Dövlət maraqlarının müdafiəsi hər bir vətəndaşın borcudur
16 Dekabr 2022 10:29 Sosialİstiqamət: ictimai və dövlət maraqlarının müdafiəsi
İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Çünki hər iki amil bütöv bir toplum üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim aktuallığını qoruyur. Cəmiyyətdə çoxluğun marağının üstün sayıldığı, fərdlərin rifahının ifadə olunduğu bir anlayış var ki, hərfi mənada bu ictimai maraqlar adlanır. Söhbət ictimai maraqlardan getdiyindən onun tanınması, təbliği və müdafiəsi müvafiq dövlət strukturları tərəfindən sığortalanır. Lakin müasir cəmiyyətlərdə bu məfhum daha geniş və çoxşaxəli anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malikdir. Nəzərə almaq lazımdır ki, fərdi maraqlar toplusu ictimai maraqların özətini təşkil edir, elə bu səbəbdən də bu iki anlayış əlaqəli şəkildə koordinasiya edilməlidir. İctimai maraqları nizamlayan və dəstək verən dövlət olduğundan ortaya dövlət maraqları da çıxır. Nəticədə müxtəlif təyinatlı ictimai birliklər və vətəndaş cəmiyyətləri hüquqi vasitələr hesabına ictimai marağın müdafiəsini həyata keçirirlər.
Qeyd edək ki, Azərbaycan dövləti bütün bəşəri dəyərlərə böyük məsuliyyət və tam ciddiliyi ilə yanaşır. Üstəlik həmin dəyərləri qoruyaraq təbliğ edir. Məhz bu səbəb
dən ölkəmizdə dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritet hesab olunur. Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Nəzərə alsaq ki, müasir Azərbaycan sosiumu intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur, o zaman əminliklə deyə bilərik ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış bir cəmiyyətdir. Yeri gəlmişkən xatırladaq ki, dövlət və cəmiyyət üçün ortaq maraqlar müəyyənləşdirildiyi və üst-üstə düşdüyü halda ideal cəmiyyətin formalaşması mümkün olur. Yalnız bu zaman dövlət və istimai maraqlar təmin edilmiş olur. Dövlət nümayəndələri ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmaslar, qarşılıqlı anlaşma nə qədər çox olarsa, o zaman ortaq maraqlar da bir o qədər artar. Azərbaycan Prezidenti İlham Əliyevin dönə-dönə vurğuladığı "Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır" fikirləri qeyd etdiyimiz məqamların məntiqi izahı kimi dəyərləndirilə bilər.
Elə Rusiya sülhməramlılarının nəzarətində olan Laçın-Şuşa yolunun bir hissəsində Azərbaycanlı ictimai fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri "Ekoloji terrora son" şüarı altında keçirdiyi etiraz aksiyası ictimai və dövlət maraqlarının müdafiəsinin bariz nümunəsidir. Xüsusi vurğulamaq lazımdır ki, maraq məfhumu ölkənin tarixindən, mədəniyyətindən, ənənələrindən, dəyərlərindən, siyasi və intellektual elitanın cəmiyyətindən ayrılmazdır. O özündə ölkənin coğrafi vəziyyətini, sərvətlərlə təminatını, əhalinin milli, irqi strukturunu, daxili dövlət quruluşunu da ehtiva edir. Məlumat üçün qeyd edək ki, 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatın bəzi müddəları hələ də yerinə yetirilməyib. Belə ki, razılaşmaya əsasən bölgədə yerləşdirilən Rusiya sülhməramlıları nəinki bəyənatın icrasını təmin etmir, hətta Azərbaycan tərəfinin öz ərazisində ekoloji monitorinq aparmasına maneə olur. 10 noyabr bəyənatına əsasən Rusiya sülhmərmalıları erməni silahlılarının Azərbaycan ərazisindən çıxarılmasını təmin etməli idi. Lakin fakt ondan ibarətdir ki, sülhməramlılar üzərlərinə düşən vəzifələri icra etmək əvəzinə ermənilərin silahlandırılması ilə məşğuldur. Bununla kifayətlənməyən Rüsiya sülhməramlıları hətta xarici şirkətlərin Azərbaycan ərazinidə ekoloji teror törətməsinə şərait yaradır. Bu kimi hallar nəzərə alınaraq İqtisadiyyat Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri bir neçə gün öncə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı monitorinq keçirmək qərarına gəliblər. Çox təssüf ki, erməni təxribatı nəticəsində bu istək baş tutmayıb. Sülhməramlıların Azərbaycana qarşı təxribatlara göz yumması haqlı olaraq ictimai və dövlət maraqlarının qorunması aktuallığını zəruri edib. Məhz bu amil nəzərə alınaraq Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəalı Şuşa şəhərinin girişində - Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı etiraz aksiyasına start veriblər. İctimai və dövlət maraqlarının qorunmasında kütləvi informasiya vasitələrinin, sosial şəbəkələrin və İKT-nin dövlət-cəmiyyət əlaqələrinə güclü təsirini nəzərə alınaraq sözügedən aksiyaya media subyektlərinin də nümayəndələri qoşulublar.
Belə məlum olur ki, ictimai və dövlət maraqlarının müdafiəsi məsələsində fərdlər, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin üzərinə konkret vəzifə düşür. Bu zaman dövlət qurumları, müxtəlif nazirliklər və yerli təşkilatlarla yanaşı, vətəndaşlar da informasiya məkanının nəhəng şəbəkəyə çevrildiyi bir zamanda dövlət maraqlarını müdafiə etməli və uca tutmalıdırlar. Məhz bu səbədən ölkəmizin hüquq-mühafizə orqanları və daxili qoşunların nümayəndələri aksiya iştirakçılarının təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir. Sərhədsiz mövqelərin və iddiaların arasında Azərbaycan həqiqətlərini tutarlı şəkildə təbliğ etmək dövlətlə bərabər cəmiyyətin hər bir üzvünün də məsuliyyəti deməkdir. Çünki əgər söhbət maraqların qarşılıqlı müdafiəsindən gedirsə, bu zaman ictimai marağı ön planda tutan, onu təmin edən və möhkəmləndirən dövlətin də marağını cəmiyyət üzvləri qorumalıdırlar. Başqa sözlə, hər bir Azərbaycan vətəndaşının həyatında, fəaliyyətində dövlət maraqlarının müdafiəsi üstünlük təşkil etməlidir. Hər bir vətəndaş siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. Bu, həm də ona görə vacibdir ki, dövlət maraqları müdafiə olunmadan ictimai maraqlar heç vaxt qoruna bilməz. Məhz aparılan təbliğatın nəticəsidir ki, Azərbaycan xalqı, ictimaiyyəti mənəviyyata, mənəvi dəyərlərə, dövlətə, onun atributlarına, simvollarına böyük sayğı göstərir. Dövlətimizin maraqlarına zidd olan, onun təhlükəsizliyini pozmağa yönələn, müstəqilliyinə qəsd etmək istəyən qüvvələrə qarşı Azərbaycan xalqı, ictimaiyyəti hər zaman mübarizə aparıb, bundan sonra da aparacaq. Bizim üçün dövlətimizin maraqlarının müdafiəsi vacibdir və bu, ictimai maraqlarımızın yaşaması deməkdir.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir