“Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” kitabı işıq üzü görüb

Son 4  ildə aparılmış araşdırmaların nəticəsi olaraq "Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə" adlı kitabın I hissəsi çap olunub. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının geniş zalında  keçirilən təqdimat mərasini aparan hüquq müdafiəçisi Rauf Zeyni çıxış edərək kitabın strateji əhəmiyyətdən danışaraq qeyd etdi ki,  kitab 1937-ci ildə və sonrakı dönəmlərdə repressiyalara məruz qalan, təqib edilən şəxslərin həyatından bəhs edir. "Olaylar"ın məlumatına görə, kitabın müəllifi Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri, araşdırmaçı-jurnalist Əkrəm Bəydəmirli bildirib ki, hər sənədi vərəqlədikcə incidilmiş Azərbaycanın böyük şəxsiyyətlərinin narahat ruhlarının harayını eşidirdik: "Bu insanların taleyi ilə bağlı müxtəlif mənbələrdən  məlumat toplayarkən, bu qənaətə gəldik ki, ədalətin bitdiyi, vicdanın susduğu yerdə repressiya və qanunsuz əməllər başlayır. Həmin dövr ərzində minlərlə Azərbaycan ziyalısı Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilib. Əslində, Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edildi. Dəhşətli faktdır ki, repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində öndə olub. Bir xalqın, toplumun ziyalılarını qətlə yetirmək, onu uzun illər elm nurundan, təhsil işığından məhrum etmək deməkdir". 
Daha sonra BDU-nun müəllimi, xeyli sayda kitabın redaksiya heyətinin üzvü  Nazim Vəlişov kitabda qaldırılan məqamlara diqqət çəkdi və ümumilikdə repressiya tarixindən danışdı.  Daha sonra Təhmasib Novruzov, İradə Rzazadə, Əlisəfa Mehdiyev,Firudin Məmmədov, Müşfiq Əliyev, AMEA-nın  Tarix institutunun professoru Vaqif Abışov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov  və digər şəxslər çıxış edərək kitabla bağlı fikirlərini bildirdilər.
Qeyd edək ki,  tariximizə ehtiram əlaməti olaraq ərsəyə gələn bu kitab Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin "Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə" layihəsi çərçivəsində işıq üzü görüb. Kitabla bağlı AMEA-nın Ədəbiyyat İnstitutunun rəyi vardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31