"Zorakılığa qarşı mübarizə ildə 16 gün yox, hər gün aparılmalıdır" - Əməkdar jurnalist - ÖZƏL
3 Dekabr 2022 18:33 SosialBMT Baş Assambleyasının qərarı ilə 1999-cu ildə 25 noyabr Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edilib. Dünyanın bu problemə diqqətini cəlb etmək üçün hər il noyabrın 25-dən dekabrın 10-na qədər gender əsaslı zorakılığa qarşı 16 günlük kampaniya davam edir. Kampaniyanın əsas məqsədi qadın və qızlara qarşı zorakılıq məsələlərinə dair maarifləndirmə işləri aparmaq və insanları bu problemə qarşı mübarizəyə səfərbər etməkdir. Ölkəmizdə hər il olduğu kimi hazırda da Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ənənəvi "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyasını davam etdirir. Mövzu ilə bağlı bir neçə fəal ictimaiyyət nümayəndələrinin fikirlərini öyrəndik.
AQSİA-nın İcraçı katibi, teleaparıcı, Əməkdar jurnalist Mətanət Ağamirli "Olaylar"ın sualına cavab olaraq bildirib ki, qadınlara qarşı zorakılıqla mübarizə hər gün aparılmalıdır:
"Çünki qadına qarşı zorakılıq uşaqlara, ailələrə, cəmiyyətə zorakılıq, şiddət deməkdir. Təəssüf ki, bu gün də qadına, qıza zorakılıq dünya gündəmindədir. Demək ki, dünya yenə köhnə dünyadır. Məncə, ildə 16 gün kampaniya çərçivəsində tədbirlər, görüşlər, maarifləndirici proqramlar həyata keçirmək məsələnin həlli demək deyil. Əgər belə olmasaydı, 20 il sonra biz eyni şüarlarla kampaniyanı müzakirə etməzdik".
Əməkdar jurnalist bildirib ki, 10-15 il öncə televiziya layihələrində qadın mövzusu ilə bağlı araşdırmalar apardığı zaman şahidi olduğu şiddət, zorakılıq, aqressiya, haqsızlıq halları yenə də mövcuddur. Bu qədər genişmiqyaslı layihələr həyata keçirildiyi halda, eyni problemlərin illərlə davam etməsinin tək bir adı var - o da savadsızlıq, cahillikdir: "Bilik, təhsil, dünyagörüşü çox vacibdir. Amma biz hamımız təhsilli insanların da qadın həyatına son qoymasının az şahidi olmamışıq. Hesab edirəm ki, insanların təhsillə yanaşı, maddi dünyası ilə yanşı mənəvi dünyası da aydınlanmalı, inkişaf etməlidir. Mənəvi dünyası işıqlı olan insan təhsilindən, savadından, kasıbından-dövlətindən asılı olmayaraq cinsi ayrıseçkiliyə yol verməyəcək, qadına-qıza amansız olmayacaq. Tarixin bütün mərhələlərində müzakirə edilən mövzunun eybəcərlikləri yaşanılıb, bu gün də davam edir. 20 il öncə də bölgələrdə azyaşlı qızların məktəbdən uzaqlaşdırılıb ərə verilməsini, gəlinlərin qayınana-ər əzabına dözməyə məcbur edilməsini, bir sözlə fiziki və mənəvi terrora məruz qalmasını müşahidə edirdik, bu gün də şahidiyik. Qadınların hüquqlarının qorunması üçün beynəlxalq konvensiyalar, Gender bərabərliyi, kifayət qədər qanunvericilik bazası da mövcudur, zorakılıq və hüquq pozuntusu da! Bu ziddiyyətin, rəzalətin, qadına zorakılığın tək səbəbi cahillik və cəhalətdir. Cəhalətin qorxusu da qadındır. Çünki qadının öyrənməsi uşaqların, nəsillərin, toplumun öyrənməsi, dəyişməsi deməkdir. Bu isə təbii ki, bütün dünya üçün arzuedilən ola bilməz".
Həmsöhbətimiz əlavə edib ki, əslində XXI əsr dünyasında cinsi ayrıseçkiliyə, qadın zorakılığına yer olmamalıdr. Çünki bütün dünya inkişafı ilə qürrələnir. Amma unudulur ki, inkişaf təkcə diplom, bahalı həyat tərzi, dəbdəbəli ev, brend əşyalar demək deyil...
Unudulur ki, cahilliyə qalib gələ biləcək yeganə güc daxili aləmin oyanması, işıqlanmasıdır. Bir sözlə, bu gün ruhumuzun, mənəvi dünyamızın inkişafına ehtiyac var. Artıq iç dünyanın, ruh inkişafının yollarının təbliği, bir sözlə insanların bəsirət gözlərinin açılması zamanıdır.