Gələcək illərdə Qarabağ Universitetində tələbə sayı artırılacaq - Nazir

Qarabağ Universitetinin açılışını planlaşdırırıq. Orada 1200 tələbə, 150 müəllim tədrisə başlayır. Gələcək illərdə tələbə sayı artırılacaq.

Olaylar bildirir ki, bu barədə Trend-in suallarını cavablayarkən elm və təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, bu gün Şuşada Bilik günü keçirilməsi ikiqat sevincdir.

"Bu il ilk dəfədir ki, Azərbaycan bütün ərazilərində suverenliyi bərpa etdikdən sonra tədris ilinə başlayırıq. Bu da sevincimizə sevinc qatır.

İşğaldan azad edildikdən sonra, demək olar ki, bütün böyük şəhərlərdə məktəb tikintilərinə başlandı. Bu il Şuşa məktəbində açılış etdik, bir qədər sonra Xocalıya gedəcəyik. Yaxın zamanda Xankəndi şəhərində, eləcə də, Cəbrayıl şəhərində məktəb istifadəyə veriləcək.

Ümumiyyətlə, hazırda 30-a qədər məktəbdə tikinti işləri gedir. Eyni zamanda, Qarabağ Universitetinin açılışını planlaşdırırıq. Orada 1200 tələbə, 150 müəllim tədrisə başlayır. Gələcək illərdə tələbə sayı artırılacaq", - deyə nazir əlavə edib.

Qeyd edək ki, sentyabrın 16-dan Azərbaycanda 2024-2025-ci tədris ili başlanır. Yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs "Yaşıl dünya naminə həmrəylik" mövzusuna həsr olunacaq. 2024-2025-ci tədris ilində respublika üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 513 min 698 şagird təhsil alacaq. Həmin məktəblərin I sinfində 46 min 98, IX sinfində 44 min 233, X sinfində 35 min 757 , XI sinfində 32 min 260, XII sinfində 156 şagird təhsil alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31