"Vətəndaşın dünyasını dəyişməsi rəsmi olaraq təsdiq edilsə də, müavinət verilmir"- ÖZƏL

"Bəzi sosial müavinətlər, yardımlar həddən artıq bürokratik əngəllərlə vətəndaşa verilir. Bu, süründürməçilikdən bezən bir çox vətəndaşlar pulu almaqdan əlini üzür. Əvvəllər körpə anadan olanda ödənilən birdəfəlik müavinəti bu cür yollarla "verirdilər". Minlərlə insan almaqdan imtina etmək məcburiyyətində qaldı. Müavinət vermək üçün çox sayda sənəd istəyirlər. İndi də bu hal ən çox birdəfəlik verilən dəfn pulu üçün baş verir. Vətəndaşın dünyasını dəyişməsi rəsmi olaraq təsdiq edilsə də, müavinət verilmir. Şəxs artıq dünyasını dəyişib. Ölüm kağızına baxaraq, bir gün ərzində pulu vermək mümkündür.  Pul cənazə sahibinə elə həmin günlərdə lazımdır. İmkansız  şəxslər var ki, yas mərasiminin xərclərini ödəyə bilmir. Borc alacaq qədər yaxını da yoxdur. Məclisi yola vermək üçün insanlara maddi yardım lazımdır. Bu lap toydan sonra nağara olur".

Bu sözləri Olaylar.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib.

"Müavinətin verilməsi prosesi həftələrlə, aylarla uzanacaqsa, heç verilməsə yaxşıdır. Hər şeyin elektron olduğu bir dövrdə bu qədər sənədin istənilməsi rəzalətdir. Hər hansı bir sənədi 1 dəqiqə ərzində də vemək mümkündür. Bu, sadəcə rüşvətə xidmət edən sistemdir. Dünyanın heç bir ölkəsində belə sistem qalmayıb. Bu kimi halların baş verməsi vətəndaşda qəzəb yaradır. Şəxsin dünyasını dəyişməsi faktı təsdiq edilibsə, cənazə varsa, 10 dəqiqə vaxt lazımdır ki, ödəniş edilsin. Anlamıram ki, burada başqa  nə proses olmalıdır ki, müavinət verilsin ?

Bu kimi məsələlər həll olunmalıdır. Hansı ki, ASAN xidmət təcrübəsində bunu görürük. İnsanlar rahat şəkildə sənədləşməni yerinə yetirməlidir. 15 gün ərzində 5-6 idarə arasında qalaraq yox".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31