Dərsdən sonra təşkil olunan qruplar bərpa edilməlidir - ÖZƏL
2 Dekabr 2022 19:08 Sosial"Sovet təhsil sistemində orta ümumtəhsil müəssisələrində dərs saatı bitdikdən sonra təşkil olunan hazırlıq qrupları yenidən bərpa edilməlidir".
Bu fikirləri "OLAYLAR"-a "Təhsilə Dəstək və Gənclərin Maarifləndirilməsi" İctimai Birliyinin sədri Ruhiyyə Mehdiyeva səsləndirib.
İctimai Birlik sədri deyib ki, bu bir neçə cəhətdən faydalı ola bilər:
"Öncəliklə onu qeyd edim ki, bununla Sovet təhsil sisteminə qayıdılmasını istəmirəm və bu təklif yalnış anlaşılmasın. Sadəcə hesab edirəm ki, hazırlıq qruplarının bərpası həm şagirdlərin vaxt itkisinin qarşısını alar, həm də onların təhsilə olan marağını artırar, ümumilikdə ölkədə təhsilin səviyyəsinin yüksəlməsinə gətirib çıxarar. Digər tərəfdən hər birimizə məlumdur ki, orta ümumtəhsil müəssisələrində dərslərin bitmə vaxtı əsasən günün pik saatlarına təsadüf edir və həmin vaxt şəhərdə ciddi sıxlıq yaranır. Əksəriyyət şagirdin məktəbə aparılıb gətirilməsi üçün sürücü xidmətindən istifadə olunur və paytaxt küçələrində dəhşətli dərəcədə avtomobil sıxlığı yaranır. Qeyd etdiyim amil paytaxtda tıxacın aradan qaldırılmasına ciddi təsir göstərməsə də, hər halda bir köməklik ola bilər. Ən əsası dediyim kimi, bu qrupların yenidən bərpası təhsil səviyyəsinin yüksəlməsinə gətirib çıxarar".
İctimai Birlik sədri onu da bildirib ki, bəzi məktəblərdə hazırlıq qrupuna bənzər qruplar təşkil edilsə də, lakin bu tam deyil və bu prosesin bütün ümumtəhsil müəssisələrini əhatə etməsi məqsədəuyğundur: "Ancaq bir şərtlə ki, hazırlıq qruplarında da həqiqətən şagirdlərə dərs keçirilsin, bu işə ötəri, vaxt yola vermək kimi baxılmasın. Düzdür, deyə bilərlər ki, dərs saatı günorta başlayan məktəblərdə bu necə tənzimlənəcək. Düşünürəm ki, dərs saatı günorta başlayan məktəblər o qədər də çox deyil və həmin məktəbin şagirdləri də dərsdən bir neçə saat əvvəl gəlib ev tapşırıqlarını, əlavə bilgilər əldə etməyi gerçəkləşdirə bilərlər".