POS-terminaldan imtina-Vətəndaş hüququnun tapdanmasıdır...
17 İyun 2023 14:34 SosialHər bir vətəndaş gündəlik alış-verişlə bağlı mağazalarda "POS-terminal işləmir" cavabı ilə qarşılaşıb. Belə olan halda vətəndaşdan məbləğ ya nağd şəkildə, ya da kartdan karta ödəniş yolu ilə tələb olunur. Bütün dünyanın nağdsız sistemə keçid etdiyi zamandan bu yana Azərbaycanda hələ də bu kimi problemlərlə qarşılaşmaq mümkün olur. Vətəndaşın öz ödədiyi məbləğdən qazandığı əlavə dəyər vergisi, bank kartlarının bonusları vətəndaşları daha çox nağdsız ödənişə yönləndirir. POS-terminal olmadıqda, kassa çeki verilmədikdə isə vətəndaş hüquqları tapdanmış sayılır. Belə halla daha çox məhəllə mağazalarında, parfumeriyalarda, gündəlik lazım ola biləcək əşyaların satıldığı xırdavatçılarda rast gəlirik. İri marketlər və iaşə obyektləri üzərində nəzarət və istifadə daha çox olduğu üçün məsələyə daha çox diqqət ayrılır. Ancaq, istehlakçı hər bir halda qazanmaq istəyir və alacağı ən xırda məhsulu belə nağd ödəniş etmədən əldə etməyə çalışır. Qanunvericilikdə bu kimi hallarla bağlı cərimələr olsa da, vətəndaşlar şikayət etmədiyi müddətcə hansısa obyekt vergidən yayınmağa davam edir.
Kassa çekinin verilməməsi isə bizi təkcə əlavə dəyər vergisindən yox, aldığımız məhsulu geri qaytarmaq və ya dəyişdirmək hüququndan da məhrum edir.
İstehlakçılar məhsul alarkən nəyə diqqət etməlidir?
Bu kimi halların cəriməsi nədir?
Obyektlər nə üçün bu üsula müraciət edir?
_(1).jpg)
Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov:
-İstehlakçı hüquqlarının müdafiəsi haqqında qanuna görə Nazirlər Kabinetinin qərarına əsasən bir sıra mallar istisna olmaqla istehlakçı aldığı məhsulu 14 gün müddətində qaytara və ya dəyişdirə bilər. Çox vacibdir ki, istehlakçıda məhsulu hardan alması ilə bağlı rəsmi sənəd olsun. Bu kassa çeki və ya məhsulun çeki ola bilər. Məhsul isə istifadə edilməmiş olmalıdır. Nazirlər Kabinetinin uyğun qərarında gigiyenik tələblərə uyğun olan məhsulların siyahısı göstərilib. Diş pastaları, alt paltarları bu kateqoriyaya aiddir. Təəssüflər olsun ki, daş-qaşlı qiymətli metallar və kosmetik vasitələr də bu siyahıya daxil edilib. Azad İstehlakçılar Birliyi olaraq bu qərardan razı deyilik. İstəyirik ki, bu cür malları geri qaytarmaq mümkün olsun.
Digər ciddi problemlərdən biri də kassa çekinin verilməməsi məsələsidir. Məsələn, böyük ticarət mərkəzlərində belə kassa çeki verilmir. Bu halda istehlakçının hüququnu məhkəmədə belə müdafiə etmək mümkün olmur. Çünki, ortada malın satışını sübut edən sənəd olmalıdır. Istehlakçılar bəzən məhsulu bir dəfə istifadə edib, sabahı gün qaytarmaq istəyirlər. Burada istehlakçı haqsız olur. Malın etiketinin üzərində olması və istifadə edilməməsi çox mühüm amillərdən biridir.
Qanunvericilikdə bəzi parodoksal və çatışmayan amillər var. Məsələn, istehlakçı ayaqqabı alır, sabahı gün cırılır. İstifadə etdiyi və etiketi olmadığı üçün mağazaya qaytara bilmir. Bəs geyinməsə, keyfiyyətinə necə əmin olacaqdı?
