Peyvəndi olmayan virus- DEZİNFORMASİYA

Qonşuluqda, qardaş ölkədə baş verən hadisələrdən sonra Azərbaycanda dezinformasiya baş alıb gedir. Türkiyədə baş verən zəlzələ fəlakətindən sonra da eyni hadisələr yaşanır. Gah cəbhə xətti, gah da mərkəzdə ola biləcək hadisələrə qarşı fikirlər dolaşmağa başlayır.

Dezinformasiya nədir?

Dezinformasiya fərdləri və cəmiyyətləri istiqamətləndirmək məqsədilə yanlış məlumat vermək və ya həqiqətləri gizlədərək əskik məlumat verməkdir. Bu, mediada, siyasətdə, iqtisadiyyatda, idman və hərbi sahələrdə tez-tez istifadə edilən psixoloji müharibə metodudur. Əslində insanların sosial mediaya bu qədər intensiv maraq göstərməsinin səbəbi aldıqları qlobal xəbərlərin yenilənməsinə anındaca malik ola bilmək imkanlarıdır. Amerika hərbi qurumları cəmiyyətləri istənilən istiqamətdə təsir altına almaq məqsədi ilə informasiyadan istifadə edilməsini alqı idarəçiliyi kimi ifadə edirlər.

Bəzi aksiyalar gözlənildiyindən daha uzun müddət davam etdikdə təxribata daha açıq olur və sosial media da bu hadisələri idarə etmək üçün ən asan vasitə olur.

Dezinformasiyanın təsiri bizim düşündüyümüzdən də çoxdur. Hətta bəziləri gənclər tərəfindən sırf əyləncə məqsədi ilə yayılır. Ancaq əsasən qarışıqlığa səbəb olmaq və ya cəmiyyəti manipulyasiya etmək üçün istifadə edilir. Bu səbəbdən sosial mediada yayılmış xəbərlərin doğruluğuna dərhal qənaət gətirməməli, həqiqiliyini mütləq mühakimə etməliyik.

Pev Araşdırma Mərkəzinin verdiyi məlumata görə, orta nəsil xəbər oxumaq üçün sosial mediaya yönəlir. Pev tərəfindən keçirilən sorğuya əsasən bu nəslin 61%-i bütün siyasi xəbərləri Facebookdan öyrənərkən, sadəcə 31%-i ənənəvi TV xəbər kanallarına etibar edir. İndi Türkiyədə və dünyada qarışıqlıq vaxtlarında yayılmış məşhur dezinformasiya nümunələrini birlikdə araşdıraq.

Sosial mediadakı dezinformasiya nümunələri

Taksim Meydanının bərpasına etiraz olaraq başlayan Gəzi Parkındakı aksiyaların qarışıqlığa və qarşıdurmaya çevrilməsinin mühüm amillərindən biri Twitter vasitəsilə yayılan dezinformasiyadır. O vaxt cəmiyyəti qızışdırmaq üçün doğru olmayan bir çox tweet yazıldı. Sosial Media Təqib Sisteminin yaradıcısı Yasin Kəsənə görə, təkcə 31 mart 2013-cü il tarixində 15.247.000 tweet yazıldı və bunun beş milyonu təxribat xarakterli məlumatlar idi. Bu aldadıcı tweetlərin birində Avrasiya Marafonunda iştirak edən insanların şəkilləri "nümayişçilərin əksəriyyəti körpünü keçib" mesajı Boğaz Körpüsündən Taksimə yürüş şəklində əks etdirildi.

Amerikada da səhiyyə, siyasət, təbii fəlakətlər və müxtəlif cinayətlər haqqında çoxlu dezinformasiya yayılır. Məsələn, Amerikadakı bütün xəstələr Ebola virusu testindən keçdikdə nəticələr mənfi idi. Buna baxmayaraq, insanlar su, hava və qida yolu ilə xəstəlik bütün şəhərlərə böyük sürətlə yayılmış kimi "tweet"lər yazdılar. Yenə 2012-ci ildə Nyuton hücumunda və 2013-cü ilin aprel ayında meydana gələn Boston Marafonundakı partlayışda həqiqətlərdən uzaq məlumatlar paylaşıldı və cinayətkarların kimliyi haqqında cəmiyyət yanlış istiqamətləndirildi.

İngilis mediası da dezinformasiya məsələsində geri qalmır. Qısa bir müddət öncə BBC 2003-ci ildə İraqda çəkilmiş və müharibənin dəhşətini nümayiş etdirən bir fotoşəkili Suriyanın Hula bölgəsində meydana gələn qətliam açıqlaması ilə tanıtdı. Halbuki şəkli çəkən Marko di Lauro məsələ ilə bağlı "Daily Telegraph"a bu bəyanatı vermişdi:

"Mənim əsas çaşıb qaldığım məqam BBC kimi böyük miqyaslı xəbər qurumunun mənbələrə nəzarət etmə ehtiyacı hiss etməməsi, istər aktivist, istər vətəndaş və ya jurnalist olsun, kimdən nə gəlirsə-gəlsin, dərhal paylaşmağa bu qədər istəkli olmasıdır! Bu qədər"!

