Vətəndaş məsuliyyəti- Təxribata qarşı kor olmayaq...

İranda səfirliyimizə qarşı edilən xain hücumdan sonra təhlükəsizlik məsələsi gündəmə gəlib. Xüsusilə, təhsil ocaqları, əhalinin sıx olduğu yerlərdə vətəndaşlar necə davranmalıdır?

Təhlükəsizlik məsələsində dövlət orqanları qədər vətəndaşlar da məsuliyyət daşıyır.

Mövzu ilə bağlı fikirlərini ziyalılar "Olaylar"la bölüşüb:

Azərbaycan Respublikasının əməkdar jurnalisti, filologiya elmləri doktoru Qulu Məhərrəmli:

"Bu gün ictimai, sosial düşüncəsi olan, ətrafda gedən prosesləri izləyən, dünyada, öz coğrafiyamızda hansı hadisələrin baş verdiyini bilən hər bir vətəndaş ayıq-sayıq olmalıdır. Təkcə təhsil ocaqlarında deyil, bütün kollektivlərdə, strateji obyektlərdə mühafizə işlərinin səviyyəsi yüksəldilməlidir. Hər birimiz bu məsələyə həssas yanaşmalıyıq. İranda səfirliyimizə edilən hücumu dərindən təhlil etdikdə müəyyən boşluqların olduğu görünür. Bizim beş qonşu ölkəmiz var. Onlardan üçü Azərbaycana düşmən mövqeyində dayanır. Ermənistan, İran və Rusiya. Ona görə bizim üçün hər an ölkəmizdə təxribat olması mümkündür. Nəzəri olaraq ağıla gəlirsə, deməli, praktiki cəhətdən də mümkündür. Doğrudur, Dövlət Təhlükəsizlik Xİdmətimiz çalışır. Kəşfiyyat, əks-kəşfiyyat işləri görülür. Azərbaycana dost dövlətlər bununla bağlı mesajlar verir. Bununla yanaşı hər bir vətəndaşımız diqqətli olmalıdır. Məktəblərdə görülən və görüləcək işləri alqışlayıram. Təhsil ocaqlarına gəlib-gedən hər kəs nəzarət altında olmalıdır. Ölkələrin çoxunda təhsil müəssisələrinə nəzarətsiz olan bölgə kimi baxılır. Buna görə də təxribatların çoxu təhsil ocaqlarında törədilir. Məktəblərdə, kolleclərdə, ali təhsil ocaqlarında, əhalinin sıx olduğu yerlərdə hər birimiz diqqətli olmalıyıq. Məktəb elə bir yerdir ki, valideynlər, yad şəxslər də daxil ola bilir. Buna görə təhlükəsizlik tədbirlərinə ciddi ehtiyac var. İstənilən obyektin 1 girişi və 1 çıxışı olmalıdır ki, orada təhlükəsizlik təmin edilsin. Müəllimlər və şagirdlər təlimatlandırılmalıdır. İnsanın əsas instinkti təhlükəsizlikdir. Özümüzü xətadan, təxribatlardan qorumalıyıq. Əsasən də gəncləri qorumalıyıq. Çünki, millətin gələcəyi, genefondu uşaqlar, gənclərdir. İstənilən yaş kateqoriyasına aid olan kollektivlərdə  təhlükəsizlik gücləndirilməlidir".

Siyasi şərhçi Elçin Mirzəbəyli:

