Tibbi yardım maşınları nə üçün hadisə yerinə gecikir?- ÖZƏL
5 Dekabr 2022 12:17 Sosial"Son vaxtlar Bakıda təcili yardımla bağlı narazılıqlar artıb. Təcili yardım maşınları çox gec gəlir, yaxşı xidmət göstərmir. Vaxtından gec gəldiyi üçün ölüm hallarına da rast gəlinir. Bunun obyektiv və subyektiv səbəbləri var. Şəhərdə fasiləsiz tıxacların olması, bir çox yeni yaşayış sahələrində küçələrin adı, binaların nömrəsi yoxdur. Özbaşına tikililər var. Təcili yardım gələndə bilmir hansı binaya daxil olsun. Bunlar obyektiv səbəblərdir".
Bu sözləri Olaylar.az-a sosioloq Elçin Bayramlı deyib.
"Subyektiv səbəblər təcili yardım maşınlarının, briqadaların sayının az olmasıdır. 4-5 milyon əhalisi olan paytaxt üçün cəmi 139 tibbi yardım maşını çox azdır. Bu say 2-3 dəfə artırılmalıdır. Dərman təchizatı artırılmalıdır. Xəstə bir çox hallarda kritik vəziyyətdən çıxarıla bilmir. Təcili yardım maşınları ərazilərə görə bölünməlidir, stansiyada dayanmalı deyil. Uzaq məsafəyə tıxac olduğu üçün gedib çatmaq çətin olur.
Hər il dövlət büdcəsindən səhiyyə üçün büdcə ayrılır. Hər birimiz maaşımızda icbari tibbi sığorta üçün pul ödəyirik. Bu o deməkdir ki, bizim tibbi yardım almaq hüququmuz var. Və bu təmin olunmalıdır. Həkimlərin əməyini isə qiymətləndirmək lazımdır. Sayları az, işləri çoxdur. Fiziki və zehni olaraq yorulurlar. Bu da iş keyfiyyətini aşağı salır. Əmək haqqları da gördükləri işə görə azdır. Buna görə də çağırışa gedərkən məcbur qalıb pul götürürlər. İnsanların normal tibbi xidmət alması səviyyəsi aşağı düşüb".