Qadın sahibkarlara dəstək veriləcək- ÖZƏL
15 Dekabr 2022 11:57 SosialRegionlarda, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bilik və bacarıqlarının artırılması, biznes planlarının hazırlanması, onların maliyyə resurslarına çıxışına dəstək verilməsi və bu kimi istiqamətlərdə zəruri tədbirlərin həyata keçirilməsinə KOBİA tərəfindən müvafiq dəstək göstəriləcək. "Olaylar" xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. Bildirib ki, bu gün iqtisadi və sosial inkişafın səmərəliliyinə nail olmaq, iqtisadi inkişaf və yüksəlişdən bəhrələnmək üçün qadınların mövcud potensial imkanlarından istifadə olunması mühüm əhəmiyyət kəsb edir: "Ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası"nda dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət üzrə qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşdırılması, iqtisadi fəallıqlarının artırılması istiqamətində strateji çərçivə müəyyən edilib. Qadınların özünəməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir. Ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla, KOBİA tərəfindən müvafiq tədbirlər həyata keçirilir. KOBİA işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına qadın sahibkarların da maraq göstərdiyini təqdirəlayiq hesab edir".