Qida qədər vacib...- APTEKLƏR NİYƏ DÜZGÜN FƏALİYYƏT GÖSTƏRMİR?
21 Aprel 2023 12:57 Sosialİnsanların yaşadığı hər yerdə ərzaq məhsulları qədər zəruri olan ehtiyaclar arasında dərman vasitələri yer tutur. Bir çox sistem baxımından inkişaf etməkdə olan ölkəmizdə isə aptek problemi həllini tapmır. Axşam müəyyən saatlardan sonra səhər saat 9 hətta, 10-a qədər fəaliyyət göstərən aptek tapmaq mümkünsüz olur. Hər hansı bir iynə və ya dərman üçün isə vətəndaşlar təcili yardıma çağırış etmək məcburiyyətində qalırlar. Adi problemlər üçün isə təcili yardım xidmətini məşğul etməyi vətəndaşlar düzgün hesab etmir. Səhər saat 5-6 radələrində açıq market hətta, qəssab belə tapmaq mümkün olduğu halda apteklərin qapısında qıfıl olmağı nə qədər doğrudur?
Vətəndaşlar vacib olan dərman vasitəsini tapmaq üçün şəhərin bir ucundan digərinə getmək məcburiyyətində buraxılır. Bu həm zaman, həm də maddi itki deməkdir. Astmadan əziyyət çəkdiyinizi və qəfil dərmanınızın bitdiyini gördüyünüzü düşünün. Belə halın nə qədər böyük faciə doğura biləcəyini düşünmək heç də çətin deyil. Vətəndaş ehtiyatsız ola bilər. Ehtiyatsızlığın ölümlə, qalıcı xəsarətlə, vəziyyətin daha da pisləşməsi ilə nəticələnməməsi üçün apteklər şəbəsi üzərinə düşən məsuliyyəti dərk etməlidir. Qapısında "24 saat açıqdır" yazılan apteklər belə bəzən ya qapalı olur, ya da işçi içəridə şirin yuxuya getmiş olur. Vətəndaş arxayın olub, aptekə yollanır, qapını nə qədər döysə də açan olmur. Səhiyyə sistemində çox böyük yeri olan apteklərin işinin düzgün fəaliyyəti onların vətəndaş qarşısında olan borcu hesab edilir. Bu kimi gözqabağında olan vacib problemin həll edilməsi böyük iş tələb etmir. Sistemli, düşünülmüş plan ilə problemi aradan qaldırmaq vacib məsələdir.
Belə olan halda vətəndaşların hüququ pozulurmu?
Tibbi obyektlərlə bağlı qanunla müəyyən olunan qaydalar varmı?
Məsələyə hüquqi, sosial və sistematik tərəfdən yanaşmaq üçün mütəxəssislərlə həmsöhbət olduq:
-Vəkil Turan Abdullazadə
_(3).jpg)
"Apteklər əhaliyə fasiləsiz xidmət göstərən təşkilatlardan biridir Hətta koronavirus xəstəliyinin ölkəmizdə geniş yayıldığı dövrdə apteklər fasiləsiz fəaliyyət göstərirdi .
Dərman vasitələri haqqında Azərbaycan Respublikası Qanununa əsasən, əhalinin dərman vasitələri ilə təminatı Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada həyata keçirilir.
Dərman vasitələri ilə davranış sahəsində dövlətin əsas vəzifələrindən biri də əhalinin keyfiyyətli dərman vasitələri almaq hüququna təminat verilməsi, əhalinin dərman vasitələri ilə təminatı sahəsində məqsədli dövlət proqramlarının hazırlanması və həyata keçirilməsidir.
Elə həmin qanunun 13-cü maddəsinə əsasən, əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Buradan da görünür ki, vətəndaşların kənar yerlərdən dərman almaq kimi imkanı yoxdur.
Aptek təşkilatlarında "Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı"na daxil edilmiş dərman vasitələrinin olması məcburidir.
Aptek təşkilatlarında xəstə qəbul etmək qadağan olsa da, hətta həyat üçün təhlükəli olan hallarda aptek təşkilatlarına gətirilən şəxslərə ilk tibbi yardım göstərilə bilər.
Buna görə də hesab edirəm ki, apteklərdə iş rejimi gecə və gündüz olmasından asılı olmayaraq fasiləsiz olmalıdır.
Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsində sağlamlığın qorunması hüququ öz əksini tapmışdır.
Belə ki, Konstitusiyamıza əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.
Lakin təəsüf ki, şəhərin mərkəzinə uzaq olan yaşayış sahələrində fasiləsiz xidmət göstərən apteklər mövcud deyil. Bu da bəzən ciddi problemlərə, hətta ölüm hallarına yol açır. Nəticədə vətəndaşların sağlamlığını qorumaq hüququ pozulur.
