Qənirə Paşayeva şəhid Firuz Əhmədovun xanımı ilə görüşüb - ÖZƏL

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin iştirakçısı, bu ilin sentyabrında Kəlbəcərdə şəhid olmuş Firuz Əhmədovun həyat yoldaşı Ayşən Əhmədova ilə görüşüb. "Olaylar" xəbər verir ki, Şəhidin xanımı ilə ətraflı söhbət edən Komitə sədri, onun ürək sözlərini dinləyib, fədakar hərbçimizin həyat və döyüş yolu ilə, ailənin qayğıları ilə yaxından maraqlanıb. Q.Paşayeva Azərbaycan Respublikası ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından söz açıb, bu diqqət-qayğının hər bir Millət vəkili, hər bir dövlət qulluqçusu üçün də əsil örnək olduğunu deyib.Komitə sədri şəhid ailələri ilə hər bir görüşün onun üçün unudulmaz, doğma görüş olduğunu bildirib, şəhid baş gizirin əziz ruhuna dərin ehtiramını yetirib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin baş giziri olmuş Firuz Məzahir oğlu Əhmədov (09 dekabr 1985, Tovuz - 12 sentyabr 2022, Kəlbəcər) 44 günlük müharibədə Murovdağ, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı", 3-cü dərəcəli "Rəşadət" ordenləri ilə, "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. Firuz Əhmədov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı qəhrəmancasına şəhid olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31