Epileptik tutma zamanı ilk hansı yardım göstərilməlidir?
5 Dekabr 2022 11:42 Sosial"Epileptik tutma ağır travma ilə nəticələnə bilir. Xəstənin yanında olan insanlar müəyyən tədbirlər görməlidirlər ki, zədələnmənin qarşısı alınsın. İlk növbədə xəstə uzandırılmalıdır. Sərt və iti əşyalar xəstədən uşaqlaşdırılmalıdır. Başının altına balış və ya başqa yumşaq əşya qoyulmalıdır. Eynək taxılıbsa, onu çıxartmaq lazımdır". "Olaylar" xəbər verir ki, bunu nevroloq Kamran Salayev deyib. Bildirib ki, əsasən xəstəni boğulmaqdan qorumaq vacibdir: "Tutma zamanı tüpürcək boğaza düşüb, tənəffüs yollarını bağlayaraq nəfəsi poza bilir. Eyni şəkildə tutma zamanı xəstə qusarsa, o, boğula bilər. Bunun qabağını almaq üçün xəstəni yan üstə (sol və ya sağ tərəfə - fərqi yoxdur) çevirmək lazımdır. Mümkündürsə, başını da bir qədər çevirin ki, ağızı aşağı baxsın. Bütün kip bağlanmış paltarlar və aksesuarlar boşalmalıdır: qalstuk, köynəyin yaxası, kəmər və s. Ağız boşluğuna barmağı və ya hər hansı əşyanı salmaq məsləhət görülmür. Tez-tez belə olur ki, xəstənin yaxınları "xəstənin dili qatlanıb, ağzı kilidlənib və o boğula bilər" deyə düşünürlər və barmaq, qaşıqla dişlərini aralamağa çalışırlar. Lakin dilini tutmaq məqsədilə ağzı açmaq cəhdləri dişin sınmasına (və ya dişdəki plombun düşməsinə) gətirib çıxara bilər və dişin parçası boğaza gedə bilər. Bu isə artıq boğulma təhlükəsini yaradır. Bundan əlavə, ağız boşluğuna qaşıq kimi əşyaları salmaqla xəstəni süni şəkildə qusdurmaq olar. Nəticədə xəstə boğula bilər və ya sonra onda sətəlcəm başlaya bilər. Xəstə yan üstə uzadılıb üzü aşağı çevrilibsə, onun dili "qatlanmaz". Tutma zamanı xəstə öz dilini dişləyə bilər. Bu zaman dişləri aralamaq olar ki, dil boşalsın. Tutma zamanı xəstənin şüurunu itirib-itirməməyini öyrənmək lazımdır, çünki bu məlumat həkim üçün vacibdir. Yoxlamaq üçün sadə əmrləri ("Sağ əlini qaldır!") və sualları ("Adın nədir?", "Neçə yaşın var?") verilməlidir".