"İranın, xüsusilə ölkənin SEPAH-ı adlanan terror təşkilatının müxtəlif müstəvilərdə, müxtəlif ölkələrdə təxribat törətmə üsulları var. Metodlar ölkəyə, əhalisinə, əhalisinin dünyagörüşünə uyğun olaraq dəyişir. Şübhəsiz ki, biz İranın fərqli ölkələrdə həyata keçirdiyi təxribatları təhlil etsək, səbəblərin müxtəlif olduğunu görəcəyik. Diplomatlara qarşı səfirliklərdə və kənarda baş tutan aksiyalar var.  Restoranlarda müxtəlif ölkələrin nüfuzlu şəxslərinə qarşı ölkənin siyasi vəziyyətini gərginləşdirmək üçün törədilən aksiyalar var.  İqtisadi sabotaj xarakterli addımlar isə onların bir hissəsidir. İran rejimi qəddar,qaniçən, heç bir hüquqi dəyər tanımayan rejimdir ki, bu rejimin hansısa standartları nəzərə alaraq hərəkət edəcəyini düşünmək sadəlövhlük olar. Bunlarla yanaşı Azərbaycan xüsusi təhlükəsizlik orqanlarının ölkədə təhlükəsizliyi tam təmin etmək potensialında olduğunu düşünürəm. Həmçinin İranın cəsus şəbəkələrini aşkarlamaq gücündə olduğunu bilirik. Azərbaycan xüsusi təhlükəsizlik orqanları yüksək peşəkarlıq nümayiş etdirirlər. Təhlükəsizlik baxımından vətəndaş olaraq narahatlığım yoxdur. Digər məqama da xüsusi diqqət çəkmək istəyirəm. Bu vətəndaş mövqeyi ilə bağlıdır. Bu gün bizlər həm də informasiya terroru ilə qarşı-qarşıyayıq. Həm informasiya, həm də İranın buradakı "şaiyə" şəbəkəsi əhali arasında müxtəlif fikirlər formalaşdırmağa, yaymağa çalışır. Onların ifşa olunması istiqamətində vətəndaşlarımız kifayət qədər fəal olmalıdır. "Məndən ötdü, başqasına dəydi" prinsipi ilə yanaşmaq olmaz. Bunlar hər bir vətəndaşın qarşılaşa biləcəyi təxribatlardır. Vətəndaşlar şaiyələr yayan şəxslərin zərərsizləşdirilməsi, qanun qarşısında cavab verməsi üçün müvafiq dövlət qurumlarına dərhal məlumat verməlidirlər. Bu sıradan məsələ deyil. Ölkənin və vətəndaşların təhlükəsizliyi məsələsidir".

"Cümhuriyət" qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri Rəfael Becanov:

"Təhlükəsizlik məsələsi təkcə İranının törətdiyi bu terror hadisəsinə görə yox, ümumiyyətlə, önəmlidir. İstər son hadisə, istərsə Londonda İrana bağlı başqa bir terror qruplaşmasının səfirliyimizə soxulması göstərdi ki, təhlükəsilik məsələsini diqqətdən kənarda saxlamaq olmaz. Bu məsələyə xüsusi önəm verməliyik

Təkcə kənarda deyil, Azərbaycanın daxilində də bu məsələyə xüsusi diqqət ayırmalıyıq. Bu məsələdə ən böyük məsuliyyət təbii ki, dövlət orqanlarının üzərinə düşür. Hesab edirəm bu istiqamətdə daha ciddi tədbirlər görülməlidir. Eyni zamanda vətəndaş olaraq bizim də vəzifələrimiz var. Bəzən vətəndaşlarımız laqeydlik edirlər. Hər hansı şübhəli məqam hiss edən kimi dərhal polisə xəbər verilməlidir. Ayıq-sayıq olmalıyıq. İstənilən şübhəli məsələ ilə bağlı dövlət orqanlarına məlumat verməliyik ki, yoxlanılsın, araşdırılsın.

Almaniyada, Fransada, Rusiyada insanlar belə edir. Səni tanısa belə, hər hansı şübhələndiyi məqam olarsa, dərhal polisə məlumat verir. Bu, onların artıq vətəndaşlıq missiyasıdır. Bizdə də elə olmalıdır.

Baş verən terror bizi məcbur edir ki, ölkəmizin daxilində də xüsusi önləmlər alaq. Məktəblər, səhiyyə ocaqları, insanların kütləvi olduğu istənilən məkanda nəzarət gücləndirilsin. Hesab edirəm ki, dövlət orqanları bu məsələləri nəzərə alır.

İrandan bütün pislikləri gözləmək olar. Ermənistanı özünün qırmızı xətti hesab etməsi ilə bağlı açıqlama verən bir dövlətin Azərbaycana düşmən olduğunu hamımız bilirik. İranın Azərbaycan münasibəti illərdir belədir. İlk fürsətdəcə bizə düşmənçilik ediblər.

Lakin İranın böyük qüdrət sahibi olduğu bölüşmürəm. İran böyük qüdrət sahibi olsaydı, İsrailin son hücumundan özünü, hərbi obyektlərini qoruyardı. Baş verən hadisə göstərdi ki, İran da elə müttəfiqi Ermənistan kimi yalandan özünü mifləşdirilir, təbliğat qurur. Ermənistan da 30 il ordusu ilə öyündü. Az qala inanmışdıq ki, Ermənistanın məğlubedilməz bir ordusu var. 44 günə darmadağın oldu. İran da o formada mifləşdirilən dövlətlərdən biridir. Lakin İranın terrorçu dövlət olduğunu da heç zaman unutmamalıyıq.

Təbii ki, ölkəmizin daxilində istər İranın, istərsə bir başqasının hər hansı təxribat törətmək qüdrətində olduğuna inanmıram. Düşünürəm ki, buna cürətləri çatmaz. Azərbaycanın özünü qorumaq, vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün kifayət qədər resursları var. Tam formalaşmış və peşəkar dövlət qurumlarımız var. Tehranda edilən terroru, xainliyi Azərbaycanın daxilində edə bilməzlər. Lakin ehtiyatı da əldən verə bilmərik.

