiləridir, daxili hisslər olduğu kimi qalır. Bu səbəbdən, əməliyyatdan sonra belə özünü yetərsiz hiss etmək problemi çox vaxt davam edir. Gözlənilən "mükəmməllik" əldə edildikdən sonra belə, içəridəki boşluq dolmur, sadəcə yeni qüsurlar axtarılır.
Estetik əməliyyatların populyarlığı artsa da, eyni zamanda təbiiliyi, fərdiliyi sevənlər və onu qorumaq istəyənlər hələ də qalır. Gözəllik heç də mükəmməl olmaq anlamına gəlmir, əksinə, o, insanın fərqli cizgilərində, təkrarsız ifadəsindədir.
Mövzu ilə bağlı sosioloq Lalə Mehralının fikirlərini aldıq:
-Gözəllik tarixən insanların əhəmiyyət verdiyi və hər coğrafiyada fərqli tabuları olan anlayış olub. Bir cəmiyyətdə gözəllik naminə edilən müdaxilələr başqa bir cəmiyyətin təəccübünə səbəb olub. Mənə görə gözəllik normalardır. Əndazəsindən çıxan bütün müdaxilələr anormallıqdır. Plastik-estetik cərrahiyyə tibbin ən gəlirli sahəsinə çevrilib. İnsanlar, xüsusilə qadınlar sanki özünə nifrət edir, görünüşlərindən daim narazıdırlar, məmnuniyyət hissi yoxdur, hamı özünü dəyişmək sevdasına düşür, beləcə əbədi istehlakçı bazası formalaşır və milyonlarla pul dövr edir.
Çərçivədən, hədəqədən çıxılmadığı müddətcə gözəllik spesifik olmalıdır. Əgər burnun azacıq sümüklüdürsə, bu sənin üçün spesifikdir, əgər dodaqların nazikdirsə onu dolğu ilə böyütmək sənin xarakterinə heç nə qatmayacaq, əgər göz rəngin qaradırsa onu zorla yaşıl etmək səni xüsusi etmir. İnsanlar öz bədənini olduğu kimi sevmədiyi üçün bu proses uzanacaq. Əvvəlcə öz bədənimizi olduğu kimi qəbul etməliyik. Bu qədər radikal dəyişikliklər edən insanın psixologiyası sağlam deyil deməli. Xarici görünüşümüzü modaya uyğun dəyişməyə çalışsaq, sonunda özümüzü qeyri-adekvat görməyə başlayarıq, necə ki indi çoxu bu vəziyyətdədir.
Yaradanın yaratdığını bəyənməyib öz üzərində yenidənqurma, təmir-bərpa işləri görən, gördürən insanlar, istədiyimiz qədər trendlərlə ayaqlaşmağa çalışaq, ruhumuz həmişə olduğu kimi qalacaq. Ətrafımız bizi zahiri görkəmimizə görə deyil, daxili gözəlliyimizə görə sevməli və qəbul etməlidir. Özünü olduğun kimi qəbul etsən, insanlar səni olduğun kimi qəbul edəcəklər. Vacib olan insanların səni necə gördüyü deyil, özünü necə gördüyündür. Öz görüntüsünü sevməyən insanlar üçün özünüdəyişmə əməliyyatlarının sonu yoxdur.
"Fərqli olmaq, cəmiyyətdən fərqli düşünmək və özünü qəbul etmək böyük cəsarət tələb edir. Bu, xüsusilə də insanları mükəmməllik standartlarına uydurmağa çalışan bir dünyada çətindir. Amma bu fərdilik insanın şəxsiyyətinin təməlidir. Bəzən insan öz çatışmazlıqları ilə daha da gözəl olur. Çünki bu, onu digərlərindən ayıran, fərqləndirən özünəməxsus izdir. Nəticədə, gözəllik standartları dəyişsə də, insanın daxili səsi, özünə olan inamı onun həqiqi dəyərini formalaşdırır.
Beləliklə, plastik əməliyyatlarla dəyişən üzlər bizə bir şeyi xatırladır: gözəllik heç də bənzərlik deyil. Bənzərsizlikdə gözəllik gizlidir. Gözəllik isə hər zaman insanın öz daxili gücündən və özünü olduğu kimi qəbul etməsindən başlayır".
Zeynəb Rzayeva