Marko di Lauro həmçinin bunu demişdir:

"Bir nəfər başqa birinin çəkdiyi fotoşəkili şüurlu olaraq təbliğat materialı kimi rahat şəkildə istifadə edə bilir".

Bundan sonra BBC-nin səlahiyyətli nümayəndəsi həmin şəkilin fotonun mənbəyi müəyyən olunan kimi BBC-nin internet səhifəsindən dərhal çıxarıldığını və təkzib edildiyini yazdı. Yenə başqa bir misal da "Daily Star" müxbiri Riçard Peppiarddandır. Peppiard "The Guardian" qəzetində nəşr etdirdiyi bir açıqlama ilə müsəlmanların əleyhinə yazılar yazmağı rədd etdiyi üçün "Daily Star" qəzetindən istefa etdiyini bildirdi.

Cəmiyyəti dezinformasiyadan necə qoruya bilərik?

Kompüter başında hər hansı biri, məsələn, bir gənc otağında dizinin üstündə noutbuku ilə oturarkən öz dünyagörüşünü ehtiva edən bir məlumatı heç bir mənbə göstərmədən hazırlayıb saniyələr ərzində sosial media vasitəsilə bütün dünyaya yaya bilər. Twitterı tədqiq etdikdə həqiqət kimi qəbul etdiyimiz bir çox istehsal edilmiş məlumat görürük. Ancaq bunların az qisminin yanlış olduğu aşkar edilmiş və təkzib edilmişdir. Bəs neçə nəfər bu yalan məlumat kampaniyasının fərqindədir?

Əlbəttə, aparılan bu məkrli xəbərlərə veriləcək ən təsirli cavablardan biri yenə sosial media vasitəsilə doğru xəbərləri yaymaq üçün səy göstərməkdir. Araşdırmaqdan heç vaxt imtina etməməliyik. Çünki sosial mediada davamlı bir yeniləmə mövcuddur və biz həmişə verilən məlumatların doğruluğunu, mənbənin etibarlı olub-olmadığını araşdırmaq məcburiyyətindəyik. Sosial mediadan istifadə edən bəzi pis niyyətli insanların qarışıqlıq çıxarmağa, nifrəti təşviq etməyə və hər hansı bir yerdə çıxmış böhranın tərəflərindən birini yanlış istiqamətləndirərək digər tərəfin adını ləkələməyə meyilli olduğunu unutmamalıyıq. Sosial media insanların etibarlı mənbələrə malik, təsdiq olunmuş həqiqi məlumatları bölüşdükləri bir platforma olmalıdır. Bu mesajlar qətiyyən din, irq və cinsiyyətə qarşı nifrət mesajları olmamalı, sevgini və dostluğu təşviq etməlidir. Tweet yazarkən yazdıqlarımızı əvvəlcə vicdanımızla qiymətləndirməliyik. Əks təqdirdə həm yalan, həm də qarışıqlığa səbəb olan bir informasiyanın yayılmasından məsul olarıq.

Ölkəmizdə dezinformasiyaya qarşı mübarizə necə tənzimlənir?

Problemin hüquqi tərəfləri ilə bağlı qaranlıq qalan məqamlara vəkil Turan Abdullazadə aydınlıq gətirdi:

Dezinformasiyaların yayılması ilə bağlı ölkəmizdə konkret normalar və sanksiyalar olmasa da əlaqəli bəzi müddəalar təsbit olunub.Bəzi ölkələrdə isə dezinformasiyalarının yayılmasına qarşı mübarizəni nəzərdə tutan normativ hüquqi aktlar  və normalar qəbul olunub. Məsələn, ötən il Türkiyə Böyük Millət Məclisi, Türk Cəza Qanununa edilən dəyişikliyə görə, ölkənin daxili və xarici təhlükəsizliyi, ictimai asayişi və ümumi sağlamlığı ilə bağlı ictimaiyyət arasında narahatlıq, qorxu və ya panika yaratmaq məqsədi ilə ictimai asayişi pozmağa yönəlik şəkildə ictimaiyyət arasında yalan məlumat yayan- yəni dezinfarmasiya yaymaqda təqsirli bilinən şəxslərin şəxs bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmasını nəzərdə tutan "Dezinformasiya Haqqında" qanun layihəsini qəbul edib.

Qeyd edim ki, Fransa, Almaniya və bir neçə başqa ölkələrdə də dezinformasiya yaymaq cinayət sayılır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 216-cı maddəsinə əsasən insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsinə əsasən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən KİV-lərdən istifadə olunmaqla törədildikdə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan başqa Cinayət Məcəlləsinin 296.1-ci maddəsinə əsasən,  cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə-min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə- iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31