Tehranda səfirliyimizə hücum İranın islam yox, terror dövləti olduğunu göstərdi. Bu, xain bir saldırı idi. Mən onun hüquqi tərəflərinə toxunmuram. Bu, məlumdur. İran hansı konvensiyaları pozub və s. Bu xain terror, həm də bir mənəviyyatsızlıq məsələsidir. Müsəlman donuna bürünmüş bir iblis niyyətidir. Azərbaycan səfirliyinin qorunması İranın öhdəliyi idi. Çünki bizim orada səfirliyimizi qorumaq üçün ordumuz yox, polisimiz yox. İran isə bu hərəkətlə göstərdi ki, terror dövlətidir və onun üçün nə hüquq var, nə mənəviyyat".

"Bakı-Xəbər" qəzetinin baş redaktoru  Aydın Quliyev:

"Tehranda baş verən terror hadisəsi  İranın Azərbaycana qarşı düşmənçilik niyyətində olduğunu bir daha sübut etdi. Əgər, İranın qonşu dövlət olaraq Azərbaycana düşmən siyasəti  belə formalarda ifadə olunursa, demək bu, siyasəti müxtəlif formalarda davam etdirəcəyinə şübhə edilməməlidir.  Azərbaycan İran tərəfindən gələcək hər cür təxribatlara hazır olmalıdır. İranın xüsusi xidmət orqanları  dünyada pis mənada sayılıb-seçilən orqanlardır ki,onların tarixində saysız-hesabsız təxribat və terror əməlləri var. Heç təsadüfi deyil ki,müasir,sivil dünyada İran özünü dünyada terroru dəstəkləyən 4-5 ölkədən biri kimi rəsmi olaraq bəyan edib. İranın bəzi dövlət strukturları dünyanın mötəbər beynəlxalq tribunalarında terror təşkilatları kimi qeydiyyatdan keçib. SEPAH ABŞ-ın  dövlət  departamentində  terror təşkilatı kimi qeydiyyatdan keçdiyi artıq  faktdır.Buna görə də İranın Azərbaycana qarşı insan ölümü və yaralanma ilə nəticələnən  hücumundan sonra hər cür addımlar ata biləcəyi istisna edilməməlidir. Bu sıraya Bakıda, bölgələrdə, əhalinin sıx olduğu yerlərdə partlayışların törədilməsi insanlar arasında bir-birinə etimadı,dövlətə xalqın etimadını sındıran, parçalayan  şayiələrin yayılması, zəhərlənmələrin törədilməsi qida təhlükəsizliyi sahəsində qorxulu təxribatların həyata keçirilməsi, ölkədə qanunsuz silahların yayımının təşkil edilməsi, narkotik vasitələrin yayımının genişləndirilməsi xüsusilə də gənclərin və yeniyetmələrin,uşaqların çoxluq təşkil etdiyi müəssisələrdə narkotik vasitələri yayan şəbəkənin aktivləşdirilməsi Azərbaycanın  müxtəlif ölkələrdəki nümayəndəliklərində işləyən insanların  izlənməsi ,onların qorxudulması, Azərbaycan dövlətinin mənafeyinə uyğun fəaliyyətlərdən çəkindirmək üçün təzyiqlərin göstərilməsi v.s formalarda özünü göstərə bilər. Ona görə də İran dövlətindən gələcək  bütün terror və təxribat hallarının qarşısının alınması təkcə dövlətin işi kimi nəzərdən keçirilməməlidir.Doğrudur, bu sahədə əsas təşkilatçı və müqavimət qüvvəsi rolunda dövlət çıxış edir amma, bu işdə ictimaiyyətin, hər bir vətəndaşın  ayıq-sayıq olması və dövlətin təhlükəsizlik əsasların qorunması üçün özündən asılı olanı etməsi vacibdir. Bu gün  Azərbaycan qorxulu bir dövlətin terror təxribat mexanizması ilə üz-üzədir. Unutmayaq ki, bu mexanizma bir dövlət strukturu tərəfindən idarə olunur. Bu onun  təhlükəsini daha da artırır. Əlbəttə, ruhdan düşmək lazım deyil, Azərbaycan dövləti güclü dövlətdir. Dövlətin terror və təxribat kimi cinayətlərə qarşı mübarizə aparan strukturları lazımi  təcrübəyə və təminata malikdir. Ancaq, İranın da bu sahədə çox böyük xüsusi hazırlığa və uzun müddətli təcrübəyə malik olduğunu unutmaq olmaz".

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31