Nəqliyyat vasitəsi niyə hər gün dezinfeksiya olunmur...

Gün ərzindən işə, görüşə tələsdiyimiz üçün təyin olunan yerə vaxtından əvvəl çatmaqdan başqa heç nə düşünmürük. Üstəlik, nəqliyyat sistemində olan çoxsaylı problemlər bizə imkan vermir ki, sağlamlığımız haqqında düşünək. Yəqin ki, insanların böyük əksəriyyəti nəqliyyatda öncə rahatlığı sonra gigiyenanı düşündüyünü vurğulayar. Nəqliyyatda Ayaqüstə durmaqda belə çətinlik çəkdiyimiz bəzi zamanlarda təbii ki, avtobusun pəncərəsindən yapışan toz, kir gözümüzə görünməyəcək. Elə insanların sıx halda avtobusda yığıldığı bir zamanda başınızı qaldırsanız görəcəksiniz ki, "Nəqliiyyat vasitəsi hər gün dezinfeksiya olunur" ifadəsi üzünüzə gülümsəyir. Hər gün? Bəlkə, hər ay?

Həmin sözlərin yapışdırıldığı şüşənin kiri imkan vermir ki, bayırı görəsən. Əsas da, yağışlı və çox quru havalarda. Vətəndaşlar isə rahatlıqları ilə yanaşı sağlıqları haqqında da düşünməlidirlər. Doğrusu, içdiyi suyun şüşəsini vitrinə yerləşdirirmiş kimi avtobusda pəncərə kənarına yerləşdirən vətəndaşlar da var. Ümid edək ki, onlar küçədə də bu davranışı sərgiləmir. Ancaq, hər bir halda avtobusların hər gün dezinfeksiya olunmadığı gün kimi ortadadır. Tutacaqlar vətəndaşların əlinə "yapışır", oturacaqlarda əyləşərkən toz dənəcikləri ətrafa yayılır. Sürücülər yemək yeyir, çay içir, telefonla danışır. Onları qınamamaq üçün səbəb o olar ki, sistem düzgün qurulmayıb və onların yemək yeməyə belə vaxtı olmadığına görə insanların həyatını riskə atmaqdan çəkinmirlər. Sürücülər əksər hallarda öz öhdəliklərindən bixəbər olsa da, vətəndaş olmamalıdır. Nəticədə hər kəs xidmət qarşılığında ödəniş edir. Sağlıqlı və rahat səfər etmək isə hər bir sərnişinin haqqıdır. Hətta bununla bağlı Nazirlər Kabinetinin qərarı da var.

2009-cu ildə qəbul edilən 141 saylı qərara əsasən, daşıyıcı sahibkarın vəzifələrindən biri də odur ki, sərnişin daşıyan avtonəqliyyat vasitəsi sanitar-gigyenik tələblərə uyğun olmalıdır. Nəqliyyat vasitəsinin həm daxili, həm də xarici hissəsi gündəlik təmizlənməlidir. Çirklənmələr varsa, xüsusi maddələrlə yuyulmalıdır. Bunlar edilməlidir ki, virus, infeksiyalar yayılmasın. Zərurət yaranarsa, nəqliyyat vasitəsi gündə 2 dəfə təmizlənməlidir.

Bu baxımdan hər bir sahibkar təmizliklə bağlı məsuliyyət daşıyır. Belə olan halda, vətəndaş nə üçün öz sağlığını düşünmür?

Gediş haqqı artrılsa da, nə üçün verilən öhdəliklər yerinə yetirilmir?

Nəqliyyat sistemindəki problemlər çoxdur. Ən başlıcası gigiyena problemi olmalıdır. Problem ilə bağlı mütəxəssislərlə həmsöhbət olduq.

"Şəhər mərkəzində işləyən "BakuBus" tipli avtobusları çıxmaq şərti ilə, şəhərətrafı avtobuslar bərbad vəziyyətdədir. Həmin avtobusların həm texniki, həm də gigiyenik baxımdan yetərsizdir. Bu onu göstərir ki, hər dəfə xidməti yaxşılaşdırmaq  şərti ilə gediş haqqını artırmaq boş söhbətdir. Əhalidən əlavə pul almaq pul qoparmaq məqsədini güdür. Müsbətə doğru dəyişiklik yoxdur. Əksinə vəziyyət daha da pisləşir. Bunun üçün hüsabat verilməlidir. Son 2 dəfə gediş haqqında olan artışda heç bir söz yerinə yetirilməyib. Əlavə gəlirlər hara gedir? Niyə inkişaf yoxdur?
Bəzi şəhərətrafı kəndlərə, qəsəbələrə sınıq-sökük avtobuslar fəaliyyət göstərir. Gigiyenadan isə söhbət gedə bilməz. Eyni zamanda interval uzun, əhali isə çoxdur. 1990-cı-illərdə yaşadığımız vəziyyəti yaşayırıq nəqliyyat sistemində. BNA bununlar bağlı açıqlama verməlidir. Dedilər ki, sərnişindaşıma üçün vəsait çatışmır. Bəs, indi nə çatışmır?
Avtobusların gündəlik dezinfeksiya olunması məsələsi tamamilə uydurmadır. Yəqin ki, bir neçə gündən bir avtobusları başdansovdu süpürürlər. Buna görə də, virusun, bakteriyanın olması mümkün haldır. Oturacaqlardan pəncərələrə qədər hər bir detal pis vəziyyətdədir. Görüntü naminə şəhərin mərkəzinə 5-10 yeni, təmiz avtobus buraxılıb. Vətəndaşların hüququ hər yerdə bərabər olmalıdır. Şəhərdən kənarda yaşayan vətəndaşların da haqları var. Bu, sosial ayrı-seçkilikdir. İnsanlar özlərini cəmiyyətdə ikinci sinif şəxs kimi görürlər. Açıq şəkildə deyə bilərik ki, nəqliyyat təsərrüfatının rəhbərləri işin öhdəsindən gələ bilmir. Gediş haqqının artırılması ilə bağlı əldə edilən vəsaitlər heç bir yeniliyə xərclənmir. İşin rəhbərliyinə peşəkar kadrlar gətirilməlidir. Dünyanın inkişaf etmiş  şəhərlərini nümunə götürmək lazımdır. Bir çox ölkələrdə nəqliyyat sistemini bələdiyyələr formalaşdırır. Bəlkə, bələdiyyələr yenilik gətirə bilər. Ortada şəffaflıq da yoxdur. Heç nə tam olaraq bilinmir. Sahibkarlardan hansı pullar alınır, hansı şərtlər qoyulur bəlli deyil. Paytaxtı çıxmaq şərti ilə digər yerlərdə belə vəziyyət qəbul edilməzdir. Təcili tədbir görülməlidir. Şəffaf hesabatlar aparılmalıdır. Sərnişinlərdən nə qədər gəlir əldə edilir, xərclər  nə qədərdir, pullar hara xərclənir kimi sualların cavabı olmalıdır. Ondan sonra problemin nədən qaynaqlandığını tapa bilərik. Mən düşünürəm ki, burada ən böyük problem korrupsiyadır".

Sosioloq Ramil Nəcəfli

"Avtobuslarda olan antisanitariya tədbirləri elə pandemiya bitəndən sonra uçdu getdi. Pandemiya dövründə yenə görüntü xətrinə də olsa varıydı. Bizdə hər şey görüntü üçün olur. 
Hazırkı vaxtda fikir verirəm avtobuslar heç düz əməlli texniki baxışdan keçirilmir. 
Hər axşam supurulub silinmir. Sürücülərin sağlıq durumu kontrolda saxlanılmır. Saxta sağlamlıq arayışları verib yola salırlar. Oturanda baxırsan ki, avtobusun içində toz qalxır. Vəziyyət qənaətbəxş deyil".

BNA sözcüsü Mais Ağayev

"Qaydalara uyğun olaraq müntəzəm marşrut xətləri üzrə avtobuslar hər gün reysə çıxmazdan əvvəl istehsalat bazasında yəni qarajda təmizlənməlidir. Həm avtobusların daxili salonu həm də xarici yuyulub təmiz halda reysə çıxmalıdır. Daşıyıcı şirkətlərin hər biri buna cavabdehdilər. Lakin, dediyiniz kimi təəssüf ki, bir çox hallarda biz bunun əksini görürük. Bu və digər qaydalara riayət etməyən daşıyıcılara tərəfimizdən xəbərdarlıq edilir. Eyni zamanda bildirim ki, davamlı olaraq bu qaydalara riayət etməyən daşıyıcılar qanunvericiliyin tələbinə uyğun olaraq daşımalardan kənarlaşdırılır. Ötən dövrdə onlarla belə hal olub ki, qaydalara riayət etməyən şirkətlərin istismarında olan xətlər müsabiqə yolu ilə alınaraq digər daşıyıcıya verilib".

Əfsanə Kamal

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31