Gecikmiş səfər və gecikmiş yazı

Gözyaşı  ilə  yoğrulmuş torpaq indi qürurla danışır.

Salam!

Yurddayam - Qarabağda, can evimizdə, hər daşına, hər çiçəyinə sinəmi söykədiyim doğma torpağımızda. Bir  az  gec  gəldim buralara....çoxdan  gəlməliydim... yox  mən  bu  torpaqlarda  doğulmalıydım...  Qışın acı şaxtasında titrəyən körpə əllərin, ayaqyalın qaçan anaların keçdiyi yollardayam...o yollardan əllərim, gözlərim yazır sizə. Ən kiçik bir ağacın yarpağından belə, qəlbimə Vətənin həsrəti dolur. Bu yolların hər qarışı xatirədir, ahdır, nalədir, fəxrdir. 

Yollarını gedəndə hiss edirəm ki, Qarabağ özü danışır mənimlə. Ayağımın altında torpaq deyil, sanki qürur, dirəniş var. Şəhidlərimin ruhu mənə bələdçilik edir, hər küncdə onların səsi duyulur. Cıdır düzünü aşağı enəndə ayaqlarım bəlkə də büdrəyərdi, amma yıxılmaqdan heç qorxmadım. Mən ilk dəfədir ki, özümü bu qədər güclü hiss edirdim. Sanki torpaq məni qaldırırdı, addımlarımın arxasında şəhidlərin mənə güvən dolu baxışlarını sezirdim. 

Çoxunun adını bilmədiyim o qəhrəmanlar indi mənimlədir. Onların izi hər yerdədir. Xudafərin körpüsündən üzü dağlara doğru baxdıqca, şəhidlərin izinə qarışan dumanı, onların səsini eşidirəm. Bu gün onların əmanətinə toxunuram, torpağın hər zərrəsinə qarışan qanlarına, izlərinə şahid oluram. Deyirlər ki, insan hər şeydən doyur, mən Vətəndən doymaram. 

İlahi, mən bu  sətirləri  Qarabağdan yazıram. Hər nəfəsimdə bu torpağın cənnət qoxusunu alıram. Qolumu açıb bu dağlara sarı çırpınmaq, Qarabağımın səmasındakı ulduzlara doğru süzülmək istəyirəm. Bu qədər böyük xoşbəxtliyin, fərəhin, sevincin, kədərin, iztirabın bir yerdə necə mövcud olduğunu anlamağa artıq cəhd belə etmirəm. Sən əsl möcüzəsən, doğma torpağım! Burada kədərin belə bir gözəlliyi var - onun dərinliyində bir cəsarət, qalibiyyət yatır. Gözümün önündə keçmişin izləri var, bu izlərin arxasında indi dirçələn bir gələcək görürəm. 

Şəhidlərim bu torpaqda yaşayır. Onların qanı ilə suvarılan, gözyaşları ilə yuyulan bu torpaq heç vaxt öz dəyərindən zərrə nə isə itirməz. 

Mən Qarabağdan yazıram. Bəzən sözlər boğazımda düyünlənir, bəzən də ürəyim qəhərdən sıxılır, amma yazmağa davam edirəm. Çünki bu torpağın nə qədər möhtəşəm olduğunu, nə qədər böyük bir iztirab yaşadığını yalnız burda olmaqla anlamaq olar. Hər qarışında tarix yazılan, hər addımından qəhrəmanlıq doğan bu torpaq mənim kimliyimin özüdür.

İlahi, mən Qarabağdayam. Sözlər bəs etmir, çünki bu torpaq göz yaşı, fəryadla danışır, sevinc içində çırpınır. Buradan dünyaya bir salam göndərirəm - şəhidlərimin salamını. Bu torpaq məni çağırır, mən isə ona sarılıb, hər damlasını, hər anını hiss edərək cavab verirəm: "Mən də buradayam, Qarabağ!"

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31