Balaca Fərmanın böyük uğurları

                         Dumanlı dağların başında durdum,

                         Dumannan özümə bir xeymə qurdum,

                         Keçdi xəyalımdan öz gözəl yurdum,

                         Dumanlar başında duman göründü.

Ustad xanəndəmiz, Xalq artisti, mərhum Əlibaba Məmmədovun bəstəsi olan bu təsnif 44 günlük Vətən savaşında canından keçən şəhid qardaşımız Xudayarın ifasında daha da sevildi. Dillər əzbərinə  çevrilən "Vətən yaxşıdır" bu gün rəsmi konsertlərdə, el şənliklərində ifa edilməkdədir.

Səsi və istedadı ilə yaşıdlarından fərqlənən Fərman Qəmbərovun bu mahnıya müraciət etməsi də təsadüfi deyil. Xudayarın könül çeşməsindən süzülüb gələn bu misralar Fərmanın sehirli səsi ilə daha da şirinləşir, müxtəlif tədbirlərdə, televiziya kanallarında dalğa-dalğa ətrafa yayılır...

Kimdir bu balaca qəhrəman? Gəlin onu yaxından tanıyaq.

Fərman Qəmbərov 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm kəndində anadan olub. Hazırda Binəqədi rayonu, Qorxmaz Baxşıyev adına 179 saylı tam orta məktəbin üçüncü sinfində təhsil alır. Məktəbin direktoru Bəyaz xanım Novruzova və sinif rəhbəri Ülviyyə xanım Fərman haqqında fəxrlə danışaraq onun uğuruna bütün məktəbin sevindiyini dilə gətirir. Fərman savadı və istedadı ilə yanaşı, ailədə aldığı gözəl tərbiyəsi ilə də hamının sevimlisinə çevrilib.   

Böyük babası tarzən, babası isə gitara ustası olan Fərmanı ailənin musiqi ənənəsini davam etdirmək üçün vətən uğrunda müharibədə mərdliklə döyüşən qazi dayısı Şövkət Ələkbərova adına 20 saylı musiqi məktəbinə tar sinfinə yazdırmaq üçün gətirir. Lakin, bir sinifdə vokal yerinin boş olduğu bildirilir. 

Vokal müəllimi Urfan Cəfərov Fərmanın ifasında "Xudayar təsnifi"ni eşidərkən onun səsini kəşf edir. Qeyd edək ki, ailədə Fərmanla yanaşı, onun bacısının da gözəl səsə malik olduğu deyilir. Fərman bu məktəbə qəbul imtahanı verərkən münsiflər heyətini də öz ifası ilə təəcübləndirir, onları heyran qoyur. İki ay ərzində məktəbdə yüksək nəticələr əldə edib, böyük uğurlara imza atan Fərman Qəmbərov "Mədəniyyət" televiziya kanalına da dəvət alır və qısa müddətdə öz yaşıdları arasında "Payız Əfsanələri" Respublika müsabiqəsində uğurla iştirak edir, üçüncü yeri tutmağa müvəffəq olur. Bununla da səsini, özünü təsdiqləyir. Bu uğurlarına görə onu təhsil aldığı orta məktəbdə gül-çiçəklə qarşılayırlar. Müəllimləri, dostları onu bir ifaçı kimi bəyəndiklərini, səsinin geniş imkanlara malik olduğunu söyləyirlər. Sevinci hədsiz olan Fərman təbriklərdən, xoş sözlərdən fərəhlənir. Bundan sonra geniş tamaşaçı auditoriyası qarşısında tez-tez çıxış etmək, oxuduğu mahnıları lentə yazdırmaq arzusuyla yaşayır. Balaca Fərman bu uğurlarla həm babasının, həm də ona dərs deyən müəllimlərin ümidlərini doğrultmağa çalışır. İnanırıq ki, onların Fərman haqqında inamla dedikləri xoş sözlər və parlaq gələcəyinə olan inam özünü doğruldacaq.

Onu ucaldan, xalqa tanıtdıran səsidir. Nə batar, nə də itər bu səs. Çünki sehrli, məlahətli, şirin səsdir. Bu səs əsl möcüzədir. Uğurlar olsun, Fərman! Səsini yaxın-uzaq ellərdən¸böyük səhnələrdən  eşidək!

                                     Mətanət ŞAMİLQIZI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31