Tıxacların qarşısını necə almaq olar?

Avtobusların sayını kəskin artırsaq, bütün məsələlər qaydasına düşəcək

Azərbaycan parlamenti tərəfindən "Avtomobil nəqliyyatı haqqında" qanunda edilən dəyişiklik müxtəlif fikir ayrılıqlarının yaranmasına səbəb olub. Məlumat üçün qeyd edək ki, sənədə əsasən "Avtomobil nəqliyyatı haqqında" Qanun ölkə ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir. Həmçinin bu sahədə dövlət orqanları (qurumları), daşıyıcılar və avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə xidmətlərin istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir. Dəyişikliyə görə, qanuna yeni anlayışlar əlavə edilib. Həmçinin, ölkədaxili sifarişli daşımalara taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla qeyri-müntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları aid edilir. Millət vəkili, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev qeyd edib ki, qanunlar real ictimai münasibətləri tənzimləməlidir. "Əgər ölkədə Qərb standartları yoxdursa, Qərb standartlarına uyğun qanunların qəbulu ona gətirib çıxarır ki, insanlar qanunları pozur və ölkədə qanuna hörmət itir. Ona görə də yaxşı qanun yüksək standartlara cavab verən qanun deyil, real ictimai münasibətləri tənzimləyən qanun olmalıdır ki, onu tətbiq etmək mümkün olsun. Əgər onu tətbiq etmək mümkün olmayacaqsa, insanlar qanunları pozacaq, yayınacaq. Bu da neqativ hallara yol açacaq və ölkədə qanunlara hörmət itəcək. Buna görə də, bu məsələ üzərində düşünmək lazımdır. Məsələn, məlumat verilmədir ki, Qərb ölkələrində təqribən yüz min nəfərə neçə avtobus, neçə metrostansiya düşür. Mən, bir dəfə Londonla müqayisə aparmışdım ki, bizdə avtobusların sayı ora ilə müqayisədə minimum 3 dəfə azdır - hər yüz min nəfərə düşən avtobusların, metrostansiyaların sayına görə. Məsələn, Londondan fərqli olaraq bizdə tramvay xətləri, kanatlar və s. yoxdur. Ona görə də əslində biz sevinməliyik. Bu gün taksilərin sayı artıbsa və qiymət aşağı düşübsə, bu bəlkə də azsaylı sahələrdən biridir ki, hökumətin burada uğuru var. Uğur da ondan ibarətdir ki, rəqabət mühiti var və rəqabət mühiti nəticəsində taksi xidmətlərində qiymətlər aşağı düşüb. Məsələn, BakuBus niyə yaradıldı? Özəl şirkətlər bu işlə məşğul olmaldırlar. Lazım gəlsə onlara kredit verilməlidir ki, elektirik mühərrikli avtobuslar alsınlar. Avtobusların sayını kəskin artırsaq, sizi əmin edirəm ki, bütün məsələlər qaydasına düşəcək. Bunun üçün də sahibkarlara güzəştli kreditlər vermək lazımdır. Bu barədə müvafiq icra hakimiyyəti orqanları ciddi düşünməlidir. Vaxtilə parlamentdə məsələ qaldırmışdım ki, niyə bizdə sürücünün taxoqraf kartı yoxdur? İndi bu, qanunvericiliyə daxil edilir. Yəni, sürücünü çox işlədə bilməyəcəklər. Sürücü hər saat yarım-iki saatdan bir dayanıb, ən azı 10-15 dəqiqə istirahət edəcək. Yəni bilinəcək ki, bir sürücü sükan arxasında nə qədər əyləşib və sair. Sadəcə taksilərə, taksi kimi istifadə olunan avtomobillərə dair tələblər, standartlar yüksək səviyyəyə qaldırılmaldıır. Mütləq avtomobillərin texniki və təhlükəsizlik göstəriciləri nəzərə alınmalıdır ki, hansı avtomobillərdən taksi xidmətində istifadə etmək olar? Yəni bunları etmək lazımdır və mən hesab edirəm ki, bunlar olacağı təqdirdə bu qanun uğurlu olacaq. Bu qanun ümumiyyətlə mütətəqqi qanundur, amma qeyd etdiyim kimi, neqativ hallara yol açmasın deyə mütləq metro tikintisinə ciddi vəsait ayrılmalıdır. Xarici investorlar cəlb olunmaldır. Bakıya çoxsaylı avtobuslar gətirilməlidir. Avropa ölkələrində olanda görürük ki, orada avtobuslar günün sonunda küçələrdə karvan kimi hərəkət edirlər. Bizdə isə avtobuslar tək-tük gözə dəyir və ona görə də belə bir vəziyyət yaranır. Yaxşı olar ki, müvafiq icra hakimiyyəti orqanları da ictimai nəqliyyatda keyfiyyətin yaxşılaşdırılması, avtobusların sayının artırılmasını ciddi şəkildə düşünsünlər. Açıq söyləyirəm, insanlar arasında fikir bundan ibarətdir: "məmurların özləri də tıxaca düşürlər. Özləri bundan narahatdırlar. Ona görə də tıxacın qarşısının alınması üçün taksilərin sayının azaldılmasını istəyirlər". Amma dediyim kimi, tıxacın qarşısını almaq mümkün olmayacaq, o vaxta qədər ki, ölkədə keyfiyyətli avtobusların sayı artırlmayacaq".

Alim

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31