Deputat şəhid anası ilə görüşüb - ÖZƏL

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisdə Silahlı Qüvvələrin zabiti, Vətən müharibəsi şəhidi Sənan Kərimovun anası Ətrabə Şərif qızı Kərimova ilə görüşüb. "Olaylar" xıbır verir ki, Şəhidin anası ilə ətraflı söhbət edən Komitə sədri, onun ürək sözlərini dinləyib, rəşadətli zabitin həyat və döyüş yolu ilə, ailənin qayğıları ilə yaxından maraqlanıb. Q.Paşayeva Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından söz açıb, bu diqqət-qayğının hər bir Millət vəkili, hər bir dövlət qulluqçusu üçün də əsil örnək olduğunu deyib. Komitə sədri şəhid ailələri ilə hər bir görüşün onun üçün unudulmaz, doğma görüş olduğunu bildirib, şəhid zabitin əziz ruhuna dərin ehtiramını yetirib.

Qeyd edək ki, Sənan Rəhman oğlu Kərimov (29 mart 1991, Ağdam r.- 07 oktyabr 2020, Cəbrayıl r.) 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyub. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indi Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitut) ali təhsil alıb. Sənan Kərimov 2016-cı ilin Aprel Döyüşlərində də iştirak edib. Azərbaycan Ordusunun zabiti olan Sənan Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Şəhid Sənan Kərimov Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn olunub.

Düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirən Sənan Kərimov Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib. Şəhid zabitimiz həmçinin "Vətən uğrunda" (15.12.2020), "Cəbrayılın azad olunmasına görə" (24.12.2020), "Füzulinin azad olunmasına görə" (24.12.2020) medalları ilə təltif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31