Hesab edirəm ki, bununla bağlı müvafiq dövlət qurumları məsələni nəzarətə götürməli və bütün ərazilərdə fasiləsiz işləyən apteklərin xidmət göstərməsini təmin etməlidir".
-Sosioloq Elçin Bayramlı
.jpg)
"Bu, çox ciddi problemdir. Demək olar ki, vətəndaşlar ölkənin hər yerində bu problemlə üzləşir. Axşam saat 10 dan sonra fəaliyyətdə olan aptek tapmaq mümkün deyil. Əvvəllər ərazilər, yaşayış massivləri bölgüsünə görə 24 saat açıq apteklər olurdu. İndi bunların çoxu ləğv edilib. Şəhərdə 24 saat fəaliyyət göstərən 1-2 aptek var. Onlar da əhalinin böyük hissəsindən aralıda yerləşir. Bu da təcili hallarda böyük problemə səbəb olur. Vətəndaşlar təcili dərman vasitəsi tapmaq üçün çox əziyyət çəkirlər. Aptek şəbəkələri əvvəl dövlətə bağlı idi. İndi isə özəldir. Bu səbəbdən növbətçi apteklər olurdu. Özəl sektor olduqdan sonra isə gecə növbəsinə əlavə işçi götürməmək üçün 24 saat açıq fəaliyyət göstərmirlər. Qanunla iş saatı 8 saat olsa da, dükanlarda, apteklərdə eyni işçi 13-14-15 saata qədər işləyə bilir. Ancaq, bir işçini bütün gn boyu işlətmək mümkün deyil. Gecə saatlarında satılacaq 3-4 dərmana görə işçi götürmək onlara görə əlavə xərcdir. Apteklərin 24 saat fəaliyyət göstərməsi məcburi olmalıdır. Səhiyyə Nazirliyi şəhəri ərazilərə bölməlidir. Hər ərazidə 24 saat fəaliyyət göstərən böyük aptek olmalıdır. Elə sistem qurulmalıdır ki, ərazidə yaşayan bir çox insan üçün əlçatan yerdə olsun. Gecə ictimai nəqliyyat da fəaliyyət göstərmədiyinə görə avtomobili olmayan şəxslər də nəzərə alınmalıdır. Dünyanın hər yerində belədir. Apteklərin işləməsi zəruri haldır. 24 saat açıq olan ərzaq mağazaları var. Onlar işləməyə də bilər. Ancaq, aptek mütləq işləməlidir. Bu, artıq nazirliyin problemidir. Məsələ mediada ictimailəşməlidir. Cavab verilməlidir ki, apteklər nə üçün gecə işləmir. Deputatlar da Milli Məclisdə bu problemi səsləndirməlidir".
-Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli

"Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının "Əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" 23.01.2018-ci il tarixli, 01 nömrəli Qərarı ilə təsdiq edilmiş "Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları"na əsasən aptek Səhiyyə Nazirliyinin təsdiq etdiyi nümunəyə uyğun və iş rеjimi barədə məlumatlar əks olunan tanıtma lövhəsi ilə təmin olunmalıdır. Bildiyiniz kimi aptekdə dərman vasitələrinin buraxılışı ali və ya orta ixtisas təhsilli əczaçılar tərəfindən həyata keçirilməlidir. Bu səbəbdən aptek 24 saat fəaliyyət göstərməsi üçün müvafiq sayda əczaçı kadr ilə təmin olunmalıdır. Buna səbəb Əmək Məcəlləsinin 89-cu maddəsində gündəlik iş saatının 8, həftəlik iş saatının isə 40 saat olaraq qəbul olunmasıdır. Bəzi hallarda əczaçı kadrın işdən ayrılması və ya digər hallarda aptek müvəqqəti olaraq 24 saatlıq fəaliyyətini dayandırmış olur, eləcə də sahibkarların gündəlik iş fəaliyyətindən asılı olaraq aptekdə iş vaxtı dəyişə də bilər. Belə olan halda aptek rəhbərliyi iş vaxtını tanıtma lövhəsində müvafiq olaraq dəyişdirməlidir. Əgər vətəndaşlar aptekin 24 saatlıq işləməsi qeyd olunmağına baxmayaraq fəaliyyət göstərmədiyi ilə qarşılaşarlarsa, bu zaman Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə qaynar xətt (012 596 07 12), pharma.az saytı və ya bir pəncərə xidmətinə yaxınlaşaraq bununla bağlı müraciət edə bilərlər. Bu kimi hallar baş verdikdə Mərkəzin əməkdaşları tərəfindən müvafiq tədbirlər görüləcəkdir".
Əfsanə Kamal