Bir qərarda deyilir ki, qiyməti ödənilmiş və dükandan çıxarılmış ərzaq məhsulu qaytarıla bilməz. Vətəndaş satış məntəqəsində istifadə etməlidir aldığı ərzaq məhsulunu?
Bütün belə hallarda istehlakçılar İqtisadiyyat Nazirliyi 195 qaynar xətti ilə əlaqə saxlamalıdırlar.
Hökümət çalışır ki, bütün ölkədə nağdsız ödəniş sisteminə keçsin. "POS-terminal işləmir" kimi bəhanələrə vergidən yayınmaq üçün əl atırlar.
Vəkil Turan Abdullazadə:
_(3)_(1)_(1).jpg)
-Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Bu nəzarətə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi də daxildir.
POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə: təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, bu Məcəllənin 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
İqtisadçı Toğrul Vəliyev:
.jpg)
-Qanunvericiliyə görə bu problemlə bağlı müvafiq qurumlara, vergi xidmətinə şikayət ünvanlamaq olar. Vergi xidməti həmin müəssisəni cərimələyəcək. Obyektlərin bu üsula müraciət etməsinin bir neçə səbəbi var. POS- terminalın işləməməsi tez-tez müşahidə etdiyimiz hallardan biridir. Demək olmaz ki, onlar kiçik və ya orta sahibkarlardır. Ancaq, ortada vergidən yayınma halları olur. Onun üçün də vətəndaşdan ödənişi nağd halda tələb edirlər. Kiçik sahibkarlara isə bəzən şərtlər uyğun gəlmir. Onlar, faiz itirir. İtirilən faiz yalnız kartlar üzərindən olmur. Nağd halda edilən ödənişlərdə də olur. Çünki, bir çox hallarda onlar sadələşdirilmiş vergi sistemi ilə işləyirlər. Kiçik və ya orta sahibkarlar öz ödənişlərini minimallaşdırmaq üçün çalışırlar ki, POS-terminalla olan ödənişlərin bir qədər qarşısını alsınlar. Çünki, hər bir halda gəlir itkiləri çox olur. Ancaq, elə iri obyektlər var ki, POS-terminal bir yana, satış çeki belə təqdim edilmir. Bunun tək səbəbi vergidən yayınmadır. Təəssüf ki, bu hala daha çox iri obyektlərdə rast gəlinir. Kiçik obyektlərdə isə şərtlərin uyğunsuzluğu nəzərə alınmalıdır ki, onlar öz istəkləri ilə POS-terminal quraşdırsın. Bu da vergi məcəlləsi və bankların yanaşmasında dəyişiklik tələb edir.
İqtisadçı ekspert Natiq Cəfərli:

-Obyektlərdə vergidən yayınma məsələsinə görə bəzən POS-terminal istifadə edilmir.
Burada bir başqa məsələ də var. POS-terminalların olmaması vətəndaş üçün problem yaradırsa, obyektlərdən də nəyə görə POS-terminalın olmamasını soruşmaq lazımdır. Onlar üçün də müəyyən güzəştlər nəzərdə tutulmalıdır. Bəzən POS-terminalın bahalı olması, vergilərin yüksək olması onları buna vadar edir. Düzgün iş görmürlər, ancaq, buna vadar olurlar. Vətəndaş belə hallarda İqtisadiyyat Nazirliyi İstehlakçı hüquqlarının müdafiəsi komitəsinə müraciət edə bilər. Qeyri-hökümət təşkilatı olan İstehlakçıların hüquqlarını qorumaq komitəsinə də müraciət edə bilərlər. Həmin orqanların da borcudur ki, vətəndaşın şikayətinə operativ şəkildə baxsınlar.
İqtisadçı Ruslan Atakişiyev:
.jpg)
-Ümumiyyətlə, hər hansı mağaza POS-terminal və kassa aparatı işləmədikdə həmin gün fəaliyyətə davam edə bilməz. POS-terminal və kassa aparatı quraşdırılmayan obyektlər vergi məcəlləsinə görə cərimə edilir. Vətəndaş belə halla rastlaşdıqda qaynar xəttlə əlaqə saxlamalıdır. Operativ vergi xidməti mağazaya baxış keçirməli, istehlakçı hüququ təmin olunmalıdır.
Əfsanə Kamal