Gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyəsi prioritet istiqamətlərdəndir
9 Dekabr 2022 10:35 Sosialİstiqamət - gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
XXX
Əli İbrahimov: "Hər bir dövlətin əsas missiyasından biri gələcəyini etibar edəcəyi sağlam düşüncəli yeni nəslin yetişdirilməsidir"
Gənclər ölkə əhalisinin müəyyən bir hissəsini təşkil etdiyindən, eyni zamanda cəmiyyətin aparıcı qüvvəsi olub ictimai-siyasi proseslərin fəal iştirakçısı olduğundan onlarla hərtərəfli işləmək, gəncləri dövlətə, dövlətçiliyə bağlı, Vətənə məhəbbət hissi ilə böyütmək hər bir cəmiyyətin, dövlətin prioritet istiqamətidir. Bu birmənalı olaraq belə qəbul edilir ki, dövlətinə bağlı, Vətəninə sevgisi olmayan gənclərə gələcəyi etibar etmək olmaz.
Çox təqdirəlayiq haldır ki, Azərbaycanda bu sahədə vəziyyət bizləri qaneedici səviyyədədir. Düzdür, müstəqillik illərindən sonra zaman-zaman, ayrı-ayrı illərdə bu sahədə problemlər nəzərə çarpıb. Hətta bəzi hallarda sözügedən problem ən ciddi xarakter alıb, gənclər nəinki dövlətə, dövlətçiliyə bağlılıq nümayiş etdirib, Vətənə sevgi hissi ilə yaşayıblar, əksinə kənar təsirlərin, xarici qüvvələrin məkirli planları əsasında dövlətə, dövlətçiliyə, Vətənə zərbə vurmaqdan, onu sarsıltmaqdan belə çəkinməyiblər. Çox şükürlər olsun ki, artıq bu kimi problemlər arxada qalıb və Azərbaycan gənci bu gün sözün həqiqi mənasında dövlətinə, Vətəninə bağlı biri olaraq cəmiyyətdə fəal rol oynayır.
Təbii ki, bu müsbət tendensiyada dövlətin həyata keçirdiyi siyasət mühüm əhəmiyyət kəsb edir. Əgər dövlət, onun rəhbərliyi, müvafiq qurumları gənclər siyasətini doğru-düzgün qurmasa, bu siyasəti məqsədyönlü şəkildə həyata keçirməsə, o halda gələcəyin gənclərindən vətənpərvərlik gözləməyə dəyməz. Eyni zamanda belə gəncləri dövlət idarəçiliyinə də gətirmək olduqca təhlükəli olar. Çünki dövlətini, Vətənini sevməyən gənc hər hansı bir vəzifədə olduğu zaman fəaliyyəti ilə dövlətə, Vətənı ziyan vurmuş olacaq, ölkənin maraqlarını şəxsi maraqlara qurban verəcək.
.jpg)
Mövzu ilə əlaqədar fikirlərini bölüşən hüquqşünas Əli İbrahimov hesab edir ki, Azərbaycanda gənclərə yönəlik dövlət siyasəti çox uğurla həyata keçirilir və gənc nəsil bu siyasət nəticəsində dövlət qayğısı ilə əhatələnir. Eyni zamanda onlara olan dövlətin diqqəti də ildən-ilə artır. Əli İbrahimovun sözlərinə görə, mövcud olan bu situasiya da öz növbəsində gəncləri daha məsuliyyətli və məhsuldar olmağa, onları dövlətə, Vətənə məhəbbət hissi nümayiş etdirməyə sövq edir. Hüquqşünas deyir ki, u gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir: "Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Vacib məqamlardan biri də gənclərin sosial fəallığının artırılması, eyni zamanda onların bu baxımdan aktivliyinə töhfə verməkdən ibarətdir, cünki hər bir dövlətin əsas missiyasından biri gələcəyini etibar edəcəyi sağlam düşüncəli yeni nəslin yetişdirilməsidir". Əli İbrahimovun sözlərinə görə, Azərbaycan dövlətinin gənclər siyasətinin əsas məqsədi də gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakını artırmaq, ölkənin gələcək inkişafında məsuliyyətlərini yüksəltməkdir: "Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri çox böyük işlərə imza atırlar, cəmiyyətin inkişafında olduqca mühüm rol oynayırlar. Gənclərin fəallığı, onların bilikləri ölkəmizi gücləndirir. Aparılan siyasətin nəticəsidir ki, artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər. Bir sözlə, gənclərimizin sosial fəallığı olduqca yüksəkdir".
Əli İbrahimov onu da bildirib ki, bu gün gənclərin vətənpərvərlik və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyəsi prioritet istiqamətlərdəndir: "Bütövlükdə isə vətəndaşların sosial fəallığının artması cəmiyyətimizin inkişafına xidmət edir".
Hüquqşünas onu da deyib ki, bu gün Azərbaycan gənci tam mənada vətənpərvər olub dövlətinə bağlılıq nümayiş etdirsə də, lakin bu iş hər zaman sistemli şəkildə aparılmalı, gənclərin yad, xarici ünsürlərin təsir dairəsinə düşməsinin qarşısı ciddi şəkildə alınmalıdır: "Düzdür, hazırda belə bir ciddi problemimiz yoxdur və şükürlər olsun ki, hüquq-mühafizə orqanları sistemli olaraq bu kimi neqativ xarici dairələri zərərsizləşdirir, onların gənclərimizə yönəlik məkirli planlarının qarşısını alırlar. Ancaq bütün halda hər zaman ayıq-sayıq olmalı, gənclərimizi mənfi elementlərdən uzaq tutub onları dövlətə, Vətənə sevgi hissi ilə böyütməli, tərbiyə etməliyik".
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir