Azərbaycanda uşaqpulunun verilməməsinə səbəb nədir?
25 Noyabr 2022 10:52 SosialUzun müddətdir ki, Azərbaycanda uşaqpulunun verilməsi ilə bağlı müzakirələr edilir. Ayrı-ayrı ictimai xadimlər və siyasi partiyalar bununla bağlı yanaşmalarını açıqlayırlar. Amma təəssüf ki, ölkəmizdə uşaq pulunun bərpası hələ ki, sadəcə təklif olaraq qalmaqdadır.
Dünyanın əksər ölkəsində aylıq uşaq pulu və doğuşa görə birdəfəlik sosial müavinət verilir. Azərbaycanda isə, bir dəfə verilən bu pul o qədər azdır ki, heç körpənin bir aylıq bezinin xərcini belə ödəmir.
Məsələn, qonşu Rusiyada bu məbləğ 400 dollardan artıqdır. Ailədə uşaqların sayı artdıqca bu pulun da həcmi artır. Ukraynada ailədəki birinci uşağa görə ödənilən məbləğ 1800 dollardır. Uşaqların sayı artdıqca müavinətin məbləği də iki dəfə artır. Avropada bu məbləğ daha yüksəkdir. Britaniya vətəndaşı olan uşaqlara hökumət ayda təxminən 150 funt sterlinq pul ayırır. Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro müavinət verilir. Avstriyada birinci uşağın 10 yaşına qədər ailə hər ay 130 avro, 19 yaşına qədər 153 avro, ikinci uşağa görə müvafiq olaraq 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət alır. Almaniyada 3 yaşına qədər hər bir uşağa ayda 270 avro pul verilir. Fransada isə hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Belə ki, birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır.
Bəs bizim büdcəmizdən niyə ailələrə maliyyə ayrılmır ?

Sosioloq Elçin Bayramlı deyir ki, bizdən dəfələrlə yoxsul ölkələrdə, hətta Ermənistanda belə uşaqpulu verilir:
"Uşaqpulunun ödənilməsi məsələsi ilə bağlı təkliflər çox uzun illərdir ki, gündəmdədir. Sovet dövründə belə bir ödəniş var idi, birdəfəlik və ya aylıq. Amma sonra ləğv olundu və indiyə qədər də bunun yenidən bərpa olunması barədə heç bir irəliləyiş yoxdur.
Hökümətin bu barədə bəhanələri tamamilə əsassızdır. Son real rəsmi statistika göstərir ki, hər min qadına düşən doğum faizi, ümumiyyətlə əhalinin artımı, uşaqların xüsusi çəkisi son dərəcə -dəfələrlə azalıb. Yəni, biruşaqlı ailə modelinə keçid başlayıb. Bu milli genofond, demokratik vəziyyət üçün son dərəcə təhlükəli bir tendensiyadır. Bu müavinətin verilməsi zəruri və vacib, həyati əhəmiyyətlidir. Söhbət təkcə uşaqların artmasından, doğumun sayından getmir. Elə mövcud uşaqların saxlanma xərcləri də əksər ailələrdə ödənilmir. Ən azı bu uşaqpulu uşaqların sağlam böyüməsi üçündür. Bəziləri bunu səhv başa düşür. Deyir ki, onsuz da əhalimiz artır, əgər uşaqpulu verilsə, daha çox artacaq. Xeyr, veriləcək uşaqpulu mövcud uşaqların saxlanmasının heç 30%-ni belə təmin etmir. Bu sadəcə uşaqların sağlam böyüməsinə dövlət tərəfindən əlavə bir dəstək olar. Məqsəd bu olmalıdır, məqsəd o deyil ki, uşaq sayı artsın. Ola bilsin ki, artsın. Bu da bir qədər vacibdir, onsuz da bizdə azalma gedir. Amma əgər uşaqların saxlanması mümkün olsa, normal ailələr olacaq. Heç olmazsa, 2-3 uşaqlı ailələr formasında qalarıq. Yəni, bir millətin, cəmiyyətin yaşaması üçün əslində ailədə elmi faktlara görə, minimum üç uşaq olmalıdır. Ən pis halda minimum üç uşaq olmalıdır. Əks halda bir, ya iki uşaq olanda, o millət tədricən yoxa çıxır. Əhalinin qocalması baş verir, neçə onilliklər sonra ümumiyyətlə millət kimi silinib gedirik. Ona görə də uşaqpulunun verilməsi vacibdir. Həm normal ailə modelinin saxlanılması, həm uşaqların sağlam böyüdülməsi üçün.
Qaldı ki bunun üçün mənbələr kifayət qədərdir, lazım olandan on dəfələrlə çoxdur. Təkcə gələn ilin dövlət büdcəsində bu ilə nisbətən altı milyard manat əlavə vəsaitin gəlişi nəzərdə tutulur. Uşaqpulu ödənişi isə bir neçə yüz milyondan söhbət gedə bilər. Yəni, neft, qazın artması ilə bağlı əlavə vəsaitin onda biri belə bura yönəldilə bilər.
Məsələnin digər tərəfi, uşaqpulu bütün uşaqlara verilməlidirmi? Xeyr, mən bununla razı deyiləm, heç də bütün ailələrə verilməməlidir. Bu aztəminatlı və ortatəminatlı ailələrə verilə bilər. Yəni, milyonerlərin, iri məmurların, yüksək təminatlı ailələrin uşaqlarına uşaqpulu verilməsi düzgün deyil, heç onlar özləri də bunu istəməzlər, istəmirlər də.
Dövlət sosial siyasət yürütməlidir. Sosial nədir? Təminatı az olan insanların həyat şəraitini normallaşdırmaq. Yəni, məlumdur ki, yoxsulluq həddi 200 manat idi, indi 240 manat nəzərdə tutulur. Bu o deməkdir ki, beş nəfərlik ailə üçün 1200-1300 manat civarında pul lazımdır. Mövcud ailələrin də ən pis halda 80-90%-nə bu pul daxil olmur. Bu o deməkdir ki, əhalinin elə 80-90%-i yoxsulluq həddində yaşayır. Dünya ölkələrində insan inkişafı indeksinə görə meyarlardan biri uşaq yoxsulluğudur. Əgər sağlam gələcək istəyiriksə, uşaq yoxsulluğunun aradan qaldırılması üçün uşaqları heç olmazsa, yaşayış minimumu həddində (hazırda bu rəqəm rəsmi olaraq 200-dən çoxdur) kompensasiya etməliyik. Gəliri az olan, aztəminatlı, çoxuşaqlı ailələrə ən azından ilkin mərhələdə heç olmazsa, 2-3 və daha çox uşağı olan, ailə gəliri adam başına 250 manatdan az olanlara uşaq pulu ödənilməlidir. Lazımi maliyyə ehtiyatları var, tələb var, zərurət var. Yəni, bunun verilməməsi üçün zərrə qədər də bəhanə və əsas yoxdur. Əksinə, verilməsi üçün yüzlərlə əsas var.
Mətbuatda, parlamentdə dəfələrlə ictimai şəxslər tərəfindən məsələ qaldırılır. Amma ortada bir reaksiya yoxdur. Bunu da hökümət heç cürə əsaslandıra bilmir. Mən hələ indiyə qədər sanballı arqumentlər görməmişəm, hamısı ucuz bəhanələrdir. Hansı ki, bir neçə saniyə sonra faktlarla, rəsmi statistika tərəfindən təkzib olunur və aydın şəkildə dövlətin özü rəsmi olaraq öz rəqəmləri ilə deyir ki, bəli, ailələrin və uşaqların əksəriyyətinin vəziyyəti ağırdır və onlara uşaqpulu verilməsinə ehtiyac var. Ehtiyac var, maliyyə mənbəyi on dəfə artıq var, hansı səbəbdən verilmir, bu artıq onların verə biləcəyi cavabdır. Biz strateji rezervləri yığmışıq, guya sağlam gələcək üçün və iqtisadi gəlirlərimiz də xalqın sağlam gələcəyi üçündür, olmalıdır. Amma hazırkı vəziyyət sağlam gələcəkdən danışmağa heç bir əsas vermir. O vaxt uşaqpulu lazım olmazdı ki, ölkədə işsizlik olmazdı, ölkə maaşları dünya ortalamasından yüksək olardı və əhalinin yoxsulluq həddindən yuxarıda yaşayardı hamısı, uşaqlara da adam başına düşən məbləğ, ehtiyac meyarından yüksək olardı. Belə halda ehtiyac olmazdı, amma əksinədir. Deməli, mütləq zərurətdir. Sadəcə ictimai təpki yoxdur, tələb mütəşəkkil deyil. Müxtəlif fikirlər səsləndirilir, ya biz sosioloqlar tərəfindən, ya da siz jurnalistlər tərəfindən, bunlar da qulaq ardına vurulur. Amma lazımdır ki, ictimai tələb, sosial sifariş olsun. Amma təəssüf ki, biz onu görmürük, çox az görürük. Hamı öz-özünə danışır, hardasa söylənir. Amma ictimai platformalarda bununla bağlı kütləvi məsələ qaldırılmır.
Bunun üçün hazırda çox yaxşı imkan var. Gələn ilin büdcəsində artım, həddən artıq böyük gəlirlər var və artıq heç bir bəhanə qalmır. Statistika da göstərir ki, son on ildə doğum halları dörd dəfə aşağı düşüb və əhalinin qocalması gedir. Bir uşaqlı ailələrin sayı artıq həddindən artıq çoxalıb. Bu faktlar artıq real şəkildə onu göstərir ki, məcburi qaydada uşaqpulunun verilməsi vacibdir. Yəni, bununla bağlı zərrə qədər də əks arqument yoxdur. Arzu edərdim ki, jurnalistlər bununla bağlı davamlı şəkildə deputatlardan, müvafiq dövlət orqanlarından açıqlama, ciddi əsaslandırma, dünya ölkələrindən müqayisə tələb etsinlər. Hətta bizdən dəfələrlə yoxsul ölkələrdə və bizdən nisbətən iqtisadi, sosial cəhətdən yaxşı olan belə uşaqpulu verilir. Demək belə çıxır ki, biz onlardan aşağı vəziyyətdəyik. Mən bildiyimə görə, Ermənistanda da aylıq uşaqpulu verilir. Biz iqtisadi cəhətdən Ermənistandan dəfələrlə güclüyük və bu müqayisə bizim üçün ayıb olardı. Ona görə də, ən azı gələn il üçün bu məsələ həllini tapmalıdır".
Göründüyü kimi, uşaqpulu elə məbləğdə olmalıdır ki, gənc ailələri daha çox ailədə uşağa sahib olmağa stimullaşdıra bilsin. Etiraf etmək lazımdır ki, əvvəlki illərdən fərqli olaraq Azərbaycanda 2 uşaqlı ailələrin sayı minimuma enib. Eyni zamanda ailələrin çoxunda uşaqların sayı 1 və ya 2-dir. Valideynlər isə dünyaya çox uşaq gətirməklə dünyaya gətirdikləri uşağın təlim-tərbiyəsi, gələcəyi, təhsili, təminatı arasında seçim etmək məcburiyyətindədirlər. Ona görə də sağlam və uzunömürlü nəsil üçün bu problem tezliklə həll olunmalıdır.
Röyalə Xəyal